2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şükürova Ülviyyə Məmməd qızı 2024-cü il avqustun 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/64 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Namizəd Ü.M.Şükürova şikayətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyinin qeydə alınması üçün imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmiş, namizəd tərəfindən gəlirlərin miqdarı və mənbəyi haqqında düzgün məlumat verməməsi səbəbindən onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədin qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatlar müvafiq seçki sənədində düzgün göstərilməmişdir.
Araşdırma ilə əlaqədar namizəd Ü.M.Şükürova tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 7 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd Ü.M.Şükürova Seçki Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq hər iki iş yerindən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək olan dövr üçün gəlirlərinin illik cəmi barədə arayışı dairə seçki komissiyasına təqdim etsə də, “Namizədin gəlirlərinin miqdarı və mənbələri haqqında məlumat” blankında bu barədə qeyd aparılmamışdır.
Namizədin tələb olunan illik gəliri barədə məlumatlar rəsmi qaydada təqdim edildiyindən müvafiq seçki sənədində həmin məlumatların göstərilməməsi qeydə alınmadan imtina olunması üçün əsas kimi götürülə bilməz.
Beləliklə, müraciətin təmin edilməsi, Ü.M.Şükürovanın namizəd kimi qeydə alınmasından imtinaya dair 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/64 saylı qərarının ləğv edilməsi və onun namizədliyinin həmin seçki dairəsi üzrə qeydə alınması üçün hüquqi əsas yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şükürova Ülviyyə Məmməd qızının 7 avqust 2024-cü il tarixli 13 saylı şikayəti təmin edilsin, həmin dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/64 saylı Qərarı ləğv edilsin.
2. 24 saylı Nizami birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Şükürova Ülviyyə Məmməd qızının həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov