Paris - 2024 Yay Olimpiya Oyunları
İdman

Paris - 2024 Yay Olimpiya Oyunları

Sərbəst güləşçimiz bürünc medal qazandı

Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal uğrunda mübarizə aparıb. 125 kq çəki dərəcəsində yer alan idmançımız Polşa təmsilçisi Robert Barana 9:3 hesabla qalib gələrək ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Bununla da Azərbaycanın Paris Olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Gimnastlarımızdan tarixi nəticə

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası "Paris-2024"də dünən final çıxışlarını nümayiş etdirib. Adını dünyanın ən güclü 8 komandası arasına yazdıran millimiz final mərhələsini 5-ci sırada başa vurub.

Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar.

Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Olimpiadada ən yaxşı performansı olub.

Növbəti olimpiadada qızıl medal qazanacağam

Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib ki, döyüş istədiyim kimi alınmadı. Mənim günüm deyildi. Ona görə qızıl medal qazana bilmədim.

92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı rəqibinin çox güclü olduğunu bildirib. Döyüşdən əvvəl onu analiz edib, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi. Uduzmağıma görə hər hansı bəhanə ola bilməz. Heç vaxt bəhanələr axtarmamışam. Elə bir idmançıyam ki, uduzanda nəticəni olduğu kimi qəbul edirəm. Heç bir təzyiq yox idi. Əldə etdiyim nəticəni uğurlu sayıram. Tarix yazdım. Ardıcıl ikinci dəfə Olimpiadada medal qazanan boksçu oldum. Hər kəsə təşəkkür edirəm. Medala görə xoşbəxtəm, amma qızıl olmasını istəyirdim. Söz verirəm ki, Los-Anceles-2028-də çempionluq üçün çalışacağam. Əlbəttə, hamı qələbə qazanmaq istəyir. Mənim qismətimdə gümüş imiş. Finala kimi hər döyüşdən sonra Allaha şükür edirdim. Bu gün də məğlub olmağıma baxmayaraq, Tanrıya dua edəcəyəm ki, gümüş medal qazandım və məni medalsız qoymadı.

İdmançımız bürünc medal uğrunda görüşə çıxacaq

Güləş yarışlarının yarımfinal mərhələsində mübarizə aparan Maqomedxan Maqomedov (97 kq) növbəti dəfə döşək üzərinə çıxıb.

Onun budəfəki rəqibi gürcüstanlı Gigi Maçaraşvili olub və 0:5 hesabı ilə məğlub olan idmançımız finala vəsiqə qazana bilməyib.

O, bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Hacı Əliyev 1/4 finalda məğlub oldu

Ü çqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev sərbəst güləş üzrə yarışda 1/4 final mərhələsində Macarıstan təmsilçisi İsmayıl Musukayevlə qarşılaşmada məğlub olub - 10:3.

Azərbaycanlı hakim final görüşünü idarə edib

XXXIII Yay Olimpiya Oyunlarında idmançılarımızla yanaşı güləş idman növü üzrə yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev də təmsil edir.

Ötən gün 87 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Semyon Novikovla iranlı Əlirza Məhəmmədpiani arasında keçirilən final qarşılaşmasının idarə olunması həmyerlimiz Asif Şirəliyevə həvalə olunub.

Şirəliyevin idarə etdiyi yarış bolqarıstanlı idmançının qələbəsi ilə başa çatıb.

Paris-2024-də növbəti biabırçılıq

Qalmaqal 92 kq çəkidə mübarizə aparan kişi boksçuların mükafatlandırılması zamanı baş verib. Belə ki, təşkilatçılar növbəti xətaya yol veriblər.

Mükafatlandırmada təmsilçimiz gümüş, özbəkistanlı Lazizbek Mullajonov qızıl, ispaniyalı Enmanuel Reyes Pla və tacikistanlı Davlat Boltayev bürünc medal alıb.

Mükafatlandırma zamanı isə zalda Özbəkistan, Azərbaycan, İspaniya və Tailand bayraqları qaldırılıb. Təşkilatçılar Asiya ölkələri Tacikistanla Tailandı səhv salıblar.

Qeyd edək ki, Alfonso bu çəkidə gümüş medalın sahibi olub.

Amerikalı idmançı yıxılıb tramplinə dəydi

Y ay Olimpiya Oyunları çərçivəsində keçirilən suyatullanma yarışlarında iştirak edən amerikalı Alison Gibson yarış zamanı uğursuzluqla üzləşərək qadınlar arasında üç metrlik hündürlükdən tullanmanın ilkin raundu zamanı yıxılıb və ayaqları bükülmüş vəziyyətdə tramplinə çırpılıb.

Türkiyə millisi üçüncülük matçında məğlub olub

Voleybol yarışlarının bürünc medalçısı bəlli olub. Üçüncülük matçında Türkiyə yığması Braziliya ilə qarşılaşıb.

Rəqibinə 1:3 (21:25, 20:27, 25:22, 15:25) hesabı ilə məğlub olan türklər Olimpiadanı dördüncü pillədə başa vurub.

BOK Paris Olimpiadasından narazılığını bildirib

Paris Olimpiadasının Təşkilat Komitəsi oyunların təşkilində uğur qazansa da, hər şey mükəmməl olmayıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında Oyunlara hazırlıq üzrə koordinasiya komissiyasının rəhbəri Pyer-Olivye Bekers-Vyejan bildirib: "Əlbəttə, biz etiraf edirik ki, açığı, hər şey mükəmməl deyildi. Hətta tam hazırlıq və sınaq yarışları keçirilsə də, Oyunlar başlayan kimi bəzi planlar istər-istəməz düzəlişlər tələb edirdi. Bu düzəlişlər, məsələn, nəqliyyat məsələlərində və ya istirahət zonasında baş verdi, bəzi tətbiqlər, əlbəttə ki, hamınızın bildiyiniz kimi, planlaşdırıldığı kimi işləmədi".

Fransada Sena çayında problemlər ara vermir

Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan dörd almaniyalı idmançıdan üçünün səhhətində problemlər yaranıb.

Bildirilir ki, Almaniyanın iki üzgüçüsü ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıblar. Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.

M.NƏRİMANOĞLU,

"Respublika".