ABŞ-DA İQTİSADİ TƏNƏZZÜL HARRİSİN PLANLARINA SON QOYA BİLƏR
ABŞ iqtisadiyyatında iqtisadi artımın azalması vitse-prezident Kamala Harris üçün çox pis xəbərlərə bir işarədir. Belə ki, iqtisadiyyatda tənəzzül və hətta yavaşlama onun “prezidentlik” planlarına son qoya və müvafiq olaraq Donald Trampa kömək edə bilər. Bu fikirlər “The Economist” nəşrində dərc edilən məqalədə öz əksini tapıb.
Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ iqtisadiyyatı hələ tənəzzül dövrünə girməyib, lakin onun artımı səngiyib və bu, prezidentliyə namizəd Harrisə qarşı, Trampın isə xeyirinə olan məqamdır.
Bununla yanaşı, nəşrdə bildirilir ki, bir çox investorlar Amerika iqtisadiyyatının tezliklə tənəzzülə qərq olacağından narahatdırlar. Bədbin proqnozlar üçün səbəblər isə çoxdur. Məsələn, işsizlik səviyyəsi ilə bağlı yaxınlarda açıqlanan məlumatları göstərmək olar.
Eyni zamanda, məqalədə vurğulanır ki, iqtisadiyyatın yaxın üç aydakı “davranışı” ABŞ Demokratlar Partiyasının nümayəndələrinin noyabr seçkilərində uğur qazanmaq şanslarını müəyyən edəcək.
Aİ MACARISTANIN VİZA SİYASƏTİNƏ TƏSİR EDƏ BİLMƏYƏCƏK
Avropa İttifaqı Macarıstanın Rusiya və Belarus vətəndaşlarına ikiillik vizalar verməsini dayandırmaq üçün Budapeştə çətin ki, təzyiq göstərə bilsin. Bu barədə “Trend” agentliyi məlumat yayıb.
“Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir. Bu səbəbdən rəsmi Brüsselin Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq etməsi çətin məsələdir”, - deyə açıqlamada qeyd olunub.
Bildirilir ki, nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının viza siyasəti məsələlərində Macarıstana həqiqətən təsir etmək imkanı yoxdur.
Xatırladaq ki, Macarıstan Rusiya və Belarus vətəndaşları da daxil olmaqla, uzunmüddətli vizaların alınması üçün tələbləri yumşaltmaq qərarına gəlib. İyulun 30-da Avropa Komissiyası Macarıstandan bu addımla bağlı izahat tələb edib.
Eyni zamanda, Latviya prezidenti Edqars Rinkeviç Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbi ilə çıxış edib. İndi Avropa Komissiyası Rusiya və Belarus vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğusuna Budapeştdən cavab gözləyir.
ABŞ TERAKTIN QARŞISINI ALMAQ ÜÇÜN AVSTRİYAYA MƏLUMAT ÖTÜRÜB
ABŞ administrasiyası amerikalı müğənni Teylor Sviftin Avstriyada verəcəyi konsertdə planlaşdırılan terror aktı təhlükəsinin qarşısını almaq üçün Vyanaya kəşfiyyat məlumatları təqdim edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bəyan edib.
“Biz təhdidləri izləmək və qarşısını almaq üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Bu işin bir hissəsi kimi, Birləşmiş Ştatlar Avstriya ilə kəşfiyyat məlumatlarını paylaşıb”, - deyə Ağ Ev sözçüsü vurğulayıb.
Avstriyanın daxili işlər naziri Gerhard Karnerin sözlərinə görə, Teylor Sviftin konsertinin terror aktı təhlükəsi ilə əlaqədar ləğv olunması faciənin qarşısını almağa kömək edib.
Kəşfiyyat məlumatlarına əsasən, saxlanılan 19 yaşlı şəxs konsert yerinin yaxınlığında partlayıcılardan istifadə etməklə terror aktı törətməyi planlaşdırıb. Terror aktı avqustun 8-i və ya 9-da baş tuta bilərdi. Svift isə 8-10 avqust tarixlərində Vyanada çıxış etməyi planlaşdırırdı.
ÜÇ ÖLKƏ SÜNİ İNTELLEKTƏ MALİK PUA-NI SINAQDAN KEÇİRİB
ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS hərbi tərəfdaşlıq ölkələri inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını (PUA) birgə sınaqdan keçirib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Britaniya hökumətinin dərc etdiyi məlumatda bildirilir.
“Bu, AUKUS üçün ciddi mərhələdir: üç ölkə süni intellektin futuristik inteqrasiyasını ilk dəfə sınaqdan keçirdi”, - deyə bəyanatda vurğulanır.
Eyni zamanda, qeyd olunur ki, PUA-da quraşdırılmış süni intellekt operatora yerdəki hədəfləri müəyyən etməyə, sıradan çıxarmağa və məhv etməyə imkan verir.
Səlahiyyətlilərin sözlərinə görə, sınaqlar çərçivəsində hər üç ölkədən olan PUA-lar ortaq nəticə əldə etmək üçün vahid hava məkanında birlikdə fəaliyyət göstəriblər.
Sınaqlarda həmçinin Britaniya Elmi-Texniki Müdafiə Araşdırmaları Laboratoriyası, Avstraliya Müdafiə Elmi və Texnikası Təşkilatı, ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası və ABŞ Quru Qoşunlarının Tədqiqat Laboratoriyasının mütəxəssisləri iştirak ediblər.
YAPONİYADA SON DƏRƏCƏ GÜCLÜ ZƏLZƏLƏ TƏHLÜKƏSİ BARƏDƏ XƏBƏRDARLIQ
Yaponiya hakimiyyəti Nankay parçalanmasında gözlənilən son dərəcə güclü zəlzələyə hazırlaşır. “Trend” agentliyinin məlumatına görə, bu barədə Yaponiya mediası xəbər verib.
Verilən xəbərə əsasən, Yaponiya Meteorologiya Agentliyi tarixdə ilk dəfə “meqa zəlzələ xəbərdarlığı” yayıb. Agentlik əməkdaşları 29 prefekturada 707 bələdiyyəni yeraltı təkanlar zamanı hazırlıq səviyyələrini nəzərdən keçirməyə çağırıb.
Bununla yanaşı, seysmoloqlar qeyd edibər ki, zəlzələnin dəqiq nə vaxt baş verəcəyi hələlik məlum deyil. Ölkə sakinlərinə gələn həftə sayıq qalmaları tövsiyə olunur.
Zəlzələ xəbərdarlığı ilə bağlı, hətta Yaponiyanın baş naziri Fumio Kişida Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan dörd günlük səfərini ləğv edib.
Xatırladaq ki, bir neçə gün öncə Yaponiyanın Kyuşu adasının şərq sahilləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.
RUSİYA ORDUSUNUN ARSENALINA YENİ QIRICI TƏYYARƏ DAXİL EDİLİB
İrkutsk Aviasiya Zavodunun istehsalı olan yeni çoxfunksiyalı “Su-30SM2” qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib. “İnterfaks” agentliyinin xəbərinə görə, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
“Aviasiya texnikası uçuş sınaqlarından keçərək artıq xidmət yerinə yola salınıb”, - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, qırıcılar təkmilləşdirilmiş göyərtə radioelektron cihazları ilə təchiz olunub, aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti artırılıb.
Xəbər verilir ki, həmçinin hava hədəflərinin aşkarlanması və identifikasiya məsafəsi artıb. Döyüş təyyarələrinin silah tərkibinə bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün yeni yüksək dəqiqliyə malik silahlar daxil edilib.
İSVEÇDƏN DANİMARKAYA YAYILAN ZORAKILIQ DALĞASI
Danimarka İsveçlə sərhədə nəzarəti gücləndirir. Belə ki, son bir həftə ərzində İsveç vətəndaşlarından ibarət cinayətkar qrup Danimarkada partlayışlar, atışmalar və adam öldürməyə cəhd kimi ağır cinayətdə şübhəli bilinir. Xəbər verilir ki, hökumətin qərarı ilə qonşu ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün Danimarka polisi daimi olaraq Malmö polis idarəsində yerləşdiriləcək.
Danimarkanın “Ekstrabladet” qəzetinin məlumatına görə, on isveçli dörd ay ərzində qətl və ya başqa cinayət törətməkdə şübhəli bilinir, onların əksəriyyəti yeniyetmələrdir.
Məlumata əsasən, reaksiyaya səbəb olan hadisələr Danimarkanın ədliyyə naziri Peter Hummelqaardı sərhəd nəzarəti tətbiq etməyə sövq edib. O, Danimarkanın “TV2” telekanalına bildirib ki, vəziyyəti müzakirə etmək üçün yaxın bir neçə gün ərzində milli polis rəisi və Xüsusi Cinayətlər İdarəsinin direktoru ilə görüşəcək.
Eyni zamanda, Malmö polisinin mətbuat katibi Nils Norlinqin sözlərinə görə, İsveç polisinin Danimarkada yerləşdirilməsi də planlaşdırılır.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.