Hər bir insan həyatda bir iz qoyub gedir. Ömür payını şərəflə yaşamaq, qurub-yaratmaq, el-obaya gərəkli olmaq, yaxşı ad çıxarmaq isə hər kəsə nəsib olmur. İnsan var ki, uzun, lakin sadə, insan var ki, qısa, ancaq maraqlı ömür yaşayır. Öz amalına, məqsədinə çatmaq üçün səbirlə, dözümlə, təmkinlə hərəkət edir, həyatın daşlı-kəsəkli yollarında inamla addımlayır, xəyallarını reallığa çevirir. Torpağına ürəkdən bağlı olan, həmişə xalqına xidmət edən, yurd təəssübkeşliyilə seçilən, Vətən nisgili ilə yaşayan, xalqımızın ziyalı övladlarından biri də "Tərəqqi" medallı, YAP Ərazi Təşkilatının yaradıcılarından biri olan Vəli Amanovdur. Yaşasaydı, iyulun 31-də ömrünün 75-ci baharını qeyd edəcəkdi.
Vəli Amanov Qərbi Azərbaycanın Meğri rayonunun qayalar arasında yerləşən qəhrəmanlar diyarı Nüvədi kəndində dünyaya göz açmış, orta məktəbi burada bitirmiş, nümunəvi şagird kimi müəllimlərinin sevimlisi olmuşdu. Daim üzərində işləyən, dərslərinə ciddi hazırlaşan Vəli Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini müvəffəqiyyətlə başa vurmuş, təyinatla İrəvan şəhərində yerləşən "Armqrprotrans" Layihə İnstitutunun sənaye tikintisi şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdı. Pillə-pillə irəliləyərək baş mühəndis vəzifəsinə irəli çəkilmişdi. Ancaq harada olsa da, doğma Nüvədi kəndi həmişə onu öz cazibə qüvvəsində saxlaya bilmişdi.
1988-ci ildə ermənilərin torpaq iddiası başlayanda Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz doğma torpaqlarından zorla qovuldular. Mərd nüvədililərə də divan tutuldu. Bir faktı qeyd edək ki, Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi, 1929-cu ildə Ermənistanın Meğri rayonuna verilib. İndiki Ermənistan ərazisindən sonuncu olaraq Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olundu. Vəli müəllimin ailəsi Gəncə şəhərində məskunlaşdı. O, Gəncə şəhərindəki 3 saylı Tikinti-Quraşdırma Trestində işə başladı. Qısa müddətdə kollektivin də, rəhbərliyin də hörmətini qazandı. Yaxşı işi nəzərə alınaraq trestin keyfiyyət və nəzarət şöbəsinin müdiri təyin olunan Vəli Amanov daha məsuliyyətlə çalışaraq həmin dövrlərdə Yeni Gəncə və Gülüstan massivinin genişləndirilməsində fəallıq göstərdi. Onun rəhbərliyilə müasir görkəmdə tikilən binalar şəhərin simasını dəyişdi. Az sonra isə o trestin texniki-istehsalat şöbəsinin rəisi təyin olundu. Yaxşı işinə görə dəfələrlə mükafatlandırıldı.
Vəli müəllim şəhərin ictimai-siyasi həyatında da yüksək fəallıq göstərmiş, 1993-cü ildən Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmuş, dövlətçiliyimizin möhkəmləndirilməsi işinə də töhfələr vermişdir. O, ümummilli lider Heydər Əliyevin ideyalarının əsl təbliğatçısı idi.
Azərbaycanın uğurlarına ürəkdən sevinən Vəli müəllim el ağsaqqalı kimi də böyük hörmət qazanmışdı. O, həm də gözəl ailə başçısı, sevimli ata, baba idi. Nurlu xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayır.
Z.CƏMŞİDOĞLU,
"Respublika".