DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

EMMANUEL MAKRON POPULYARLIĞINI BƏRPA ETMƏYƏ ÇALIŞIR

Fransa prezidenti Emmanuel Makron hazırkı vəziyyətin (hökumətin olmaması) mümkün qədər uzun çəkməsində maraqlıdır. O, bununla populyarlığını bərpa etməyə çalışır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Fransa mediası məlumat yayıb.

Bildirilir ki, Makronun yeni baş nazir təyin etməməsi və bu vəziyyəti uzatması ölkədə ciddi narahatlıq doğurur. Siyasətçilər, tarixçilər bununla bağlı müxtəlif fikirlər irəli sürürlər.

Qeyd edilir ki, Makron populyarlığını bərpa etmək üçün yeni baş nazir təyin etməyi uzadır. Qanunverici orqana seçkilərlə baş nazirin təyin edilməsi arasında bu qədər uzun müddət gözləmək Fransa tarixində görünməmiş hadisədir.

“Prezident bu müddəti mümkün qədər uzatmaqla, populyarlığını bərpa etmək və siyasi seçimləri qanuniləşdirmək istəyir. Bəzi tarixçilər hətta mədəni inqilabı nəzərdə tutur. E.Makron qeyri-stabillikdən danışmasa da, istefa etmiş hökumət üzvləri keçid dövründə işlərin rəvan getməsini təmin etsə də, gələcək mədəni inqilab istisna olunmur. Fransanı üç, hətta dörd qüvvəyə bölünmüş yeni siyasi sahəyə uyğunlaşdırmaq üçün həll yolları tapılması vacibdir”, - deyə ölkə mediası vurğulayıb.

ALEKSANDR LUKAŞENKO QƏRBƏ “QIRMIZI XƏTTİ” XATIRLADIB

Belarus prezidenti Aleksandr Lukaşenko nüvə silahından istifadənin mümkünlüyündən söz açıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, dövlət başçısı bununla bağlı Qərb ölkələrinə “qırmızı xətti” xatırladıb.

Belarus liderinin sözlərinə görə, bu, yalnız ən ekstremal halda mümkündür. Məsələn, Birlik Dövlətinin (Rusiya-Belarus) sərhədləri keçilərsə.

“Burada taktiki nüvə silahları meydana çıxanda mən Qərb ölkələrinə birbaşa söylədim ki, siz bizim dövlət sərhədimizə ayaq basmayınca, biz heç bir silahdan istifadə etməyəcəyik. Bu, həm də bizim Birlik Dövlətimizin sərhədinə aiddir”, - deyə Lukaşenko vurğulayıb.

Eyni zamanda, prezident əlavə edib ki, Qərbdə onu “bəyənmirlər” və nədənsə onun Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahlarından “mütləq” istifadə edəcəyinə əmindirlər.

SURİYALI QAÇQINLAR TÜRKİYƏ ÜÇÜN CİDDİ PROBLEMƏ ÇEVRİLİB

Türkiyədə qeydiyyatı olmayan suriyalı qaçqınlar təhlükəsizliklə bağlı ciddi problem yaradır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu türkiyəli analitik Engin Özer bildirib.

“Sabah” qəzeti daxili işlər naziri Əli Yerlikaya istinadən qeyd edib ki, Türkiyədə üç milyondan çox suriyalı qeydiyyatdadır. Nazirin sözlərinə görə, 2022-ci ilin iyun ayından etibarən Türkiyədə bir dənə də olsun yeni suriyalı qeydiyyata alınmayıb.

“3 milyon qeydiyyatdan keçmiş suriyalı qaçqının olduğu bir həqiqətdir, lakin daha böyük problem qeydiyyatdan keçməyənlərdir. Türkiyədə ən azı daha dörd milyon qeydiyyatsız qaçqın var. Hazırda əsl rəqəmin nə olması ilə bağlı ciddi şübhələr mövcuddur”, - deyə Engin Özer bildirib.

Ekspertin sözlərinə görə, qaçqınlara pulsuz tibbi xidmət göstərilməsi dövlət xəstəxanalarında ciddi problemlər yaradıb, ağır miqrasiya, mənzillərin və mağazaların kirayə haqqının artmasına və iqtisadiyyata mənfi təsir göstərib.

Bununla yanaşı, ekspert əlavə edib ki, qeydiyyatdan keçməyən qaçqınların ölkəyə gəlişi bəzi təhlükəsizlik problemlərinə səbəb olub və bəzi ekstremist qruplar bu məsələdən sui-istifadə edir.

NORVEÇ FİNLANDİYAYA QOŞUN GÖNDƏRMƏYİ NƏZƏRDƏN KEÇİRİR

Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi nəzərdən keçirir. Bu barədə Finlandiyanın “İltalehti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, yenidən yerləşdirməyə hazırlıq Finlandiya prezidenti Aleksandr Stubb tərəfindən təsdiqlənib.

“Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur”, - deyə nəşr mənbələrdən birinə istinadən yazır.

Bildirilir ki, qoşunların yerləşdirilməsi ilə bağlı müzakirələrin oktyabrda Aleksandr Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.

Xatırladaq ki, avqustun 7-də İsveç parlamentinin Müdafiə Komitəsinin sədri Peter Hultqvist İsveç Müdafiə Qüvvələri və hökumətinin NATO əməkdaşlığı çərçivəsində Finlandiyada qoşun yerləşdirməyə hazırlaşdıqlarını açıqlayıb.

İSVEÇRƏ HÖKUMƏTİ NÖVBƏTİ DƏFƏ RUSİYA AKTİVLƏRİNİ DONDURUB

Rəsmi Moskvaya qarşı sanksiyalar çərçivəsində İsveçrə hakimiyyəti tərəfindən dondurulan Rusiya aktivlərinin dəyəri aprel ayından bəri 1,3 milyard frank (1,5 milyard dollar) artıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin bəyanatında bildirilir.

Belə ki, 2024-cü il avqustun 13-nə olan məlumata görə, Rusiyanın 7,1 milyard İsveçrə frankı dəyərində maliyyə aktivləri, 17 daşınmaz əmlak, həmçinin idman avtomobilləri və lüks avtomobillər, sənət əsərləri və mebel, eləcə də sanksiyalar tətbiq edilmiş fiziki şəxslərə, şirkətlərə və təşkilatlara məxsus aktivlər bloklanıb.

Dövlət Katibliyinin məlumatına görə, bu məbləğdən 1,3 milyard İsveçrə frankı hazırda ilkin əsasda dondurulub. Qeyd olunur ki, bəzi hallarda “aktivlər ehtiyat tədbiri kimi bloklanır və vəziyyət diqqətlə nəzərdən keçirildikdən sonra məhdudiyyətlər aradan qaldırıla bilər”.

Xatırladaq ki, İsveçrədə dondurulmuş Rusiya aktivlərinin dəyəri aprel ayında 5,8 milyard frank (təxminən 6,7 milyard dollar) təşkil edib.

ŞRİ-LANKADA PREZİDENT SEÇKİLƏRİNDƏ 39 NAMİZƏD QEYDİYYATA ALINIB

Şri-Lankanın Mərkəzi Seçki Komissiyası sentyabrın 21-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 39 namizəd qeydiyyata alıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Rmal Ratnayake bəyan edib.

MSK sədrinin sözlərinə görə, 40 namizəddən yalnız biri rəsmi qeydiyyatdan keçə bilməyib. Prezidentliyə iddialı 39 nəfərdən 23-ü siyasi partiyalardan, 17-si isə müstəqil namizəddir.

Eyni zamanda verilən xəbərə əsasən, hazırkı prezident Ranil Vikramasinqhenin səlahiyyət müddəti noyabrın 17-də başa çatır. Bildirilir ki, hazırkı dövlət başçısı da namizədliyi irəli sürənlər arasındadır.

Məlumat üçün qeyd edək ki, Şri-Lankada prezident 5 il müddətinə seçilir.

2024-CÜ İL TEMPERATUR MAKSİMUMLARININ SAYINA GÖRƏ REKORD VURUB

2024-cü il dünyada qeydə alınan temperatur maksimumlarının sayına görə rekord il olub. Belə ki, dünyanın bir sıra ölkələrində maksimal hava temperaturu qeydə alınıb. Bu barədə “The Guardian” qəzeti iqlimşünas Maksimiliano Erreraya istinadən məlumat yayıb.

“Ekstremal istilik hadisələrinin sayının bu qədər olması indiyədək baş vermiş və ya mümkün hesab edilən hər şeyi üstələyir. 2024-cü ilin fevralından iyul ayına qədər olan dövr bütün statistik göstəricilər üzrə rekord vurub”, - deyə iqlimşünas vurğulayıb.

Cari ilin əvvəlindən dünyanın 15 ölkəsində temperatur maksimumları qeydə alınıb, eləcə də müxtəlif ölkələrdə 130 aylıq istilik rekordu qırılıb. Xəbər verilir ki, bu il Meksikada maksimal temperatur Selsi şkalası üzrə 52 dərəcə, Misirdə 50,9 dərəcə, Malidə isə 48,5 dərəcəyə çatıb.

Ekspertin sözlərinə görə, əvvəllər ekstremal istilər insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə və “El Ninyo” təbiət fenomeninin - Sakit okeanda suyun yuxarı qatının kəskin istiləşməsi ilə əlaqələndirilirdi. “Bu il isə “El Ninyo” təsir gücünü itirir, lakin buna baxmayaraq, temperatur rekordlarının sayı yalnız artıb”, - deyə ekspert əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.