İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Qarabağ" Bolqarıstan futbolunun tarixinə düşüb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın "Ludoqorets" klubu antirekorda imza atıb. Bolqarıstanı indiyədək avrokuboklarda təmsil edən heç bir kollektiv doğma meydanda qapısından 7 top buraxmayıb. Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində "Ludoqorets" klubunu iki oyunun nəticəsinə əsasən 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb. Komandanın növbəti rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubudur.

Azərbaycanın avrokubok təmsilçiləri yeni həndbolçular transfer edib

Yeni mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək "Kür"ün kişi və qadınlardan ibarət həndbol komandaları yeni oyunçular transfer edib.

Kişilərdən ibarət komandaya Oqnen Lekoviç, Mill Myuskoviç, Emir Muyik (hamısı Monteneqro), Borislav Urta (Serbiya) və Sergey Dubovik (Ukrayna) daxil olub. Qadınlardan ibarət kollektiv isə İvana Mitroviç (Serbiya), Sara Piranik, Tamara Radonyik, Milika Rayçeviç (hamısı Monteneqro) və Leonora Rahmaninin (Şimali Makedoniya) transferini reallaşdırıb. Həndbolçuların hər biri ilə birillik müqavilə imzalanıb. Kişilərdən ibarət "Kür" komandası son mövsümdə ölkə çempionu, qadınlar isə Azərbaycan Kubokunun qalibi olublar.

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışında iştirak edəcəklər. Onur Quluzadə ilə Yağmur Məmmədli baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər. Onlar Avropanın ən istedadlı stolüstü tennisçilərinin iştirak etdiyi "EUROTALETS" toplanışında məşq edəcəklər. Daha sonra avqustun 23-də Fransanın Şiltiqheym şəhərində start veriləcək "Euro Mini Champs" yarışında mübarizə aparacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".