Tarix boyu Azərbaycan qadını mərdliyi, cəsarəti ilə bərabər, həm də elmi-biliyi ilə tanınıb. Ölkəmizdə ziyalı, vətəninin adını daim ucaldan qabaqcıl qadınlarımız çoxdur. 1911-ci ildə nəşr edilən "İşıq" jurnalının ilk redaktoru Xədicə Əlibəyova, maarifçi qadınlardan biri, qızlar üçün məktəb açmış Həmidə Məmmədquluzadə, professor, tibb elmləri doktoru, əməkdar elm xadimi Sona Vəlixan, xarici işlər naziri Tahirə Tahirova, azərbaycanlı gəmi kapitanı, 1994-cü ildə "Qırmızı ulduz" ordeni ilə təltif olunmuş Şövkət Səlimovanın adını fəxrlə çəkirik. Qadınlarımız digər sahələrdə də şöhrətlənib, dünyada tanınıblar. Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayeva, səhiyyə naziri Kübra Fərəcova, şərqdə "Gəlin qayası" əsəriylə ilk operasını yazmış bəstəkar Şəfiqə Axundova da belə qadınlarımızın sırasındadır. Belə güclü, savadlı, zəka və yenilikləri ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada kübar, ziyalı xanım obrazı yaradan insanlardan Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələri şəraitində göz xəstəlikləri proflaktikası üzrə geniş tədqiqat işləri aparmış Zərifə Əliyevanın adını qürurla çəkirik. Taleyini Azərbaycan elminə həsr etmiş alimlərdən biri də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunun baş elmi işçisi Aida İmanquliyevadır. Bu, fəxr edilib, qürur duyulası xanımların əməl və prinsipləri millətin qanında, milli xüsusiyyətlərində olan ənənəvi və güclü xarakterdir. Həmin ənənələr bu gün də davam edir. Zəmanəmizdə Mehriban Əliyevanın xalqının maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdə, eləcə də dövlət işində rolu barədə aydın təsəvvür yaradır.
Tarixə nəzər salanda Azərbaycan qadınının daha bir formalaşmış obrazını görürük. Onlar ata-babalarımızla bərabər düşmənə qarşı at belində döyüşərək namus, qeyrət təcəssümünə çevrilmişlər. Bu gün də millətin, xalqın qəhrəmanlıq obrazı, dillərə dastan olan Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri əsl mərdlik simvoludur. Qadınlarımız bütün dövrlərdə Azərbaycan kişisinə - öz həyat yoldaşına, ata-qardaşına dayaq olub, ağlı, zəkası, namusu, qeyrəti ilə seçilib. Belə ağıllı, dövlət əhəmiyyətli işlərdə oğluna böyük dəstək nümayiş etdirən qadınlardan biri də Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun olmuşdur. O, böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi olmuş, dövlət işlərində iti zəkası ilə seçilmişdir. Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur. Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. Həmin dövrdə kiçik Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki güclü rəqib arasında müstəqilliyini qoruyub saxlamasında onun əməyi çox olub. Avropa ölkələri bu azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Sara xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik idi. Əqli çevikliyi sayəsində dar məqamlarda tez qərar çıxarmaq onun nüfuzunu daha da artırmışdı. Sara xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir xanım kimi adını tarixə yazdırıb. Hətta qardaş ölkə Türkiyənin Elazığ bölgəsində bu ziyalı xanımın şərəfinə "Sara Xatun" məscidi inşa edilmişdir. Azərbaycan tarixində dərin iz salmış, yetişən nəsillərə örnək olan qəhrəman azərbaycanlı xanımın siyasi düşüncələri, diplomatik fəaliyyəti və şəxsi şücaəti hər zaman fəxrlə qeyd edilir.
Daha bir ziyalı Azərbaycan xanımı, ömrünü, taleyini xalqın maariflənməsinə həsr etmiş Həmidə xanım Cavanşirdir. O, 1873-cü il yanvar ayının 19-da Şuşa qəzasının Kəhrizli kəndində anadan olub. Atası görkəmli maarifçi, tarixçi Əhməd bəy Cavanşir, anası Mülkicahan xanımdır. Atası Əhməd bəy deyirdi: "Mənim qızım elə olmalıdır ki, biz kişilər ölüb getsək, bizi şərəflə əvəz edə bilsin". Atasının vəfatından sonra Həmidə xanım Qarabağda öz xeyriyyəçilik əməlləri ilə camaat arasında böyük hörmət qazanmışdır. O, Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olub. Həmidə xanım Cavanşir xatirələrində 1907-ci ilin yayında Şuşada keçirilən mədəni tədbirlər haqqında maraqlı məlumatlar verərək, yığılan pulun imkansız tələbələr arasında bölüşdürüldüyünü yazmışdır. Hətta onun müəllifi olduğu "Xatirələrim" kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Ötən əsrin 30-cu illərinin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada ona bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, həmin illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım "Xatirələrim" memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Onu bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər.
"Xatirələrim" əsərində Həmidə xanım atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, "Molla Nəsrəddin" jurnalı, Qafqaz-İslam ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş məlumat verir, sovet hakimiyyətinin gəlişi ilə ailənin necə məşəqqətlə Təbrizə köç etməsini, Bakıya döndükdən sonra ağır vəziyyətini və başqa hadisələri təsvir edir. Həmidə xanım Cavanşir Azərbaycanda qadınların çalışdığı ilk sənaye müəssisəsinin qurucusudur. O, 1919-cu ildə Tiflisdən xüsusi dəzgahlar gətizdirərək Şuşada toxuculuq arteli açmış, qadınları işə cəlb etmişdi. Həmidə xanım öz xatirələrində yazırdı ki, həmin dönəmdə Şuşaya gələn hərbi nazir Səməd bəy Mehmandarov emalatxananı gəzərək çox bəyənir, hətta ordu üçün geyim sifariş edəcəyinə söz verir.
Azərbaycan tarixində maarifçi fəaliyyəti, xeyriyyəçilik əməlləri ilə bir çox işlərə imza atan Həmidə xanım eyni zamanda Tiflisdə "Müqəddəs Nina" qızlar məktəbində Azərbaycan dili dərslərinin keçirilməməsindən narahat olaraq məktəbə müəllim təyin etdirib, maaşını da özü verib. 1909-cu ildə isə doğma kəndi Kəhrizlidə öz vəsaiti hesabına tibb məntəqəsi, toxuculuq emalatxanası və məktəb açdırıb. Həmin dövrlərdə Qarabağda aclıq, kütləvi epidemiya yayılır. Çətin günlərdə Həmidə xanım insanlara ərzaq yardımı ilə yanaşı, taun və qızılcaya qarşı peyvəndlər vurdurur. O, Azərbaycan maarifinin inkişafında müstəsna əhəmiyyəti olan "Molla Nəsrəddin" jurnalını himayə edir, heç bir vaxt maddi dəstəyini kəsmir. "Molla Nəsrəddin" jurnalının fəal əməkdaşlarından olan böyük şair Mirzə Ələkbər Sabiri Tiflisdə müalicə etdirib. Həmidə xanım xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, Azərbaycanda təhsilin inkişafında da böyük xidmətlər göstərmişdir. Həyat yoldaşı Mirzə Cəlilə qarşı kəskin zərbələrə, ittihamlara, iftiralara, təqiblərə və təzyiqlərə birgə sinə gərmiş, hər zaman yanında olmuş, ona mənəvi dəstək göstərmişdir.
Bütün bu xüsusiyyətlər Azərbaycan qadınının milli mənsubiyyətində, xarakterindədir. Çünki onlar belə tərbiyə edilib, müqəddəs amallar uğrunda yetişdirilib. Bütün dövrlərdə xanımlarımız kişilərlə çiyin-çiyinə çalışıb, ölkənin inkişafı və gələcək firavan həyatı naminə fədakarlıq göstərirlər.
Ramidə YAQUBQIZI,
"Respublika".