Azərbaycan dünya mediasında
Diaspor

Azərbaycan dünya mediasında

"MENAFN": Çin şirkətləri Azərbaycanda genişmiqyaslı bərpaolunan enerji layihələrini nəzərdən keçirirlər

"Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin böyük potensialını reallaşdırmaq üçün genişmiqyaslı fəaliyyətlərdə maraqlıdırlar.

"MENAFN" xəbər verir ki, Çin Qloballaşma Mərkəzinin baş elmi işçisi və "China Cities Bluebook Consulting" şirkətinin təsisçisi Eynar Tangen "Azərbaycan iqtisadiyyatı" mövzusunda məlumat paylaşıb.

E.Tangen əməkdaşlıq imkanlarına "yaşıl enerji" dəhlizlərinin və interkonnektorlarının inkişafı, "yaşıl enerji"nin ixracı, "yaşıl hidrogen" və "yaşıl ammonyak" istehsalı və nəqlinin daxil olduğunu qeyd edib.

O, həmçinin enerjisaxlama sistemlərinin potensialını vurğulayaraq deyib: "Hazırda çinli tərəfdaşlarla 60 və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır".

"TurkicWorld": Azərbaycan və AİB "yaşıl dəhliz"lərin genişləndirilməsini planlaşdırır

Asiya İnkişaf Bankının (AİB) enerji üzrə baş direktoru Priyantha Vijayatunga Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə "yaşıl dəhliz"lərin genişləndirilməsinin planlaşdırılmasını müzakirə edib.

"TurkicWorld" xəbər verir ki, Asiya İnkişaf Bankının (AİB) enerji üzrə baş direktoru Priyantha Vijayatunga Azərbaycanın enerji keçidi və onun genişləndirilməsi üçün strateji inkişaf prioritetləri, o cümlədən ölkədə "yaşıl dəhliz"lərin planlaşdırılmış inkişafı, bərpaolunan enerji infrastrukturu, enerji şəbəkəsinin genişləndirilməsi və dekarbonizasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan rəsmiləri ilə görüşüb. Səfər zamanı Priyantha Vijayatunga maliyyə naziri Samir Şərifov, hökumət rəsmiləri və digər aidiyyəti qurumlarla görüşlər keçirib.

"Biz ölkənin enerji keçidini sürətləndirmək üçün hökumətin prioritetlərini yüksək qiymətləndiririk. AİB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulayır", - deyə Priyantha Vijayatunga qeyd edib.

Baş direktor, həmçinin COP29 tədbirinin keçiriləcəyi əsas məkan olan Bakı Olimpiya Stadionunun yaxınlığında, Böyükşor gölündə 100 kVt-luq Üzən Günəş Fotovoltaik (FPV) Pilot Layihəsinin bu yaxınlarda istifadəyə verilməsi münasibətilə Energetika Nazirliyini təbrik edib.

"Qazeta.ru": Lavrov Ermənistanın Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyini yüksək qiymətləndirib

"Qazeta.ru" saytının verdiyi məlumatda bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, əgər Ermənistan hakimiyyəti Qarabağdakı böhranın həlli ilə bağlı Rusiya Federasiyasının iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar istəyirsə, "Allah xatirinə, etsin".

Diplomatın sözlərinə görə, Moskva Rusiya, Ermənistan və Azərbaycan tərəfindən 2020-2022-ci illərdə bağlanmış bir neçə bağlanmış üçtərəfli razılaşmaların kağız üzərində qalmasından narahatdır. Həmin dövrdə tərəflər nəqliyyat əlaqələrinin bərpası, bunun üçün məsuliyyət daşıyacaq üçtərəfli komissiyanın yaradılması barədə danışıblar.

Lavrov, həmçinin qeyd edib ki, Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsinə Rusiyanı deyil, Qərb, ABŞ və Avropa İttifaqını cəlb etməyə çalışır. Nazirin sözlərinə görə, bu İrəvanın seçimidir, amma ilk növbədə Azərbaycanla razılaşdırmaq lazımdır, başqa yol yoxdur.

"Politika.rs": Serbiya və Azərbaycan arasında strateji tərəfdaşlıq

"Politika.rs" yazır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycan XİN-də geniş tərkibdə görüşüblər. Görüşdə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat kimi müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə əngəl olan mina təhdidi barədə ətraflı məlumatlandırıb. Marko Curiç ötən gün ölkəmizdə baş tutan parlament seçkilərinin şəffaf, azad və demokratik formada təşkili münasibətilə təbriklərini çatdırıb, seçki prosesinin nəticələrinin Azərbaycan parlamenti üçün uğurlu olacağına ümidvarlıq ifadə edib. Daha sonra nazirlər görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında bəyanatla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

"Vestnik Kavkaza": Bakı Hava Limanına sərnişin axını artıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindaşıma ötən illə müqayisədə 33 faiz artıb.

"Vestnik Kavkaza" hava limanının mətbuat xidmətinə istinadla xəbər verir ki, aeroportun fəaliyyət göstərdiyi bütün dövr ərzində bu rekord göstəriciyə infrastrukturun inkişafı və uçuşların sayının artması sayəsində nail olunub.

8 ay ərzində 5 milyondan çox insan buradan səyahətə yollanıb. 2023-cü ilin eyni dövründə aeroport 3,7 milyon sərnişin qəbul edib.

Beynəlxalq Hava Limanı avqust ayında 820 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin göstəricilərindən 23 faiz çoxdur.

"Respublika".