Parlaq qələbənin başlanğıcı İşğaldan azad olunan ilk rayon
Sosial həyat

Parlaq qələbənin başlanğıcı İşğaldan azad olunan ilk rayon

Şərqi Zəngəzur mahalının səfalı bölgələrindən olan, Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun ərazisi 1050 kvadratkilometrdir. Rayon 1930-cu il avqustun 8-də təşkil edilib. 1963-cü il yanvarın 4-də ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 1964-cü il iyunun 17-də isə yenidən ayrılıb.

Xatırladaq ki, Cəbrayılın azad olunması üçün ordumuzun bölmələrinin hazırlığı hələ 2016-cı ilin Aprel döyüşləri ilə başlanmışdı. Belə ki, ordumuzun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi Füzuli-Cəbrayıl magistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlandı və Vətən müharibəsinə çevrildi.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun bölmələri əks-hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi. Rayonun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

Xüsusilə vurğulayaq ki, Cəbrayılın işğaldan azad olunması ilə həm də xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin adi bir körpü deyil, həm də milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva 2020-ci il noyabrın 16-da, yəni müharibənin başa çatmasından bir neçə gün sonra Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və ölkə başçımız tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş torpaqlarda olduğu kimi, Cəbrayıl rayonunda da böyük quruculuq həyata keçirilir.

"Azərişıq" Cəbrayıl elektrik şəbəkəsinin baş mühəndisi Zaur Quliyev bildirdi ki, hazırda Cəbrayılda 33 binaya kabel xətləri çəkilərək elektrik təchizatı ilə təmin olunur. Bununla yanaşı, Horovlu və Şükürbəyli kəndlərində 35 kV-luq ikidövrəli elektrik hava xətti çəkilir.

2022-ci ildə layihəsinin icrasına başlanan, bir neçə transformatorun yerləşdiyi Rəqəmsal İdarəetmə Mərkəzi 2023-cü ildə fəaliyyətə başlayıb. 10 kV-luq hava xətti ilə hərbi hissə enerji təchizatı ilə təmin edilir. Həmçinin kabel xətləri vasitəsilə Cəbrayıldan Əmirvarlı, Cocuq Mərcanlı kəndlərinə və Zəngilana elektrik enejisi ötürülür. Bütün hərbi hissələr, sərhəd qoşunları, obyektlərin qidalanması hələ ki, bu xətlə təchiz olunur. Gələcəkdə isə hər biri 35 kV-luq xətlə qidalanacaq. Binaların daxilində 2 böyük KTM və 1 ədəd paylayıcı qurğu tikilir. Nəzərə çatdıraq ki, rayonda "Azərenerji"nin 110, 35 və 10 kV-luq yarımstansiyası tikilir. Bundan əlavə, Cəbrayılda inşa olunan 330 minlik böyük qovşaqdan Türkiyəyə, Naxçıvana enerji verilməsi nəzərdə tutulur. Həmin qovşağa alternativ enerji vermək üçün 330 kV-luq günəş enerji sistemi tikilir. Həmçinin Araz çayı üzərində su elektrik stansiyasının və külək enerjisinin tikintisi nəzərdə tutulur.

Cəbrayılda ən mühüm əhəmiyyətə malik ərazilərdən biri İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2021-ci ilin yanvarında cənab Prezident İlham Əliyevin göstərişi ilə yaradılan Araz Vadisi İqtisadi Zona Sənaye Parkıdır. Xatırladaq ki, bu park 2021-ci il oktyabrın 4-də Cəbrayılın işğaldan azad olunmasının ildönümü ərəfəsində yaradılıb.

Araz Vadisi İqtisadi Zonasının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektar əraziyə malik olan sənaye parkı Cəbrayıl rayonunun Soltanlı kəndində yerləşir. Məlumat üçün bildirək ki, respublikada ən böyük sənaye parkı Sumqayıt Kimya Sənaye Parkıdır. Cəbrayılda yerləşən bu park ərazisinə görə 2-ci böyük sənaye parkıdır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının inzibati rəhbəri Malik Haciyev bildirdi ki, hazırda sənaye parkında mobilizasiya şəhərciyi yaradılıb. Burada işçilər üçün yataqxana tikilib, yeməkxana və market fəaliyyət göstərir. Bundan başqa, sənaye parkında 4 min kubmetr həcmində su anbarı tikilir. Elektrik enerjisinin fasiləsiz olması üçün generator da quraşdırılıb. Sənaye parkında hazırda ikimərtəbəli böyük inzibati binanın tikintisi gedir, elektrik yarımstansiyası və 12 ədəd transformator məntəqələri tikilir və daxili yollar çəkilir. Tullantı və yağış sularının axıdılması üçün kanalizasiya sistemi quraşdırılıb. Hazırda sənaye parkının 11 rezidenti və 2 qeyri-rezidenti var. Xatırladaq ki, qeyri-rezidentin keçən il iyunun 17-də dövlətimizin başçısı İlham Əliyevin və Macarıstanın Prezidentinin iştirakı ilə açılışı oldu. Digər layihə beton zavodudur ki, yaxın günlərdə fəaliyyətə başlayacaq. Daha bir layihə quru qatqılar, yəni suvaq işi materiallarının istehsalıdır.

"Qarabağ İnkişaf Şirkəti" 2 model pultla işləyən texnikaların, yanğınsöndürmə maşınlarının və çadırlı tır qoşqularının istehsalını həyata keçirəcək. "Sadıqoğlu" şirkəti tərəfindən böyük tikinti materialları bazarı inşa olunur.

Burada ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı üçün müəssisələr nəzərdə tutulur ki, bu da gələcəkdə Cəbrayılda və ətrafda məskunlaşan insanların məşğulluğunun artırılmasına böyük töhfə verəcək. Onu da qeyd edək ki, sənaye parkının ərazisi həm logistika baxımından, həm buradan keçən magistral yolun əlverişli olduğuna görə sahibkarlarda çox böyük maraq doğurur. Həmçinin sənaye parkının ərazisindən dəmir yolu xətti keçir ki, bu da gələcəkdə həm beynəlxalq, həm də daxili yükdaşımalara böyük töhfə verəcək.

Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Mikayıl NƏRİMANOĞLU,

Bayram SALMANOV,

Rauf İBRAHİMOV (foto),

"Respublika".

Bakı-Cəbrayıl-Bakı.