Turşulardan zəhərlənməmək üçün nə edək?
Havaların sərinləşməsilə turşu mövsümü də başlayır. Yay mövsümü boyunca qış tədarükü üçün hazırlanan turşular, mürəbbələr süfrələrimizi bəzəyir. Ancaq çox vaxt evdə hazırlanan bu cür konservlər həyatımız üçün təhlükə mənbəyinə çevrilir. Qida mütəxəssisləri qaydalara düzgün əməl edilməyən və uyğun temperaturda qaynadılmadan bağlanan turşuların ciddi xəstəliklərə səbəb ola biləcəyini söyləyirlər. Bəs bu problemlə qarşılaşmamaq üçün nə edək?
Mütəxəssislər bildirirlər ki, meyvə və tərəvəzlər şüşə qablarda turşuya qoyulmalıdır. Çünki plastik qablar turşularla kimyəvi reaksiyaya girir və zəhərli maddələri onlara ötürür. Qaydalara görə, şorabaya qoyulan meyvə və tərəvəzlər şüşə qablarda 15-20 dəqiqə qaynadılaraq sterilizasiya olunmalı və qapaqları yenilənməlidir. Əks halda, turşuların tərkibində yaranan botulizm bakteriyası ağır qida zəhərlənməsinə səbəb ola bilər.
Bundan əlavə, şorabaya qoyulan meyvə və tərəvəzlərə diqqət yetirmək lazımdır ki, üzərində torpaq olmasın. Çünki botulizm bakteriyası torpaqda yaşayır. Onu da qeyd edək ki, sözügedən toksin 80 dərəcədə 10-30, 100 dərəcədə isə 10 dəqiqə qaynadılmaqla məhv edilsə də, uyğun olmayan şəraitdə saxlanılan qidalarda çoxalır. Mütəxəssislər deyirlər ki, turşuya qoyulan tərəvəzlərin içinə çiy su tökmək düzgün deyil. Adətən turşunun suyu az olduqda üstünə çiy su tökülür. Bu isə həm balonların şişməsinə, həm də zəhərlənməyə yol açır.
Balqabaq, baldan qabaq...
Sağlamlıq üçün faydalı tərəvəzlərin siyahısında balqabağın birinci sırada olması heç də təsadüfi deyil. Təbiətin insanlara bəxş etdiyi bu dəyərli bitki haqqında hətta belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir. Müxtəlif növ vitamin, mineral liflər və s. vacib komponentlərlə zəngin olan bu tərəvəzdən təamlarda və tibbdə bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır. Tərəvəzin şirəsi isə sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə həm də maddələr mübadiləsini normallaşdırır. Uzun sürən xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün ən yaxşı vasitədir. Tərkibindəki elementlərə görə balqabaq həm də güclü antioksidantdır. Bu baxımdan da orqanizmdən xolestrol və ağır metalların təmizlənməsində mühüm rol oynayır. Tərkibində olan antioksidant maddələr bədəni virus, bakteriya və mikroblardan təmizləyir, ən başlıcası isə xərçəngdən qoruyur. Ürək-damar xəstəlikləri zamanı da olduqca effektiv təsirə malik olan balqabaq, həmçinin qan təzyiqini aşağı salır.
Alkoqol asılılığından necə qurtulmaq olar?
Alkoqol asılılığı insanın psixi və fiziki sağlamlığına təsir edən mürəkkəb bir vəziyyətdir. Asılılıqla mübarizə üçün çoxsaylı tədqiqatlara və müxtəlif üsullara baxmayaraq, alkoqol istəyinə nəzarət etmək çətin bir problem olaraq qalır.
Portsmut Universitetinin alimləri içkiyə istəyi azaltmağa kömək edə biləcək yeni yanaşma təqdim ediblər. Bu yanaşma spirtə olan marağı azaltmaq üçün yaddaşın bir vasitə kimi istifadəsinə yönəlib.
Xatirələr vərdişlərimizə təsir edə bilər. Məsələn, bir insana bu yaxınlarda yediklərini xatırlatmaq, növbəti yeməkdə istehlak edilən qida miqdarını azalda bilər.
Təcrübə çərçivəsində 18-46 yaş arası 50 nəfər iki qrupa bölünüb. Birinci qrupdakı iştirakçılardan son alkoqol qəbulunu xatırlamaq, ikinci nəzarət qrupundan isə son avtomobil gəzintiləri haqqında danışmaq istənilib. Daha sonra isə bütün iştirakçılara spirtli içki içmək təklif edilib. Maraqlıdır ki, sonuncu spirtli içki qəbulunu xatırlayan birinci qrupdakı iştirakçılar nəzərəçarpacaq dərəcədə yavaş içiblər. Tədqiqatçılar bunun həddindən artıq kalori və spirt istehlakından qaçmaq üçün şüursuz şəkildə edildiyini irəli sürürlər. Tədqiqatın nəticələri göstərib ki, son alkoqol istifadəsini xatırlamaq istəyi azaltmaq üçün təsirli bir yol ola bilər. Bu üsul aludəçiliyin ilkin mərhələsində və hələ də asılılığından xəbərsiz olanlar üçün xüsusilə faydalıdır. Belə üsulların real həyatda tətbiqi insanların həddindən artıq alkoqol istehlakından qaçmasına kömək edə bilər.
Bu dərmanlar qaraciyər xərçəngi riskini azaldır
ABŞ-ın Milli Xərçəng Araşdırmaları İnstitutunun alimləri bu qənaətə gəliblər ki, statinlərin (qanda aşağı sıxlıqlı lipoprotein xolesterinin səviyyəsini tənzimləməyə kömək edən dərmanlar) istifadəsi qaraciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.
"Cancer" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatda qaraciyər xərçəngi olan 3719 nəfər və 14 876 sağlam könüllü iştirak edib. İştirakçıların sağlamlıq vəziyyəti və istifadə etdikləri dərmanların qiymətləndirilməsi üçün onların tibbi məlumatları təhlil olunub. Nəticələr göstərib ki, xolesterin səviyyəsi statinlər vasitəsilə aşağı salındıqda qaraciyər xərçəngi riski 35 faiz azalır. Tədqiqatçılar statinlərin antiinflamatuar xüsusiyyətlərinin xərçəng riskini azaltmaqda mühüm rol oynadığını söyləyirlər. Bununla belə, bu əlaqəni təsdiqləmək və onların təsir mexanizmlərini daha yaxşı öyrənmək üçün daha geniş tədqiqatlara ehtiyac var.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".