İki cüdoçumuz Avropa çempionu olub
Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız uğurlu çıxışları ilə fərqləniblər. Azərbaycan cüdoçusu final görüşünə çıxıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Süleyman Şükürov həlledici qarşılaşmada gürcüstanlı rəqibinə ipponla qalib gələrək qitə çempionatının qızıl medalını qazanıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Vüsal Qələndərzadə də qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionatda daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Qeyd edək ki, milli komandamız çempionatda 16 cüdoçu ilə təmsil olunub.
"Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb
Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən "Ulduz Cup" beynəlxalq futbol turnirinə yekun vurulub. Sentyabrın 6-da başa çatan və 12 yaşadək futbolçular arasında keçirilən turnirdə 5 ölkədən 8 komanda iki qrupda mübarizə aparıb. "A" qrupunda "Bunyodkor" (Özbəkistan), "Ulduz" FA, Şimali Kipr Türk Respublikasının yığma komandası və Quba OİK, "B" qrupunda isə "Dinamo Minsk" (Belarus), "Saburtalo" (Gürcüstan), "Qarabağ" və "Metak" qüvvəsini sınayıb. Turnirin final matçında "Ulduz" Futbol Akademiyasının komandası "Dinamo" (Minsk, Belarus) kollektivi ilə üzləşib. Beləliklə, "Dinamo" komandası beynəlxalq turnirin qalibi olub. Çıxışlardan sonra qalib komandaya kubok və medallar təqdim olunub.
Gəncə aerobika gimnastikası üzrə çempionata ev sahibliyi edəcək
Aerobika gimnastikası üzrə Avropa çempionatı 2025-ci ildə Gəncə şəhərində keçiriləcək. Bu barədə qərar Avropa Gimnastikası İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qitə çempionatı noyabrın 14-16-da təşkil olunacaq. Gəncə, həmçinin bu növ üzrə Avropa yaş qrupu yarışlarına da ev sahibliyi edəcək. Bu yarışlar isə noyabrın 9-11-də baş tutacaq.
Nərgiz İSMAYILOVA,
"Respublika".