VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 sentyabr

  • Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.

Xalqın etimad ifadəsi

Bu il sentyabrın 1-də Milli Məclisə seçkilər keçirildi. Ölkəmizdə demokratik seçki ənənəsinin olması indi özünü daha aydın şəkildə büruzə verir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində parlament seçkilərinin keçirilməsi cəmiyyətin siyasi həyatında dövlət orqanlarına seçmək və seçilmək hüququnun qanunverici hakimiyyətə seçkilər fonunda təmin olunmasıdır. Bu baxımdan, VII çağırış Milli Məclisə növbədənkənar seçkilər mühüm siyasi tarixi hadisə oldu. Bu seçkinin özəlliyi həm də odur ki, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız indi azaddır və seçkilər həmin torpaqlarda da şəffaf şəkildə keçirildi. Vaxtilə doğma torpaqlarından zorla çıxarılan soydaşlarımız bu gün öz yurdlarında, doğma el-obalarında səsvermədə iştirak etdilər, istədikləri namizədə səs verdilər. Bu, ölkəmiz üçün qürurverici haldır, müstəqil və bütöv Azərbaycanın suverenliyinin əsas göstəricilərindən biridir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

2 sentyabr

  • Azərbaycan paraatleti Səid Nəcəfzadə "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.

Kəlbəcər bərpa-quruculuq və inkişaf nümunəsinə çevrilib

Bu gün dünya Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilib, hava limanları tikilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.

3 sentyabr

  • Bakıda Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
  • Azərbaycan paraatleti Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
  • Qərbi Azərbaycan İcması Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyən bəyanat yayıb.

4 sentyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı və növbəti dəfə medal qazanan Raman Saleyi təbrik edib.
  • Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına şərh verib.
  • Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfər edib.

5 sentyabr

  • Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
  • Ölkə başçımızın İtaliya Prezidenti ilə birgə işçi naharı olub.
  • İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb.
  • Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

6 sentyabr

  • İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edib.

Cənubi Avropadan Cənubi Qafqaza uzanan əməkdaşlıq bağları

Azərbaycan-İtaliya əlaqələri hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticari tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə dövlətimizin strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkədir. İtaliya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verir. Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafını göstərir.

  • Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb.
  • BTQ Mayot adasının qanunsuz işğalı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

7 sentyabr

  • Şuşaya daha 27 ailə köçüb.
  • Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu və növbəti medalını qazanan Lamiyə Vəliyevanı təbrik edib.

“Respublika”.