DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Elm və təhsil

DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir

Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir. Bundan əlavə, bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

DİM-dən "Respublika"ya bildirilib ki, Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunan imtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib.