2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 avqust 2024-cü il tarixli 25 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 avqust 2024-cü il tarixli 25 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İsrafil İkram İsrayıl oğlu 10 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 21/66 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd İ.İ.İsrafil öz müraciətində imtina üçün əsas olmuş imzaların qeyri-düzgünlüyünü mübahisələndirmiş və imzaların yoxlanılması prosesi barədə ona məlumat verilmədiyini, o cümlədən həmin icraatda iştirakının təmin olunmamasını bildirmişdir.

Dairə seçki komissiyası namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İ.İ.İsrafilin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 8 avqust 2024-cü il tarixli 21/66 saylı qərarını onunla əsaslandırmışdır ki, toplanmış 497 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən imza vərəqələri yoxlanılarkən dairə seçki komissiyasına daxil olmuş seçici müraciətləri (imzaların onların adından qoyulması ilə bağlı) və bununla əlaqədar yoxlama aparılması zərurəti yarandığını nəzərə alaraq 45 saylı Sumqayıt dördüncü seçki dairəsi dairə seçki komissiyası məktubla namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmışdır. Həmin ekspertlərin rəylərindən və imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun protokolundan görünür ki, təqdim olunan 10 imza vərəqəsində olan 497 imzadan 49 imza Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 45 saylı Sumqayıt dördüncü seçki dairəsinin ərazisindən kənarda toplandığından, yoxlanılmış 200 ədəd imzadan 108 ədəd imza 34 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra edildiyindən, 74 seçici imzası qeyri-düzgün hesab olunmuşdur. Bununla da, təqdim edilmiş 497 seçici imzasından 123 seçici imzası qeyri-düzgün hesab edilmişdir. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.

Araşdırma prosesində namizəd İ.İ.İsrafil tərəfindən təqdim edilmiş imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş, təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş 49 seçici imzasının Seçki Məcəlləsinin 56.2-ci maddəsinin tələbləri pozulmaqla 45 saylı Sumqayıt dördüncü seçki dairəsinin ərazisindən kənarda toplanması, yoxlanılmış 200 ədəd imzadan 108 ədəd imza 34 qrup olmaqla eyni şəxs tərəfindən icra olunması nəticəsində 74 seçici imzasının qeyri-düzgün olması və ümumilikdə 123 seçici imzasının etibarsız olması tərtib edilmiş 11 avqust 2024-cü il tarixli protokol və ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur.

Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı İ.İ.İsrafilin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.

Beləliklə namizəd İ.İ.İsrafilin müraciəti əsassız olduğundan təmin edilməməli, onun namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 21/66 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İsrafil İkram İsrayıl oğlunun 10 avqust 2024-cü il tarixli 25 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 21/66 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                  Məzahir Pənahov

Katib                 Arifə Muxtarova

Katib                 Mikayıl Rəhimov