2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlu 9 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 saylı Qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə O.Ə.Kazımovun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və dairə seçki komissiyasının 22 iyul 2024-cü il tarixli 13/31 saylı Qərarı ilə namizədliyi təsdiq edilmişdir.
Namizəd O.Ə.Kazımov tərəfindən namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri 31 iyul 2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim edilmişdir.
Dairə seçki komissiyası 7 avqust 2024-cü il tarixdə 23/56 saylı qərarı ilə O.Ə.Kazımovun namizəd kimi qeydə alınmasından imtina etmiş və qərarını onunla əsaslandırmışdır ki, O.Ə.Kazımov xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan və Abşeron rayonu, Masazır kəndində yerləşən 0,07 ha torpaq sahəsi barədə məlumatı düzgün təqdim etməmişdir.
Araşdırma prosesində namizəd O.Ə.Kazımov tərəfindən təqdim edilmiş imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, O.Ə.Kazımov xüsusi mülkiyyət hüququ əsasında ona məxsus sözügedən əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməmişdir.
Seçki Məcəlləsinin 58.3-cü maddəsinə görə, xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən, ümumi mülkiyyət hüququ əsasında) namizədə məxsus olan əmlak barədə məlumatlar həmin Məcəllənin 5 saylı Əlavəsinə uyğun formada təqdim edilir.
Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə, namizəd həmin Məcəllənin 58-ci maddəsinə uyğun olaraq məlumatları düzgün təqdim etmədikdə onun namizəd kimi qeydə alınmasından imtina edilir.
Həmçinin O.Ə.Kazımovun səhvlərin düzəldilməsi üçün qanunla müəyyən edilmiş müddətdə ona məlumat verilməməsi, eyni zamanda, əmlak haqqında düzgün məlumat daxil edilmiş sənədin nəzərə alınmaması haqqında iddiası da öz təsdiqini tapmamışdır.
Beləliklə, müraciət əsassız olduğundan təmin edilməməli, O.Ə.Kazımovun namizəd kimi qeydə alınmasından imtinaya dair 84 saylı Füzulı seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kazımov Osman Əlişirin oğlunun 9 avqust 2024-cü il tarixli 20 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 7 avqust 2024-cü il tarixli 23/56 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov