28 illik uğursuz fəaliyyət
Siyasət

28 illik uğursuz fəaliyyət

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin". Bu sözləri Prezident İlham Əliyev mayın 10-da Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı söyləyib.

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbə ölkəmizin gücünü nəinki regionda, eləcə də qlobal aləmdə də göstərdi. Dövlətimizin durmadan artan nüfuzu bir çoxlarının iç üzünü də ifşa etdi, hətta bəzi təşkilatların fəaliyyətinə son qoyuldu. Bu çərçivədə ATƏT-in keçmiş Minsk qrupu da tarixin zibil qutusuna atıldı. Vaxtikən Ermənistan-Azərbaycan, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən bu qurum yarandığı gündən problemin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərməyib. Ölkəmiz 28 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözləyirdi. Lakin bunların nəinki heç biri olmadı, hətta işğalçı dövlətə BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, təzyiq göstərilmədi. Onlar rəsmi İrəvana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, ölkənin işğalçılıq siyasətini gözardı etdilər. Qurum, həmçinin münaqişənin hərbi həll yolunu inkar edərək düşmənin işğalçılıq siyasəti nəticəsində yaradılmış "status-kvo"nu Azərbaycana qəbul etdirməyə çalışdı. Eyni zamanda münaqişəni diplomatik yolla nizamlamağa cəhd edilmədi. Nəticədə, etimadı itirən ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Beləliklə, 30 ilə yaxın davam edən münaqişəyə Prezident, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə son qoyuldu.

Bu gün "Dağlıq Qarabağ münaqişəsi" adlı bir anlayış yoxdur. Bu isə ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyəti ilə bağlı gələcək perspektivin olmadığını göstərir. Azərbaycan dəfələrlə bəyan edib ki, proseslərdə vasitəçiyə ehtiyac yoxdur.

Xatırladaq ki, keçmiş Minsk qrupunun işğal dövründə ölkəmizə vaxtaşırı "turist" səfərləri baş tutsa da, heç bir nəticə əldə olunmurdu. Səfərlərin nəticəsiz qalması təkcə həmsədrlərin səriştəsizliyi ilə əlaqəli deyildi. Həmsədrlər ancaq torpaqlarımıza gəzmək məqsədilə gəlirdilər. Onların Azərbaycana qərəzli mövqeyi səbəbindən məsələnin həlli uzanırdı. Qurumun əsas məqsədi Qarabağı unutdurmaq idi. Daha dəqiq desək, keçmiş Minsk qrupunun fəaliyyəti tamamilə Ermənistanın mənafelərini qorumağa yönəlmişdi. Baxmayaraq ki, Prezidentimiz dövlət başçıları, siyasət adamları, jurnalistlərlə görüşlərində ölkəmizin ərazisində ikinci erməni dövlətinin qurulmayacağını, bir qarış ərazimizin belə Ermənistana verilməyəcəyini qətiyyətlə bildirmişdi. Amma həmsədrlər selektiv yanaşma nümayiş etdirirdilər. Onlar işğalçı Hayastanın diktə edən, Azərbaycanın isə əzilən tərəf vəziyyətində qalacağına, Qarabağ məsələsinin azərbaycanlılar tərəfindən tamamilə unudulacağına ümid bəsləyirdilər. Prezident İlham Əliyev bu bədnam həmsədrləri yumşaq şəkildə desək, "qapıdan qovdu". Hazırda Azərbaycan regionda yeni geosiyasi vəziyyət formalaşdırıb.

Mayın 14-də Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Danışıqlar əsnasında ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz Azərbaycan olub. Sülh müqaviləsinin mətni də dövlətimiz tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Ölkə başçımız eyni zamanda qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in gündəliyində olmasına baxmayaraq, qurumun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bütün bunlar bir daha ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesinin Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərdiyini söyləməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".