9/11 ABŞ-ın qorxulu kabusu
Tarix

9/11 ABŞ-ın qorxulu kabusu

Terrorizm bəşəriyyətə qarşı son dərəcə təcavüzkar təhlükədir, istənilən ekstremizm və terrorizm aktları cinayətdir, səbəbləri, forma və üsullarından asılı olmayaraq ona heç cür haqq qazandırmaq mümkün deyil. Latın dilində "terror" - qorxu, dəhşət sözünü ehtiva edir. Tarixçilərin fikrincə, "terror" anlayışı Fransa burjua inqilabı dövründə yaranmışdır. "Terror" - fiziki zorakılıq, məhv edilməyə qədər düşməni qorxutmaq kimi anlaşılır.

Yalnız ABŞ-da deyil, bütün dünyada dəhşət hissi oyadan terror aktları 11 sentyabr 2001-ci ildə səhər saatlarında baş verib. Həmin gün dörd terror aktı törədilib, 19 terrorçudan ibarət qrup dörd sərnişin laynerini ələ keçirib. Terrorçular Bostonda qaçırılmış iki layneri 17 dəqiqə fərq ilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin (World Trade Center, WTC) göydələnlərinə çırpıblar. Nəticədə, nəinki iki qüllə, həm də yeddi binadan ibarət kompleks tikililərinin əksəriyyəti dağılıb. Vaşinqton aeroportundan havaya qalxan təyyarə ABŞ Müdafiə Nazirliyinin binasına çırpılaraq Pentaqonun qərb fasadını dağıdıb.

Sonuncu olaraq ələ keçirilən dördüncü təyyarənin göyərtəsində artıq digər laynerlərdə nə baş verdiyini bilirdilər. Ekipaj və sərnişinlər terrorçu-pilota mane olmağa çalışsalar da o, təyyarəni yerə endirib. Dördüncü təyyarənin hədəfi barədə dəqiq məlumat yoxdur. 2004-cü ildə aparılan istintaqın nəticələrinə görə hədəfin Ağ Ev və ya ABŞ-ın Vaşinqtondakı Konqres binası olduğu açıqlanıb.

Bu terror hücumu, nəinki ABŞ, həm də dünya tarixində ilk "canlı fəlakət" oldu: hadisələrin inkişafını bir neçə saat ərzində bütün dünyada milyonlarla insan izlədi.

Həmin terror aktları nəticəsində 2 977 nəfər, o cümlədən qaçırılan təyyarələrin sərnişinləri və ekipaj üzvləri, dağıdılmış binalarda və ya onların yaxınlığında olan insanlar, həmçinin 400-dən çox yerüstü xidmət əməkdaşı - polis, xilasedicilər və yanğınsöndürənlər həlak olub. 6 000-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Terror aktlarının nəticələrindən təsirlənən insanların ümumi sayı (onların səbəb olduğu onkoloji xəstəliklər və psixi pozğunluqlar daxil olmaqla) 400 min nəfərdir.

Sentyabrın 20-də prezident Corc Buş Konqresdə çıxışı zamanı Usamə Bin Ladeni və "Əl-Qaidə" qruplaşmasını terror aktlarının təşkilatçısı elan edir və Taliban rejiminə ultimatum göndərir. Daha sonra "Office of Homeland Security" - "Vətənin Təhlükəsizliyi Bürosu"nun yaradıldığı elan edilir.

Qeyd olunur ki, terror hücumunun hazırlanmasına beş il vaxt sərf edilib. ABŞ hökumətinin məlumatına görə, təyyarələri qaçırmaq və onları ABŞ-ın mühüm infrastruktur obyektlərinə yönəltmək fikri bir neçə terror qrupunun üzvü Xalid Şeyx Məhəmmədə məxsus idi. O, 1996-cı ildə "Əl-Qaidə" beynəlxalq islam təşkilatının qurucusu Usamə Bin Ladenə öz planından söz açıb.

Planın hazırlanması 1998-ci ilin sonu - 1999-cu ilin əvvəllərində aktiv mərhələyə keçib. Həmin vaxt hədəflər müəyyən olunub (əvvəlcə nüvə elektrik stansiyalarına hücum etmək nəzərdə tutulurdu, lakin bu plandan gözlənilməz şəkildə imtina edildi) və "Əl-Qaidə"nin 19 üzvü, əksəriyyəti Səudiyyə Ərəbistanının vətəndaşları seçilib. Amerika Birləşmiş Ştatlarında məcburən uçuş təhsili almaq üçün pilot roluna Qərbdə ali təhsilli və həyat təcrübəsi olan insanlar seçirdi.

Gələcək terrorçulara Avropa geyimlərini geyinmək və restoranlarda yemək sifariş etmək bacarığı öyrədilirdi. Onlardan yalnız biri pilot təcrübəsinə malik idi. Pilotlar 2000-ci ildən ABŞ-da olublar, digər terrorçular isə 2001-ci ildə bura gəliblər. Qruplar hücum günü daxil olmaqla, aralarında daim əlaqə saxlayıblar.

1999-cu ilin sonlarından etibarən ABŞ xüsusi xidmət orqanları böyük terror hücumu barədə məlumatlar əldə ediblər. ABŞ Milli Təhlükəsizlik Agentliyi "Əl-Qaidə" üzvlərinin telefon danışıqlarını ələ keçirib və hücumun müzakirə olunacağı barədə ən azı bir görüşdən xəbərdar olub. 1996-cı ildən Usamə Bin Ladeni izləyən Mərkəzi Kəşfiyyat İdarəsi Səudiyyə Ərəbistanı hökumətindən əldə etdiyi məlumata əsasən, bilirdi ki, əvvəllər San-Dieqoda uçuş məktəbində oxuyan iki vətəndaşı "Əl-Qaidə"nin üzvü olub.

Lakin MKİ bu məlumatı nə ABŞ dövlət departamenti, nə də FTB ilə bölüşməyib. ABŞ Milli Təhlükəsizlik Şurasının əks-terror bölməsinin rəhbəri Riçard Klark sonradan etiraf edib ki, MKİ hücumun İsrail və ya Səudiyyə Ərəbistanına planlaşdırıldığını nəzərdə tutaraq terror hücumlarının Amerika ərazisində hazırlandığına sonadək inanmırdı.

2001-ci il iyul ayında FTB-nin Arizonadakı sıravi agenti "Bin Ladenin öz adamlarını ABŞ mülki aviasiya məktəblərinə göndərmək planı" barədə məlumat verib. Agent bununla əlaqədar bütün uçuş məktəblərinin ərəb şagirdlərinin dindirilməsini təklif edir, lakin bu təklif dəstəklənmir. Avqust ayına qədər MKİ müxtəlif mənbələrə istinadən Bin Ladenin ABŞ ərazisində terror aktı hazırladığını dəqiq bilirdi.

Həm hökumət tərəfindən, həm də müstəqil aparılan çoxsaylı araşdırmaların yekununda bildirilib ki, müxtəlif idarələr və xüsusi xidmət orqanları arasında məlumat mübadiləsi təcrübəsinin olmaması səbəbindən terror aktının qarşısını almaq mümkün olmayıb.

Terror aktının təşkilatçısı Usamə bin Ladenə gəlincə isə, o, Səudiyyə Ərəbistanın ən zəngin ailələrindən birinin nüfuzlu nümayəndəsi idi. SSRİ Əfqanıstanı işğal edəndən sonra mücahidlərin maliyyələşdirilməsi ilə məşğul olmuşdur. Məlumdur ki, mücahidlərə ABŞ da maliyyə dəstəyi göstərirdi (MKİ-nin "Siklon" kod adı ilə müvafiq əməliyyatı on il davam edib; bu müddət ərzində yaraqlıların təhsili, silahlanması və təşkili üçün yüz milyonlarla dollar ayrılıb). Dərc olunan sənədlərə görə, Bin Laden və MKİ mücahidlərin müstəqil maliyyələşmə mənbəyi olub.

İstintaq zamanı məlum olub ki, bütün aksiyalar "Əl-Qaidə" terror təşkilatının üzvləri tərəfindən planlaşdırılıb. Qruplaşmanın rəhbəri Usamə bin Laden öncə iştirakı barədə məlumatı təkzib etsə də sonra bunu təsdiqləyib. Terror hücumlarını "Əl-Qaidə" ilə əlaqəli olan Xalid Şeyx Məhəmməd planlaşdırıb.

Terror aktlarının vurduğu ziyanın dəqiq rəqəmi hələ də məlum deyil. 2006-cı ilin sentyabrında Ağ Evin o vaxtkı rəhbəri Corc Buş bildirib ki, 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarından ABŞ-a dəyən ziyan 500 milyard dollar təşkil edib.

2002-ci ilin noyabrında Amerikada 11 sentyabrda terror hadisələrinin araşdırılması üçün xüsusi müstəqil komissiya yaradılıb. İki il sonra komissiya 600 səhifədən ibarət yekun hesabat açıqlayıb. Mütəxəssislər etiraf edirlər ki, terrorçular ABŞ hakimiyyətinin və kəşfiyyatının işində ciddi "inzibati uğursuzluqlardan" yararlanıblar.

ABŞ-da terror aktları ilə bağlı yeganə məhkum olunan şəxs Mərakeş əsilli Fransa vətəndaşı Zakarias Mussaui olub. O, 2001-ci ilin avqustunda Oklahoma uçuş məktəbini bitirdikdən sonra həbs olunub. Fransız Usamə bin Ladenin şəxsi göstərişi ilə təyyarəni ələ keçirdiyini etiraf edib. 2006-cı ilin mayında Virginiya ştatının Aleksandriya Federal Məhkəməsi Mussauini ömürlük həbs cəzasına məhkum edib. 2002-2003-cü illərdə polis terror aktlarında iştirak etməkdə şübhəli bilinən daha altı nəfəri həbs edib.

2011-ci ilin may ayında ABŞ hərbi prokurorluğu beş nəfəri 2001-ci il 11 sentyabr terror hücumunun təşkilində iştirak etməkdə ittiham edib. Bir il sonra isə hərbi məhkəmə onlar barəsində sui-qəsdin təşkilində, mülki şəxslərə hücum etməkdə, qəsdən fiziki ziyan vurmaqda, qətldə, müharibə qanunlarını pozmaqda, dağıntılara səbəb olmaqda, təyyarənin qaçırılmasında və terrorizm maddələri ilə rəsmi ittihamlar irəli sürdü. Onların hər biri məhkəmədə susmağı üstün tutdular.

Dünya Ticarət Mərkəzinin dağıntıları yalnız səkkiz aydan sonra sökülməyə başladı. 2006-2013-cü illərdə həmin yerdə 541 metrlik qüllə inşa edilib, bu da ABŞ-ın ən hündür binasıdır. Pentaqonun bərpası təxminən bir il çəkdi. Sentyabrın 11-də baş verən hücumlar, nəinki Amerika, həm də dünya bazarlarına təsirsiz ötüşmədi.

Hücumun ekoloji mənfi nəticələri ciddi olub. Əkiz qüllələr dağılandan sonra minlərlə ton zəhərli zibil əmələ gəlib. Bərpa işlərində çalışan xilasedicilər və mütəxəssislər arasında xəstəliklərin sayı artıb. Aviasiya güclü dəyişikliklərə məruz qalıb, şirkətlər təhlükəsizliyə yanaşmanı sərtləşdirdilər. Sərnişinləri yoxlamağa daha çox vaxt sərf olunub, pilotların kabinəsi isə artıq zirehli qapılarla hava gəmisindən ayrılıb. Nəticədə, səma daha təhlükəsiz oldu.

ABŞ-ın CBS telekanalı 2022-ci ilin aprel ayında ilk dəfə 11 sentyabr 2001-ci ildə ABŞ-da baş vermiş hücumlarda iştirak edən terrorçularla bağlı video yayımlayıb. Video hücumdan iki həftə sonra Britaniya polisinin əlinə keçib.

Qeyd edək ki, 2011-ci il sentyabrın 11-də Nyu-Yorkda dağıdılmış əkiz qüllələrin yerində Milli Memorial və 11 sentyabr Muzeyi tikilib istifadəyə verilib. Memorial 400-dən çox ağacdan ibarət parkdır. Terror hücumları nəticəsində həlak olan təxminən 3 min nəfərin adı memorial əkiz hovuzları əhatə edən bürünc parapetlərdə həkk olunub. Memorialın ərazisində yerləşən muzey 11 sentyabr hadisələrinin nəticələrinin öyrənilməsi və onların sənədləşdirilməsi ilə məşğul olan ABŞ-ın əsas idarəsinə çevrilib.

2002-ci ildən başlayaraq ABŞ-da 11 sentyabr Vətənpərvərlik Günü qeyd olunur, 2009-cu ildən etibarən isə bu tarix Ümummilli Xidmət və Yaddaş Günü adlanır.

Aygün İBRAHİMOVA,

"Respublika".