Kənd təsərrüfatında mövsümü işlərin qızğın çağıdır. Əkinçilərin dediyinə görə, bu il barlı-bəhrəli olacaq. Tarlalarda, bağlarda bol məhsul yetişir, pambıqçılar da iş başındadır. Son illər rayonlarda pambıq əkininə maraq daha da artıb ki, bu da səbəbsiz deyil. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsullarının istehsalının ilbəil artırırlar. Qeyd edək ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi olduğu üçün daha çox maraq kəsb edir. İmişli rayonunda da pambıqçılığa maraq ildən-ilə artır. Vaxtilə bu rayonda əlli min tondan çox pambıq istehsal edilib, adlı-sanlı əmək adamlarının zəhməti sayəsində "ağ qızıl" şöhrət qazanıb.
Kənd təsərrüfatının bu gəlirli sahəsi ilə məşğul olan Aranlı kənd sakini Mehman Əliyev deyir ki, respublikamızda pambıqçılığın inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində respublikamızda pambıqçılığın böyük sənaye potensialı yaradılıb, həm də torpaqlarda geniş meliorativ tədbirlər görülərək irriqasiya sistemi qurulub.
Bir neçə ildir ailə üzvlərimlə birlikdə pambıq əkib-becəririk, sahələrdən bol məhsul götürmüşük, əldə etdiyimiz gəlir bizi təmin edir. Bu il 44 hektar sahədə çiyid səpini apardıq. "P-AQRO" MMC ilə müqavilə bağlamışam. Texnika sarıdan çətinliyimiz yoxdur, anbarlarımızda çiyid, gübrə və dərman ehtiyatları var. Biz əsasən qardaş Türkiyədən gətirilmiş "Bəyaz Altun" 440 və "Lazer" məhsuldar toxumlarından istifadə edirik. Təcrübəli fermer qeyd etdi ki, pambıqçılıqda yaxşı məhsul götürmək üçün əsas torpağın vaxtlı-vaxtında suvarılmasıdır. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığına əsasən kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı bu işlərə xüsusi diqqət yetirir. Bu səbəbdən, suvarma suyu ilə bağlı heç bir problemimiz olmayıb. Səpilən 44 hektar çiyid təcrübəli suçular Arif Atakişiyevin və Hamel Qəhrəmanovun sayəsində vaxtında suvarıldı, yüz faiz çıxış əldə olunub, hazırda sahələrdə 3-cü, 4-cü becərmə işləri aparılır, yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Bununla yanaşı, sahələrin alaq otlarından təmizlənməsi, kultivasiyanın yüksək səviyyədə aparılmasında mexanizator Əmirxan Məmmədov və kollektivin digər üzvləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bir sözlə, pambıqçılar bol məhsul əldə etmək üçün var qüvvələrini sərf edirlər. Təcrübəli təsərrüfatçı Mehman Əliyev söhbət zamanı bildirdi ki, pambıqçılıqla məşğul olmaq ənənəsi bizim ailəyə atam Əliyev Qədir Salman oğlundan miras qalıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə atam uzun müddət pambıqçılıq üzrə təsərrüfat rəhbəri işləyib. Ailəmizdə olan söhbətlərdən mənə məlum olub ki, yaşadığımız İmişli rayonunun Aranlı kəndində "Lenin" adına kolxoz təkcə rayonda yox, respublikamızda qabaqcıllar sırasında olub. Ona görə də Heydər Əliyev pambıq mövsümü vaxtı rayonlara səfəri zamanı İmişli rayonuna gələndə bizim yaşadığımız Aranlı kəndində bir neçə dəfə olub. Dahi rəhbər pambıq sahələrində zəhmətkeşlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub, qabaqcıl işçilərə onun tapşırığı əsasında qiymətli hədiyyələr verilib. Pambıq sahələrində zəhmətkeşlərlə çəkdirdiyi xatirə şəkillərində atam da var. Bu şəkillər hazırda kəndimizdə bir çox evlərdə və İmişli rayonunun bir çox idarə-müəssisələrində böyük hörmət və sevgi ilə unudulmaz xatirə kimi qorunub saxlanılır. Həmin vaxtlarda kolxozda beş min tondan çox "ağ qızıl" tədarük edilərmiş. Kənd sakinlərinin zəhməti nəzərə alınaraq İmişli pambıqtəmizləmə zavodunun nəzdində olan Aranlı pambıq qəbulu məntəqəsi həmin vaxt kolxozun ixtiyarına verilib. Burada xeyli sayda kənd sakini işlə təmin edilib. Fermerlər onlara yaradılan münbit şəraitə və dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Havalar əlverişli keçsə bu il yüksək məhsul əldə etmək mümkün olacaq. "Ağ qızıl"a maraq daha da artacaq.
Ərəstun ABDULOV,
"Respublika".