AĞDAM: Ən önəmlisi vətəndaş razılığıdır
Bölgələr

AĞDAM: Ən önəmlisi vətəndaş razılığıdır

Müharibələr, ərzaq qıtlığı, iqlim dəyişikliyi, qloballaşma, dövlətlərin bir-birini təhdid etməsi, enerji böhranı, su mənbələrinin azalması və digər irimiqyaslı problemlər dünyanın başı üzərindən Domokl qılıncı kimi asılıb. Min illərlə mövcud olan xeyirlə şərin mübarizəsi dünya xalqlarının həyatında dərin iz buraxır. Belə bir təzadlı zamanda dünyanın bir parçası olan Azərbaycan iki il bundan əvvəl işğalçı və şər qüvvələri, torpaq qəsbkarlarını, onların havadarlarını döyüş meydanında məğlub edərək şanlı Qələbəyə nail oldu. Otuz ilə yaxın itirilmiş haqq, ədalət bərpa edildi, torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucaldı. Artıq xalqımız öz yaralarını sarıyır, xarabalığa çevrilmiş yurd yerlərinə həyat qayıdır, gələcək naminə çox böyük işlər görülür. Bir sözlə, bütün sahələrdə həyata keçirilən davamlı islahatlar dövlətçiliyin, iqtisadiyyatın inkişaf etdirilməsində, yeni texnologiyaların tətbiqində, milli-mənəvi dəyərlərin qorunmasında, məmur-vətəndaş münasibətlərinin tənzimlənməsində, ən vacibi isə dünyada ölkəmizin mövqeyinin möhkəmlənməsində yeni bir mərhələ başlayıb.

Prezident İlham Əliyevin 19 illik hakimiyyəti dövründə bütün məmurlara əsas tapşırığı belə olub ki, həmişə xalqın yanında olun, onun problemlərinin həllinə kömək edin, ən əsası isə xalqın xidmətçisi olmalısınız. Mərkəzi icra orqanlarından başlayaraq yerli icra hakimiyyətlərinə qədər vətəndaşların qəbuluna, onlarla görüşlərin keçirilməsinə ciddi diqqət yetirilir. Yaxşı bilirik ki, bir vətəndaşın qaldırdığı problem böyük bir ailənin, hətta bir kəndin problemidir, onun həllinə səhlənkar yanaşmaq olmaz. Bu tövsiyə və tapşırıqları fəaliyyət proqramı kimi qəbul edən Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşlarla mütəmadi görüşlər keçirilir, başqa şəhər və rayonlarda məskunlaşan ağdamlı köçkünlərlə sıx təmas qurulur, onları düşündürən və narahat edən məsələlər qısa müddətdə öz həllini tapır. Qeyd edək ki, Ağdam rayonunda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır, rayon icra hakimiyyətinin başçısı, xidmət sahələrinin rəhbərləri, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə kəndlərdə sakinlərlə görüşlər keçirilir, şəhid ailələrinə və qazilərə həssas münasibət göstərilir. Belə görüşlər rayonun bütün kəndlərinin sakinlərini və respublikamızın 58 rayonunda məskunlaşan ağdamlı köçkünləri əhatə edir. Növbəti belə bir görüş Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ağdamlı məcburi köçkünlərlə keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün görülən tədbirlər davamlı xarakter alıb. Dövlətimiz tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş tədbirlər uğurla davam etdirilir, şəhid ailələrinə və qazilərə mənzillər verilir və diqqətəlayiq haldır ki, bu qayğıdan rayonumuzun sakinləri də yararlanır. Açıq və səmimi şəraitdə keçirilən görüşdə vətəndaşların üzləşdikləri problemlərin həll edilməsi üçün operativ tədbirlər görülmüşdür.

Qeyd edək ki, rayonun Əhmədağalı, Xındırıstan, Qaradağlı, Əfətli və digər kəndlərdə, keçmiş məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə də əhali ilə davamlı görüşlər keçirilir. Bütün görüşlərdə sakinlər torpaqlarımızın erməni işğalından azad edilməsinə, onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.

Salman ALIOĞLU,

"Respublika".