AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5450 aztəminatlı ailəyə sovqat göndərib
Sosial həyat

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar 5450 aztəminatlı ailəyə sovqat göndərib

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən (AHİK) müasir müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə respublikanın regionlarında yaşayan 4200 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla yüklənmiş avtomobil karvanı yola salınıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatları verilir.

Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.

Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, bütün bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o cümlədən sovqatlar,  hədiyyələr verir.

Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin doğum günü həm dövlətimiz, həm də xalqımız üçün əlamətdar bir gündür: “Çünki dahi lider Azərbaycanın inkişafına bütün ömrünü həsr edib. Onun xalqımızın və dövlətimizin həyatında gördüyü işlərə baxanda bir daha əmin oluruq ki, Heydər Əliyev bizim sərvətimizdir, qismətimizə düşmüş Tanrı payıdır. Biz Heydər Əliyevin böyüklüyünü və əzəmətini zaman keçdikcə daha dərindən dərk edir, dahi şəxsiyyətin ömrünü Vətənə və xalqa sədaqətli xidmət missiyası kimi dəyərləndiririk. Odur ki, belə əziz bir gündə istədik ki, Ulu Öndərimizin bizə miras qalan qiymətli və müqəddəs tövsiyələrinə sadiq qalaraq şəhidlərimizin ailə üzvlərini, qazilərimizi bir daha yad edək, onlara maddi-mənəvi dəstək olaq. Bu, hər birimiz üçün ali missiyadır”.

“Respublika”.