Ahıl şəxslər dövlət qayğısı ilə əhatə olunur
Sosial həyat

Ahıl şəxslər dövlət qayğısı ilə əhatə olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdən biri də Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir. Sosial xidmət müəssisəsi ümumi 300 çarpayı olmaqla 2 korpusdan ibarətdir. Hazırda 214 ahıl şəxsə zəruri sosial xidmətlər göstərilir. Onlardan 111-i kişi, 103-ü qadındır.

Sosial Xidmətlər Agentliyindən “Respublika”ya verilən məlumata görə, müəssisədə sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb. Həmçinin kitabxana, idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir. Bununla yanaşı, ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.