AHILLARA DAVAMLI DÖVLƏT QAYĞISI
Region

AHILLARA DAVAMLI DÖVLƏT QAYĞISI

Masallı

Masallıda ağsaqqallara, ağbirçəklərə, ömrün ahıl çağlarını yaşayan insanlara xüsusi hörmət və ehtiram göstərilir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun şəhər, qəsəbə və kəndlərində müntəzəm yaşlı, ahıl insanlarla görüşür, onların qayğı və çətinlikləri ilə yaxından maraqlanır.

Böyük Vətən Müharibəsinin iştirakçısı Cənnət Teymurov Viləş kəndində yaşayır. Bu günlərdə ömrünün 103-cü baharına qədəm qoyub. İcra başçısı veteranın yaşadığı mənzilə baş çəkib, ad günü münasibətilə onu səmimi qəlbdən təbrik edərək arzu və istəklərini soruşub. Ağsaqqal fərdi evinin həyətində yardımçı binanın tikilməsini xahiş edib. İcra başçısı daxili imkanlar hesabına tikiliyə  lazımi inşaat materialları göndərib.

Rayon rəhbəri növbəti dəfə bir qrup ahıl şəxslə görüşüb. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası sahəsində rayonda görülmüş işlərdən danışıb. Bildirib ki, Masallı rayonunda 11 sosial xidmətçi tərəfindən 40 ahıl və 20 əlilliyi olan şəxslərə evlərində səyyar sosial məişət xidməti göstərilir. Ahıl şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının baş mütəxəssisi Nərmin Məmmədova ahıl insanlara göstərilən dövlət qayğısından, müdrik qocaların zəngin həyat təcrübələrindən istifadə olunmasının vacibliyindən söhbət açıb, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı yeni layihələrin həyata keçirildiyini bildirib. Rayonda bu sahədə işlərin uğurla davam etdiriləcəyini əminliklə vurğulayıb.

Görüşdə ahıllar ardıcıl və davamlı şəkildə dövlət qayğısı ilə əhatə olunduqları üçün ölkə Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.