Aqrar idarəetmənin təkmilləşdirilməsi zamanın tələbidir
İqtisadiyyat

Aqrar idarəetmənin təkmilləşdirilməsi zamanın tələbidir

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycanda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı mühüm yerlərdən birini tutur. Sirr deyil ki, əlverişli coğrafi-iqlim xüsusiyyətləri aqrar sahənin geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin böyük bir hissəsinin bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sahəyə diqqətin artması sosial baxımdan da önəm kəsb edir. Ölkənin iqtisadi potensialı kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabətqabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dəstəyin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının müsbət nəticələri sayəsində kənd təsəsrrüfatının və emal edilən məhsulların həcmində artım müşahidə olunur. Müvafiq sahədə elektron sistemin yaradılması kənd təsərrüfatının inkişafına təkan verir. Təsadüfi deyil ki, dövlət başçımız 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Sərəncam imzalamışdı. Sərəncamda bildirilmişdi ki, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Əsas məqsəd kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək olub.

Çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artıb, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib. Son 20 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür. Bundan başqa, Dünya Bankının məlumatları əsasında aparılan hesablamalara görə, son illərdə ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yuxarıdır. Belə ki, 2003-cü il baza ili olmaqla, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sahədə yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 olduğu halda, bu göstərici dünya üzrə 2,9, Avropa və Mərkəzi Asiya üzrə 1,4, region ölkələrindən Türkiyədə 2,7, Gürcüstanda 1,5, Rusiyada 1,8, İranda 2,8 faiz olub. Nəticə etibarilə 2003-2022-ci illər ərzində kənd təsərrüfatı məhsulları ixracının həcmi 6,9 dəfə artıb. Digər statistikaya nəzər salsaq görərik ki, daxili istehsal meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkəni tam təminetmə potensialına malikdir. Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində həyata keçirdiyi uğurlu iqtisadi siyasət, aqrar sahənin inkişafı ilə bağlı aparılan islahatlar dayanır. Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı mühüm əhəmiyyət kəsb edir. Nəticədə aparılan islahatlar daha da dərinləşdi, aqrar sahəyə dövlət dəstəyi mexanizmi təkmilləşdirildi və çoxşaxəli dövlət dəstəyi sistemi yaradıldı, kənd təsərrüfatı istehsalçılarına verilən birbaşa subsidiyaların əhatə dairəsi genişləndirildi. Bu dövrdə yanacaq və motor yağlarına, mineral gübrələrin, pestisidlərin satışına, toxum və tinglərin istehsalına, buğda və çəltik əkinlərinə, təkrar əkinlərə, pambıq və şəkər çuğunduru satışına, bir sıra texnika və texnoloji avadanlıqlara görə subsidiyaların verilməsinə başlanıldı. Ümumilikdə aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcmi 2007-2022-ci illər ərzində nominal ifadədə 10 dəfəyə yaxın artaraq 450 milyon manata çatdı. Həmçinin yüksək səviyyəli güzəştlər tətbiq edilməyə başlanıldı. Nəticə etibarilə ölkəyə idxal edilən bir sıra avadanlıqlar rüsumdan azad edildi, müasir suvarma sistemləri dəstinə, soyuducu anbar və avadanlıqların alınmasına dövlət büdcəsi hesabına 40 faizlik güzəştlər tətbiq olundu.

Respublikamızda aqrar sahənin inkişafı ilə bağlı aparılmış ardıcıl və sistemli islahatlar, tədbirlər, sərgilər, xarici mütəxəssislərin ölkəmizə dəvət olunması dövlətimizin bu sahəyə göstərdiyi qayğının təzahürüdür. Cari ilin may ayında  təşkil olunan sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") xüsusi əhəmiyyət daşıyır. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar təşkil olunan sərgidə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə xüsusi yer ayrılıb. Xüsusi qeyd etmək lazımdır ki, tədbirdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Baş nazirin müavini İqor Petrişenko və 42 şirkətin nümayəndəsi iştirak edib. Ümumiyyətlə, regionun ən böyük kənd təsərrüfatı sərgisi olan "Caspian Agro"ya 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Dövlət başçımız və dost ölkənin lideri stendləri gəzərək məhsullara nəzər yetirib, insanlarla həmsöhbət olublar. Hökumət rəsmisi İqor Petrişenko iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin intensiv inkişaf etdiyini, ölkəsinin Azərbaycanla aqrar sahədə əməkdaşlığa önəm verdiyini bildirib.

Qeyd edək ki, ötən illə müqayisədə sərgilərin miqyasında 10 faiz artım müşahidə olunub. Həmçinin cari ildə Türkmənistan və Venesuela da sərgidə ilk dəfə iştirak edib. Sözsüz ki, bu kimi sərgilərdə yeni ölkələrin iştirakı beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirir, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açır. "Caspian Agro" sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunub. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə etmək imkanı qazanıblar. Sərgi bu il digər bir ilkə də imza atıb. Belə ki, əvvəlkilərdən  fərqli olaraq 17-ci "Caspian Agro"da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "GreenAgroHack" hakaton (proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsi) yarışması keçirilib. Burada innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə və gənclər arasında bu sahəyə marağın artırılmasına nail olmaq əsas məqsəddir.

Töhfə SƏMƏDOVA,

"Respublika".