İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün, əmin-amanlığın bərqərar olmasına, xalqların mehriban şəraitdə yaşamasına səy göstərən Azərbaycan ermənilərin 30 il ərzində işğal altında saxladıqları tarixi ərazilərimizdə, sözün əsl mənasında, vandallıq, vəhşilik törətdiklərinə, milli mədəniyyət abidələrimizi dağıtdıqlarına, şəhər və kəndlərimizi yer üzündən sildiklərinə baxmayaraq, düşmən ölkəyə sülh təklif etdi.
Regiona sülh gətirmək naminə işğalçılıqla, terror əməlləri ilə, təxribatlarla dolu olan köhnə səhifələri çevirməyi təklif edən ölkə başçımız İlham Əliyev 3 ilə yaxındır ki, iştirak etdiyi bütün mötəbər tədbirlərdə, görüşlərdə Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan edir və 2020-ci il 10 noyabr Bəyanatının bütün müddəalarına dövlətimiz tərəfindən əməl olunduğunu bildirir. Prezident çıxışlarında, müsahibələrində, həmçinin Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının azərbaycanlılarla eyni hüquqa malik olduqlarını və tarixi Azərbaycan torpaqlarında sərbəst, azad yaşayacaqlarına əminliyini ifadə edir. Regionda sülhü, təhlükəsizliyi istəməyən, iki ölkə arasında münasibətlərin normallaşmasına rəvac verməyən bəzi ermənipərəst qüvvələrin Qarabağda yaşayan erməni əsilli vətəndaşlara status verilməsi tələblərinə isə dövlət başçımız onlara azərbaycanlılardan fərqli heç bir statusun verilməyəcəyini və hər zaman olduğu kimi, hüquqlarının və təhlükəsizliklərinin qorunacağını bildirmişdir. Prezident Azərbaycan vətəndaşları olan ermənilərin cəmiyyətimizə inteqrasiya olunmaları üçün hər cür şəraitin yaradılacağını da dəfələrlə vurğulamışdır.
Fevral ayının 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxış edən İlham Əliyev bu barədə demişdir: "Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil".
Hər zaman dediyi sözü yerinə yetirən, nəyi, necə etməyi yaxşı bilən Azərbaycan Prezidenti bu dəfə də sözünə əməl etdi. Belə ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov mart ayının 1-də Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşmüş və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdır.
Görüşdə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak etmişdir. Qeyd edək ki, ötən ilin sonlarında Qarabağda "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması üçün Azərbaycanın aidiyyəti qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edilmişdi. Laçın-Xankəndi yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin və Azərbaycanın qızıl və mis mədən yataqlarının qanunsuz talan edilməsinin dayandırılması tələb olunmuşdu. Hətta, Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Laçın yolunun Şuşadan keçən hissəsinə gedərək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə də görüşmüşdü. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmamış və monitorinq baş tutmamışdır. Dünən Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında təbii sərvətlərimizin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbərinin də iştirak etməsi ötən il dekabrın 12-dən etibarən artıq 81 gündür aksiya keçirən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının üzvlərinin və ictimaiyyət nümayəndələrinin tələblərinin yerinə yetirilməsi istiqamətində atılan uğurlu addım hesab oluna bilər.
Mehparə ƏLİYEVA,
"Respublika".