İsti yay günlərində ölkənin siyasi həyatında qaynarlıq hiss olunur. Belə ki, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın və Milli Məclisə növbədənkənar seçkilər keçirilsin. Xatırladaq ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Bununla da 6-cı çağırış parlament işini yekunlaşdırıb.
Növbədənkənar parlament seçkilərinə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da hazırlıq işləri davam etdirilir. Laçın, Şuşa, Füzuli, Ağdam, Xankəndi, Xocalı, Ağdərə şəhərlərində və Hadrut qəsəbəsində seçki məntəqələri təşkil edilib. Ötən dövrdə azad edilmiş ərazilərdə 44 seçki məntəqəsi yaradılıb. Hazırda isə həmin ərazilərdə seçki məntəqələrinin sayı 55-ə çatıb. Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün Qarabağ və Şərqi Zəngəzurda da bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub, təhlükəsizliyin təmin edilməsi üçün işlər görülüb. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, seçkini izləyəcək müşahidəçilər, habelə seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.
Məntəqə seçki komissiyasının üzvləri üçün keçirilən treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur. Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin azad edilən ərazilərdə seçicilərlə görüşü üçün ümumilikdə 25 təşviqat yeri ayrılıb. Yerlər "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq müəyyən edilib. Təşviqatın aparılmasına görə azad olunmuş ərazilərdə seçicilərlə görüş üçün 14 açıq, 11 qapalı tipli yer seçilib. Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb. Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək seçicilərdən biri Azad Nəsibov 1965-ci ildə Laçın şəhərində doğulub. 27 yaşında Ermənistanın işğalçılıq siyasəti və hərbi təcavüzü nəticəsində doğma elindən didərgin düşüb, on illər boyu Vətən həsrəti ilə yaşayıb. Azad kimi minlərlə laçınlının yurd nisgili sevinclə əvəz olunub. İndi yenidən qurulan Laçın şəhərində ailəsi ilə birlikdə firavan yaşayır. 58 yaşında yenidən Laçına qayıdan Azad deyir ki, ata-babamızın yurduna qovuşduğumuz üçün çox xoşbəxtik, dünyada bundan gözəl hiss yoxdur. Bu torpaqlar bizim üçün həm doğma, həm də müqəddəsdir. Çünki şəhidlərimizin qanı bahasına azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Biz laçınlılar ilk dəfə doğma elimizdə keçiriləcək seçkilərdə öz namizədimizə səs verə biləcəyik. Laçın sakini, Bəhruz Əhmədov da sevinclə deyir ki, çox qürurverici və fəxr ediləsi günlər yaşayırıq. Ona görə ki, biz doğma yurdumuzda, Laçında ilk dəfə olaraq ərazi bütövlüyümüz bərpa olunandan sonra ailə üzvlərimizlə prezident seçkilərində iştirak etdik. İndi isə Milli Məclisə öz namizədimizə səs verəcəyik.
İşğaldan azad edilmiş ərazilərdə bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin mütəşəkkilliklə səsvermədə iştirak etmələri sözün əsl mənasında qürur yaşatdı. Sübh tezdən seçki məntəqələrinə insanların axını başlandı, əsl izdiham yaşandı. İşğaldan azad edilən ərazilərdəki seçki məntəqələrinə gələn seçicilərin çoxunun əlində üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Seçki məntəqələrində yaradılan şərait seçicilərin azad və şəffaf şəkildə səs vermələrinə stimul verirdi. İşğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə keçirilən seçki zəfər seçkisi kimi tarixin səhifələrinə yazıldı. Qalib ölkənin vətəndaşları dövlət başçısını seçmək üçün böyük mütəşəkkillik göstərdilər. Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər də azad edilmiş ərazilərdə yüksək əhvali-ruhiyyə və mütəşəkkilliklə keçiriləcək.
Salman ALIOĞLU,
"Respublika".