AZAD ŞUŞA DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏ
Sosial həyat

AZAD ŞUŞA DÜNYANIN DİQQƏT MƏRKƏZİNDƏ

Şuşanın ICESCO-nun qərarı ilə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi təkcə onun bu şərəfi ləyaqətlə yerinə yetirəcəyinə inamın ifadəsi deyil, həm də ICESCO-ya üzv olan ölkələrin ədalətli mövqeyimizə, torpağımız naminə apardığımız müharibədə əldə etdiymiz qələbəyə dəstəyini ifadə edir.

Prezident İlham Əliyev Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə baş tutan təntənəli yığıncaqda belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsini çox yüksək etimad kimi qiymətləndirməklə həm də Şuşanın 28 illik işğaldan azad olunmasının beynəlxalq aləmdə təsdiqi kimi dəyərləndirmişdir.

Ölkə başçısı belə bir beynəlmiləl tədbirin Şuşada keçirilməsinin təsadüf deyil, tarixi qanunauyğunluq olduğunu xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, 28 il Şuşasız yaşadıq. Həm şuşalılar, həm də bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayır və saxlayacaqlar. Şuşa şəhərinin dirçəldilməsi istiqamətində də mühüm addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa sözün əsl mənasında, dirçəlir, Şuşanın işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıldılmış dörd məscidi yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Dövlət başçısı nitqində bu işğalın xalqımızın mübariz ruhunu qıra bilmədiyini, Şuşanın azad olunması uğrunda müharibədə qazanılmış qələbəni təkcə əsgər və zabitlərin qəhrəmanlığının deyil, hər bir azərbaycanlının, istər qadın, istərsə də yaşından və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq cəbhəyə dəstəyinin nəticəsi kimi dəyərləndirmiş və demişdir ki, Şuşa öz ruhunu qoruyub saxlaya bildi. Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz - Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək. Şuşanın azad edilməsi tariximizin parlaq səhifəsidir.

Şuşada keçirilən və dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların və incəsənət ustalarının iştirak etdiyi VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılış tədbirində səslənən bu fikirlər festivalın sərhədlərini aşaraq bütün dünyaya yayıldı, qələbəmizə kölgə salmaq istəyənlərə qarşı güllə səsi kimi əks-səda verdi. Bu həm də Ulu Öndərin "Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi bir abidədir - deyə verdiyi tapşırığın yerinə yetirilməsindən doğan qürur və sevinc hissinin əks-sədasıdır.

Ölkə başçısının bu qətiyyəti, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı Ermənistana və onun havadarlarına "Şuşadan gözünüzü çəkin, Şuşa Azərbaycanın və bütün Türk dünyasının mədəniyyət paytaxtıdır" - sözləri bəzi güc mərkəzlərinə xəbərdarlıq oldu.

ICESCO-nun qərarı ilə Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi həm də onunla əlamətdardır ki, tədbirdə iştirak edən müxtəlif millətlərdən olan çoxsaylı qonaqlar azad Şuşaya, erməni işğalından xilas edilmiş "torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır". ICESCO-nun Baş direktoru bin əl-Malikinin tədbirdəki çıxışı Azərbaycan həqiqətlərinə, haqq işimizə beynəlxalq dəstəyi ifadə edir: "Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təsadüfi deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır".

Qətərin paytaxtı Doha şəhərində 2023-cü il sentyabr ayının 25-də keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi bu qədim şəhərə xüsusi ehtiramın ifadəsidir. Şuşa İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya bir daha bəyan edilməsində özünəməxsus rol oynayacaq.

Vaqif TANRIVERDİYEV,

"Respublika".