Azadlıq mübarizəsinə qarşı fransız gilyotini və ya Yelisey sarayı günahı başqalarında axtarır
Siyasət

Azadlıq mübarizəsinə qarşı fransız gilyotini və ya Yelisey sarayı günahı başqalarında axtarır

Yeni Kaledoniyada Beşinci respublikanın müstəmləkəçilik siyasətinin əleyhdarlarının təşkil etdiyi etiraz aksiyaları davam edir. Rəsmi Parisin sərt mövqeyinə baxmayaraq, azadlıq arzusu ilə küçələrə axışan əhali çoxillik əsarətin sona çatmasını istəyir. Fransa isə yerli kanak xalqını "öz qanında boğmağa" çalışır.

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Yelisey sarayı komendant saatı, ictimai toplantıların qadağan olunması, sosial mediadan istifadənin məhdudlaşdırılması kimi tədbirlərlə məsələnin qloballaşmasının qarşısını almağa çalışsa da, beynəlxalq ictimaiyyət Kaledoniyada prosesi yaxından izləyir.

Qeyd etmək lazımdır ki, Fransanın yeni miqrantların səsvermə hüququna malik olması üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi birbaşa yerli əhalinin assimilyasiya edilməsinə hesablanıb. Artıq uzun illərdir ki, digər ərazilərdən on minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirməyə nail olan Yelisey sarayı "nəhayət" arzusuna qanuni çərçivədə nail olmaq istəyir. Sözügedən düzəlişlərin nəticəsində Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransızlar səsvermə hüququna malik olacaqlar. Xronoloji ardıcıllıqda bir qədər geriyə baxsaq görərik ki, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniyanın müstəqillik hərəkatı arasında imzalanmış Numea sazişinə əsasən adada təxminən 42 min nəfər, yəni seçicilərin hər beşindən birinin səsvermə hüququndan məhrum edilməsi məhz bu gün atılan addımın təməli hesab olunur. Yelisey sarayının say üstünlüyünü ələ alaraq yerli xalqın azadlıq arzusunu "demokratik" yollarla boğmaq cəhdi budəfəki fazada daha qanlı və faciəvidir. İlk növbədə, Fransa bu qərarla Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən indiki hökuməti dekabrda keçiriləcək seçkilərdə iştirakdan məhrum edə bilər. Baxmayaraq ki, kanaklar Fransa hökumətini dialoqa çağırır və Yeni Kaledoniyaya aid qərarların məhz yerlilərin iştirakı ilə verilməsini istəyirdilər. Yelisey sarayı bütün etirazlara rəğmən layihəni artıq Fransa Parlamentinin hər iki palatasında zorla qəbul etdirib. Görünür, "hərbə-zorba" yolu siyasi elitada da özünü büruzə verir. Məlumdur ki, yerli kanakların "qanını içməyə" söz verən Fransanın daxili işlər naziri Jerar Darmaninin rəhbərlik etdiyi jandarmların Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə don geyindirilməsi üçün siyasi çərçivədə əsaslı işlər görülür. "Haqq-ədalət qoruyucusu" olan firənglərin əsl üzü məhz Yeni Kaledoniyada ifşa olunur. Müstəqilliyi uğrunda mübarizə aparan kanaklar yerli seçkiləri demokratik yolla qalib başa vursalar da, fransız gilyotini - edam aləti bir xalqın azadlıq arzusunu yarıda kəsdi. Qeyd edək ki, adaya jandarmlarla bərabər silahlı qüvvələr də cəlb edilib. Ölən və xəsarət alanların sayı isə tam açıqlanmır. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə həmin təşkilatın üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib.

Fransa yeni dünya düzənində öz müstəmləkəçilik siyasətini genişləndirməyə, daha çox "leqallaşdırmağa" çalışır. Məhz bu çərçivədə Yelisey sarayı Yeni Kaledoniya ilə yanaşı, digər ərazilərdə də azadlıq hərəkatına başlamış xalqların haqlı tələbini təxribat adlandırır, digər dövlətlərin oyunu kimi qiymətləndirir. Belə ki, Fransa Kaledoniyadakı toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların azadlıq arzusunu heçə sayaraq kolonial siyasətdən əl çəkmək niyyətində olmadığını göstərən Yelisey sarayı digər dövlətləri ittiham etməklə əsl riyakarlıq göstərir. Məhz bu işdə fransız mediası da aktiv iştirak edir. Məlumdur ki, anti-Azərbaycan fəaliyyəti Makron rejiminin dirijorluğu ilə daha da intensivləşib. Fransa haqq yolunda irəliləyən, regional lider dövlət olan Azərbaycanın yerli xalqlara qarşı dəstəyini fərqli məcralara yozmağa çalışır. Unudulmamalıdır ki, qüdrətli dövlətimiz hər zaman məzlumun yanında, haqsızın qarşısında durmağı bacarmışdır. Ölkəmiz daim beynəlxalq hüquq və normalara əməl edilməsi üçün çağırışlar edir. Tolerantlığımız, humanizmimiz ilə dünyaya nümunəyik. Xüsusilə, 4 il boyunca uğurla sədrlik etdiyimiz Qoşulmama Hərəkatında hər zaman bu məsələ aktuallığını qoruyub. Azərbaycan sonrakı sədrlərə də, neokolonializmlə mübarizəni miras qoyub. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq: "Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır...". Məhz Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik mübarizəsi aparan 14 hərəkatın Yeni Kaledoniyaya dəstək bəyanatı yayması xüsusi vurğulanmalıdır. Bəyanatda qeyd edilir ki, administrativ gücünə, himayəsində olan xalqların öz müqəddəratını təyinetmə hüququnu inkar edən Fransa müstəmləkəçi doktrinasına uyğun olaraq, amansızlıq nəticəsində kanaklar bu gün alov içindədir.

Qeyd edək ki, ölkəmizin kanak xalqına olan dəstəyi də olduqca müsbət qarşılanır. Yerli xalq etiraz aksiyalarından Yeni Kaledoniyanın bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da dalğalandırır. Məhz bütün dünyada olduğu kimi, onlar da Azərbaycanın 30 ilə yaxın ədalətsizliyə uğramasından, haqq səsinin duyulmamasından, 1 milyondan çox məcburi qaçqın və köçkünlə çətin vəziyyətə salınmasından agahdılar. Və yaxşı bilirlər ki, qüdrətli Azərbaycan dövləti bütün çətinliklərə sinə gərərək bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin edə bilib. Yeni dünya düzənində Azərbaycan lider dövlət kimi tanınır, qlobal problemlərin həlli üçün aparılan müzakirələrə uğurla ev sahibliyi edir. Ölkəmizə etimad və inam olduqca böyükdür. Yəni Fransa kimi "əliqanlı qatil"lərin qarayaxma kampaniyası ölkəmizin nüfuzuna xələl gətirə bilməz. Əksinə, yerli kanak xalqı ilə yanaşı, digər Fransa müstəmləkəsindən əziyyət çəkən insanlara daim yardım əli uzatmaq beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Nurlan ABDALOV,

"Respublika".