AZƏRBAYCAN BAYRAĞI ORDENLİ VƏTƏN FƏDAİSİ
Bölgələr

AZƏRBAYCAN BAYRAĞI ORDENLİ VƏTƏN FƏDAİSİ

Azərbaycanımızın mərd, igid oğulları bu kəlamlar uğrunda göz qırpmadan özlərini vətən savaşına, qızğın döyüşlərə ataraq, müdafiəyə qalxdılar, son damla qanlarına qədər vuruşdular... Ölümə meydan oxuyan cəsur döyüşçülərimizdən biri də Vətən müharibəsi şəhidi kapitan Həmid Əlisahib oğlu Həmidlidir. Şəhidimizin mövlud günü Beyləqan rayonu Milad kəndində qeyd edilib.

Tədbirdə Azəbaycan Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Bayram Yusifov, Gəncə Ağsaqqallar Şurasının sədri Nürəddin Məmmədov, Beyləqan İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Beyləqan Ağsaqqallar Şurasının sədri Etibar Ağayev, şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İlk öncə, Dövlət Himni səslənib, şəhid kapitan Həmid Həmidlinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarına tər güllər düzülüb, əziz ruhuna dualar oxunub. Azərbaycan Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini Bayram Yusifov şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib və qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi zəfər çaldı. Qəhrəman beyləqanlılar da Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, şücaət göstərmişlər. Cəsur, igid döyüşçülərimizdən biri də Vətən müharibəsi şəhidi Beyləqan rayon sakini kapitan Həmidli Həmid Əlisahib oğludur. O, torpaqlarımızın azadlığı uğrunda gedən bütün döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Şəhid Həmid Əlisahib oğlu Həmidli 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı zamanı döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Həmid Həmidli bütün gənclərə örnəkdir. Gəncə Ağsaqqallar Şurasının sədri Nürəddin Məmmədov şəhidin ailəsinə başsağlığı verərək qeyd edib ki, şəhid Həmid Əlisahib oğlu Həmidli həm də Gəncə sakinlərinin ölməz qəhrəmanı və şəhididir. Gəncə Şəhər Ağsaqqallar Şurası İdarə heyəti cəsur, qəhrəman Həmidli Həmidin xatirəsini əbədiləşdirmək qərarına gəlmişdir. Belə ki, şəhid Həmidin şücaətləri barədə şeir yazılması üçün həvəskar şair Rəsmiyə Qocayevaya müraciət etmişdir. Şeir hazır olandan sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin 3 saylı musiqi məktəbinin sabiq direktoru, həvəskar bəstəkar Svetlana Zəlimxan qızı Hüseynova Ağsaqqallar Şurasının müraciətini nəzərə alaraq, könül oxşayan, ürəkləri riqqətə gətirən "Şəhidim mənim-Həmidim mənim" mahnısını bəstələyərək ərsəyə gətirmişdir. Gəncə Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin binasınn akt zalında keçirilən "Heydər Əliyev müasir gənclər siyasətinin banisidir" adlı konfransın yekununda şəhid ailələrinin iştirakı ilə ilk dəfə olaraq şeir və musiqi yüksək ruh yüksəkliyi ilə səsləndirilmiş, iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır. Sonradan həmin mahnı respublika müsabiqəsində 1-ci yerə çıxmışdır. Artıq Gəncədə bu mahnı bir çox tədbirlərdə səsləndirilir və ruhən Həmid Həmidlini yaşadır. Çıxış edənlərdən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Beyləqan Ağsaqqallar Şurasının sədri Etibar Ağayev, şəhidin qazi dostları, orta məktəb müəllimləri şəhid Həmid Əlisahib oğlu Həmidlinin döyüş yolundan, xoş xatirələrindən ətraflı söhbət açmışlar. Atası Əlisahib və anası Könül xanım bildirmişdir ki, Həmid Vətən fədaisi idi, bütün döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Ölümündən öncə telefonda danışarkən demişdir: "YA ŞƏHİD OLMALIYAM, YA QAZİ - QALİB OLMALIYAM".

Sonda məktəb şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar. Şəhidin anası Könül xanım və atası Əlisahib ata ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhid kapitan Həmid Əlisahib oğlu Həmidli "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin.

Zabit XƏLİLOV,

"Respublika".