Azərbaycan-Belarus: əlaqələrin inkişafına güclü təkan
Siyasət

Azərbaycan-Belarus: əlaqələrin inkişafına güclü təkan

İki ölkə arasında ticarət dövriyyəsi artır

Azərbaycan ilə Belarus arasında münasibətlər dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi təməllər üzərində formalaşıb. Məlum olduğu kimi, vaxtilə hər iki ölkə keçmiş SSRİ tərkibində müttəfiq respublikalar olublar. Bu münasibətlər müstəqillik illərində daha da inkişaf edib. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında olan səmimi münasibətlər xüsusi rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. Mayın 16-da Belarus Prezidentinin ölkəmizə dövlət səfəri də iqtisadi əlaqələrin daha yüksək səviyyədə inkişafına güclü təkan verəcək. Prezident cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd olunduğu kimi, bu gün ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Aparılan müzakirələr, imzalanmış sənədlər isə ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcək.

Azərbaycan və Belarus prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi önəm kəsb edir. Bu gün dünyada gedən geosiyasi proseslər davamlı olaraq yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Prezident cənab İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəmində yaranan münaqişələr isə bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorumaqla Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü ölkədir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.