Azərbaycan daim qaliblər sırasında yer tutacaq
İdman

Azərbaycan daim qaliblər sırasında yer tutacaq

Azərbaycanda idmanın inkişaf tarixi qədim dövrlərə gedib çıxır. Hələ 1900-cü ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayıb. 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra idman sahəsində inkişaf dövrünün əsası qoyuldu.

Ölkədə idmanın inkişafı üçün xüsusi proqramlar həyata keçirildi, yeni idman qurğuları tikildi və beynəlxalq yarışlarda iştirak etmək üçün imkanlar genişləndirildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində idman sahəsində böyük nailiyyətlər əldə olunub. Ölkə başçısının 4 mart 2005-ci il tarixli fərmanına uyğun olaraq ölkəmizdə hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Eyni zamanda idmanın ayrı-ayrı növlərinin inkişafına dair Dövlət proqramları da qəbul edilib. Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edərək böyük bir idman tədbirinə imza atmış oldu. Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilən bu çoxnövlü idman yarışının ilk dəfə olaraq 2015-ci ildə Azərbaycanda keçirilməsi idman sahəsindəki potensialımızı dünyaya nümayiş etdirdi. Oyunlar zamanı böyük uğurlar qazanan Azərbaycan idmançıları medal sıralamasında ön cərgələrdə yer aldılar.

Həmçinin Formula 1 Azərbaycan Qran Prisi kimi beynəlxalq idman yarışının 2016-cı ildən etibarən müntəzəm olaraq Bakıda keçirilməsi ölkəmizin idman arenasında güclü mövqe qazanmasını göstərir. Formula 1 yarışına ev sahibliyi etmək Azərbaycanın idman infrastrukturu üçün mühüm rol oynayır. Yarış üçün şəhərdə tikilən infrastrukturlardan təkcə Formula 1 deyil, həm də digər idman növləri və kütləvi tədbirlər üçün də istifadə edilir. Bu da ölkədə idmanın ümumi səviyyəsinin yüksəlməsinə səbəb olur.

Ölkənin müstəqillik qazanması ilə Azərbaycan idmançıları Olimpiya Oyunlarının iştirakçısına çevrildilər. Beləliklə, 1992-ci il Azərbaycan idmançıları üçün yeni bir dövrün başlanğıcı oldu. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatıldı. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra isə ölkəmizdə Olimpiya hərəkatı daha geniş vüsət aldı və Olimpiya Oyunlarında qazanılan uğurların sayı artdı. Ölkəmiz Atlanta şəhərində keçirilən Yay Olimpiya Oyunlarında ilk medallarını qazandı. O vaxtdan bəri idmançılarımız bütün oyunlarda təmsil olunmuş və medallarla geri dönmüşdür. Onlar qazandıqları medallarla qitədə və dünyada öz mövqelərini möhkəmləndiriblər. Bu nailiyyətlər gənc idmançıları beynəlxalq səviyyədə yarışlara qatılmağa həvəsləndirib.

XXXIII Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək hüququ qazanan 48 idmançımız Parisdə 15 idman növündə 17 proqram üzrə yarışdı. Yüksək performans nümayiş etdirərək Azərbaycanın idman tarixində yeni mərhələ açan idmançılar dünyanın ən yaxşıları ilə rəqabət apara biləcəklərini bir daha təsdiqlədilər. Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında uğurla çıxış edən gənclər xüsusilə, güləş, cüdo, boks və gimnastika sahələrində mükafatlar qazanıblar.

Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi. Qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edən Prezident onları gözəl qələbələr münasibətilə təbrik etdi. Dövlət başçısı qeyd etdi ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarış, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır: "Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm".

Həmçinin ötən gün Olimpiya komandasının şərəfinə qala gecə təşkil olunub. Tədbirdə "Paris-2024"də iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri yer alıblar. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov qala gecədə çıxış edərək idmançıları bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

"Paris-2024" Olimpiya Oyunları Azərbaycanın idman sahəsindəki inkişafını bir daha göstərdi. İdmançılarımızın yüksək performansı ölkəmizin idman mədəniyyətini gücləndirərək gələcək Olimpiya Oyunları və digər beynəlxalq idman tədbirləri üçün qarşıya yeni məqsədlər qoydu. İdman ölkəsi Azərbaycan daim qaliblər sırasında yer alacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".