Azərbaycan əruzşünaslığının görkəmli nümayəndəsi
Elm

Azərbaycan əruzşünaslığının görkəmli nümayəndəsi

1905-ci ilin may ayında Lahıcda bir oğlan uşağı dünyaya gözlərini açdı. Şərqin bir çox müqəddəs yerlərini ziyarət edən Hacı Səftər oğlunu comərd və kəramətli görmək istəyirdi. Ona görə də ərəbcə bu sözlərin mənasını verən Əkrəm adını övladına verdi ki, elə adı kimi də böyüsün.

Əkrəm Cəfər böyük müəllimlərdən dərs almış, yaxşı məktəb keçmiş kamil alimlərdən idi. İlk təhsilini mollaxanada alan Əkrəm burada Quranı tamam-kamal başa vurur, ərəb və fars dillərini öyrənir, "Bustan"ı, "Gülüstan"ı mənimsəyir. Onda çoxlarında olmayan iti zehin, yaddaş və istedad var idi. Ətrafındakılar da onun bu istedadının fərqində idilər. 1920-ci ildə Bakı Darülmüəlliminə (Azərbaycan Dövlət Pedaqoji Universitetinə) daxil olan Əkrəm Cəfər ilk gündən Hüseyn Cavidin sevimli tələbəsinə çevrilir. Tələbəlik illərində yorulmaq bilmədən klassik və müasir türk poeziyasını, Azərbaycan ədəbiyyatını öyrənir, Füzuli, Nəsimi, Əbdülhəq Hamid, Tofiq Fikrət dünyasına vaqif olur, Mirzə Ələkbər Sabirin təsiri ilə şeirlər yazır. Gənc Əkrəmin ədəbiyyat müəllimi olan Hüseyn Cavid həm də onun ən yaxşı yol göstərəni idi. Klassik poeziyanı bir həyat şirəsi kimi onun qanına, ruhuna elə yayır ki, Əkrəm ədəbiyyatla nəfəs almağa başlayır.

Əkrəm Cəfər Darülmüəllimi bitirdikdən sonra iki il Lənkəranda, iki il də Qazaxda müəllim kimi fəaliyyət göstərir. Bu illər ərzində onun mətbuatda şeirləri və məqalələri çap olunur. "Bir xəyal", "Rəsmin", "Çadralı qadın", "Şərq qadını və işıq", "Gələcəyə", "Şeir", "Zövq içində təhəssür", "Burjuy dilənçi", "Lokomotiv", "Böyük şəhər", "Hüseyn Cavidə açıq məktub" şeirlərində o dövrün müəyyən əhvali-ruhiyyəsi yüksək səviyyədə bədii həllini tapır. Müəllimlik etmək və şeir yazmaq Əkrəm Cəfərə kifayət etmirdi. O, xalqını maarifləndirmək, savadlandırmaq yolunu tutmuşdu. Çox yaxşı anlayırdı ki, insanlara kömək etmək üçün ilk növbədə özünü tam formada yetişdirməlidir. Buna görə də 1929-cu ildə Səməd Vurğun və Osman Sarıvəlli ilə birlikdə Moskvaya oxumağa gedir. Akademik Nikolay Yakovleviç Marrın tələbəsi olan Əkrəm Cəfər həmin illərdə dilçiliyin müxtəlif problemləri ilə bağlı bir sıra məqalələr çap etdirir, Kremldə məsul işdə çalışır, SSRİ hökumətinin verdiyi qanun və sərəncamları Azərbaycan dilinə tərcümə edir və eyni zamanda həmin buraxılışların redaktoru olur.

Ölkəsindən 9 il uzaqda yaşayan Ə.Cəfər Moskvada namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Sonra onu Bakıya çağırır və ADU-nun ümumi dilçilik kafedrasına müdir təyin edirlər. Bu müddət ərzində onun elmi fəaliyyəti bütünlüklə dilçilik istiqamətinə yönəlir, bir sıra dərsliklər hazırlayır və ən əsası da Moskvada başladığı işi davam etdirir. Ədəbiyyat ensiklopediyası üçün Azərbaycan, türk və digər Şərq sənətkarlarının həyat və yaradıcılıq yolunu əks etdirən yığcam məqalələr yazır. Ancaq filoloqun ən böyük arzusu əruz vəzni haqqında sanballı bir əsər yaratmaq idi. Lakin "siz bizimlə getməlisiniz, Əkrəm müəllim!" cümləsi bu istəyi yarıda qoyur. 1942-ci ildə universitetdə dərs zamanı auditoriyaya silahlı adamlar daxil olur. Məhkəməsiz, heç bir açıqlama vermədən onu pantürkizmdə, panislamizmdə və Kiril əlifbasına qarşı çıxmaqda günahlandırıb 7 il həbs cəzası kəsirlər. Əkrəm Cəfər həmin günləri belə xatırlayırdı: "Stalin dövründə yalnız insanlara deyil, elmə də, sənətə də zor tətbiq edirdilər. Bu dövrdə Stalin haqqında şeir yazmayan şairi "xalq düşməni" sayırdılar. Sən necə şairsən ki, xalqlar atası haqqında "məhəbbət" ifadə etmirsən? Özü də onun haqqında cəmi bir, iki, beş şeir deyil, bir kitab".

Bu 7 il ərzində dahi filoloq sadəcə sürgün həyatı yaşamır. O, Orta Asiyanın bir çox xalqlarının dilini öyrənir, hətta türkmənlərə onların dilində Quranı aydın və sadə dildə başa salır. Qayıdacağına ümidi olmayan alim ailəsinə şeirlə müraciət edir:

Ey günahsız ailəm,

            məni gözləmək hədər,

Bəlkə mənə bu yerdə

            ölüb-qalmaq müqəddər.

Gözləməyin, gözünüz          

            yaşlarla dolacaqsa,

Unudun, bu gözləyiş

            əbədi olacaqsa.

Lakin hadisələr yavaş-yavaş onun xeyrinə dəyişir. Stalinin ölümündən sonra doğma vətənə qayıdan Əkrəm Cəfər illər boyu ürəyində yaşatdığı bir arzunu həyata keçirməyə, Azərbaycan poeziyasında minillik tarixi olan əruz janrının elmi baxımdan bünövrə daşlarını hörməyə başlayır. "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu" şərqşünas-filoloqun sözün əsl mənasında şah əsəri idi. Kitabı ərsəyə gətirməkdə əsas məqsədi o idi ki, Azərbaycan şeirində əruz vəzni qəliblərinin heç biri Azərbaycan əruz elminin sistemi xaricində qalmasın. Bu, elə bir kitabdır ki, həm oxucu, həm də araşdırıcı məhz onun vasitəsilə Yaxın və Orta Şərq poeziyasında işlənən əruz vəzninin bütün qayda-qanunlarını dərindən mənimsəyir. Sonralar məlum olur ki, bu əvəzsiz tədqiqatın bir nüsxəsi İngiltərə kraliçası Yelizavetanın xahişi ilə Londona göndərilib və Bodlean kitabxanasında saxlanılır.

Lakin Əkrəm Cəfər təkcə əruzşünaslığın əsasını qoymaqla kifayətlənməmiş, Ömər Xəyyam, Füzuli, Hüseyn Cavid kimi görkəmli klassiklərin əsərlərinin elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhmət çəkmiş, klassik ədəbiyyatla bağlı xeyli məqalələr yazmışdır. Onun yaradıcılığı əvəzsiz bir sərvətdir. Azərbaycan və ümumiyyətlə, Türk ədəbiyyatına, Şərq poeziyasına göstərdiyi tükənməz məhəbbət, azalmayan sevgi onun adını şərəflə yaşadır. Ədəbiyyat aşiqi, görkəmli dilçi alim, şərqşünas-filoloq, pedaqoq Əkrəm Cəfər 1991-ci il avqustun 18-də dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.

Töhfə SƏMƏDOVA,

"Respublika".