Bərpaolunan və "yaşıl enerji" ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. "Yaşıl enerji"yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə "yaşıl enerji" mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılması, islahatların əsas məqsədləridir. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
Ötən il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi, Azərbaycanın ənənəvi enerji resurslarının istehlakı və ixracı ilə yanaşı, öz yüksək potensialı hesabına bərpaolunan enerji istehsalı məsələsinə verdiyi önəmin ifadəsi oldu. "yaşıl enerji" ilə bağlı Məşvərət Şurasının ilk iclası bu sahədə konseptual məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qeyd edib ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımızda təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bu, çox iddialı layihə bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında ölkəmiz 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılması və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonasının yaradılması üzrə yeni öhdəlik götürmüşdür. Bu hədəflərə nail olmaq üçün Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerji üzrə qoyuluş gücü - payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. Bundan əlavə, 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə "Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd" birgə təşəbbüsünə Azərbaycan öz dəstəyini ifadə edib. 2020-ci ildən "Masdar", "ACWA Power", bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb. 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt-st elektrik enerjisi istehsal edilməklə, 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Onun şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.
"Qaradağ" Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏƏ-nin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrası, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə əməkdaşlıq çərçivəsində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur.
Uzun illərdir Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Cənub Qaz Dəhlizi kimi birgə enerji-kommunikasiya layihələri ilə regional və beynəlxalq əhəmiyyətli Azərbaycan-Türkiyə əməkdaşlığı enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ölkələrimiz Avropanın enerji təchizatında etibarlı, strateji tərəfdaş kimi qəbul olunur. Azərbaycandan Türkiyəyə, paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Mürəkkəb geosiyasi və enerji böhranı fonunda Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığının gücləndirilməsi strateji zərurətdir. Karbohidrogen və neft-kimya məhsulları, bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, mədənçilik sahələrində perspektiv, əməkdaşlıq istiqamətlərində atılan müntəzəm addımlar məhz bu məqsədə xidmət edir. Ümumən, Türk dövlətləri arasında müxtəlif sahələrdə olduğu kimi, "yaşıl enerji" sahəsində əməkdaşlığın əsas məqsədi bu sahədəki layihələrin maliyyələşdirilməsinə və təşviqinə nail olmaqdır. Bu baxımdan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında "yaşıl enerji" sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması önəmli hadisədir.
Azərbaycan "yaşıl enerji"yə keçidin sürətləndirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Çin şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı, xüsusilə "yaşıl enerji" zonalarının yaradılmasına yüksək səviyyədə dəstək verilir. Xarici və yerli investorlar Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək prosesinə dəvət edilirlər. Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpaolunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə, Anlaşma Memorandumu imzalayıblar. Bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi, bp-nin isə "xalis sıfır emissiya" hədəflərini elan etməsi kontekstində imzalanıb. Bu sənəd neft-qaz sahəsində uzunmüddətli strateji tərəfdaşımız bp ilə karbonsuzlaşdırma və bərpaolunan enerji layihələri üzrə əməkdaşlığımız üçün yeni imkanlar yaradır.
Dünyanın ən böyük və mötəbər beynəlxalq konfransı hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar olduqca mühüm əhəmiyyət daşıyır. Bu, bir çox nüfuzlu beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmiş ölkəmizə olan beynəlxalq etimadın növbəti göstəricisidir və Azərbaycanın daha da artan nüfuzunu təcəssüm etdirir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axınını stimullaşdıracaq, "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirəcək. Bu baxımdan, COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsini də təmin edəcək. Tədbirin Azərbaycanda elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilməsi nəticəsində ölkəmiz öz təcrübəsini dünyaya nümayiş etdirəcək.
Mustafa KAMAL,
"Respublika".