Azərbaycan logistika və nəqliyyat mərkəzi kimi
İqtisadiyyat

Azərbaycan logistika və nəqliyyat mərkəzi kimi

Dünya Bankının 2021-ci il hesabatında qeyd edilir ki, hazırda yer kürəsində ən azı 5,383 xüsusi iqtisadi zona mövcuddur. Ələt Azad İqtisadi Zonası da bu hesabata daxildir və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış, azad zona imkanları təklif edən xüsusi iqtisadi məkandır. Zonanın yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Bu bölgə hər mənada əlverişli yerdir. Çünki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, həmçinin Şimal-Cənub dəhlizlərinin üzərində yerləşir. Əlbəttə, Ələt Azad İqtisadi Zonasının həmin ərazidə yaradılmasının bir sıra səbəbləri var. Ərazinin paytaxta yaxın olması və Ələt qəsəbəsində kənd təsərrüfatı üçün yararsız olan böyük boş torpaq sahələrinin mövcudluğu zonanın yaradılmasına imkan verib. Bununla yanaşı, Səngəçal ərazisində yerləşən 300 meqavat gücündə elektrik stansiyasının mövcudluğu da infrastruktur layihələrinə qoyulan xərcləri nisbətən azaldıb. Bundan əlavə, Ələt ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizi logistika, nəqliyyat baxımından bu yerin əhəmiyyətini daha da artırır. Nəticə etibarilə həm ölkə iqtisadiyyatı, həm də Ələt zonası böyük inkişaf mərhələsinə daxil olur.

İqtisadi zonada investorların əlavə dəyər vergisindən, mənfəət və hər hansı digər korporativ vergilərdən azad olmaları, həmçinin əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olması, xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələblərinin qoyulması olduqca müsbət haldır. Şübhəsiz ki, Zonanın mövcudluğu ölkəmizə iqtisadi dividendlər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində respublikamızın strateji əhəmiyyətini artıracaq.

Şübhəsiz ki, ölkəmizin açıq dəniz və okeanlara çıxışı olmaması onun azad iqtisadi zona yaratmasına əngəl deyil. Bu kimi layihələr daha çox əlverişli coğrafi vəziyyəti olan ölkələrdə böyük uğur qazansa da Azərbaycan investorlar üçün cəlbedici şərtlər təqdim edərək əslində digər dövlətlərə nisbətən  daha çox önə çıxa bilib. Pandemiyadan sonra investisiyaların həcminin azalması ehtimalı və böhranları nəzərə aldıqda bu zonanın mövcudluğu ölkəmiz üçün mühüm töhfələr verəcək. Hazırda Ələt Azad İqtisadi Zonasında bir sıra beynəlxalq səviyyədə tanınmış şirkətlərlə müəssisələr qurmaq üçün danışıqlar gedir. 

Qeyd edək ki, ümumi sahəsi 850 hektar olan zonanın ilkin inkişaf mərhələsi kimi 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikintisinə başlanılıb və artıq bir sıra işlər başa çatıb. Birinci zonada ərazinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin yoxlanışların aparılması üçün binalar inşa olunub. Zonanın ən son texnologiyalarla təchiz olunması, geniş ərazidə yerləşməsi onun əhəmiyyətini daha da artırır. Həmçinin ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi Azərbaycanın böyük gücə malik olduğunu göstərir. Respublikamızın sahib olduğu əlverişli investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Buna əsasən Azərbaycanın yaratdığı bu Azad İqtisadi Zona olduqca əlverişli və cəlbedici layihədir. 

Töhfə SƏMƏDOVA,

“Respublika”.