Azərbaycan turizmin inkişafında 119 ölkə arasında 56-cı yerdədir
Mədəniyyət

Azərbaycan turizmin inkişafında 119 ölkə arasında 56-cı yerdədir

Dövlət Turizm Agentliyi 2024-cü il yanvar-iyun ayları üzrə hesabat təqdim edib. Sənəddə qeyd olunur ki, iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.

Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleks Turizm İnformasiya Mərkəzi, sərgi zalı və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümunələri nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klasslar təşkil ediləcək.

Hesabatda vurğulanır ki, 2024-cü ilin yanvar-iyun dövründə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1 231 104 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. O cümlədən Azərbaycana səfər edən vətəndaşların sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstan ilk beşlikdə qərarlaşır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ilk dəfə olaraq turizm mövzusu COP Tematik Gündəliyinə daxil edilib. Gündəliyə əsasən, 20 noyabr 2024-cü ildə urbanizasiya, nəqliyyat, turizm mövzularında əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində vahid onlayn rezervasiya platformasını təqdim edib. Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. COP29-a hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə 300-ə yaxın yerləşmə vasitəsinin 2000-ə yaxın personalla xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimləri keçirilir.

Hesabatda deyilir ki, Azərbaycan Turizm Bürosu İspaniya, Türkiyə, Hindistan, Almaniya, Avstriya, Rusiya, İsrail, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin Xalq Respublikasında keçirilən 12 beynəlxalq turizm sərgisində ümumilikdə 132 yerli tərəfdaşla birgə iştirak edib, həmin sərgilərdə ümumi ziyarətçi sayı isə 670 925 nəfər olub.

Türkiyə, İsrail, Küveyt, Qətər, Səudiyyə Ərəbistanından olan turizm şirkətləri üçün infoturlar təşkil edilib. Özbəkistan və Qazaxıstanda silsilə B2B seminarlar, Hindistanın Nyu-Dehli və İsrailin Təl-Əviv şəhərində şəbəkələşmə tədbirləri, Hindistanın Banqalor, Puna, Kolkata və Mumbay şəhərlərində, həmçinin Küveytin Küveyt, Qətərin Doha, BƏƏ-nin Dubay şəhərlərində silsilə tədbirlər (roadshow) təşkil edilib, B2B formatlı görüşlər keçirilib.

O da bildirilir ki, iyunun 3-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təşkilatçılığı, eləcə də Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə birbaşa uçuşların başlanması ilə əlaqədar təqdimatlar olub.

Beynəlxalq səviyyədə fəaliyyətə gəlincə, qeyd olunur ki, Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksinə əsasən, Azərbaycan əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Səyahət və Turizmin İnkişafı İndeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində 2022-ci ilin oktyabr ayında aidiyyəti dövlət qurumları və biznes subyektlərindən ibarət yaradılan "Turizmin inkişafı" işçi qrupu ölkənin sözügedən indeksdə mövqeyinin yaxşılaşdırılması istiqamətində dövlət və özəl qurumların əlaqələndirilmiş fəaliyyətini təşkil edib və müvafiq olaraq 2024-cü il üçün növbəti Fəaliyyət Planı hazırlanıb, razılaşdırılaraq təsdiq edilib. İşçi qrupun mandatına uyğun olaraq, Fəaliyyət Planı çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən dərc olunan Səyahət və Turizmin İnkişafı İndeksində ölkəmizin mövqeyinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Aygün İBRAHİMOVA,

"Respublika".