Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və qardaşlıq əlaqələri illər boyu dövlətlərimizin qarşılıqlı əməkdaşlığı və birgə inkişafı üçün möhkəm zəmin formalaşdırmışdır. Regional və beynəlxalq səviyyələrdə fəal əməkdaşlıq ümumi maraqların təmin olunmasına və regional təhlükəsizliyin möhkəmlənməsinə kömək edir. Qazaxıstan və Azərbaycan əsas məsələlərdə bir-birini dəstəkləyir. Qazaxıstanın Azərbaycanın azad edilmiş ərazilərində bərpa layihələrində iştirakı qarşılıqlı dəstək və etimadı vurğulayır.
Bu il martın 12-də Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa edilmiş mərkəz iki ölkə arasında qardaşlıq və dostluq rəmzinə çevrilmişdir. Tədbir zamanı prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev bu təhsil müəssisəsinin Azərbaycan və Qazaxıstan arasında mədəni, humanitar əlaqələrin möhkəmlənməsinə töhfə verən mərkəz kimi əhəmiyyətini qeyd etmişlər. Böyük qazax musiqiçisi Kurmanqazının adının bu mərkəzə verilməsi iki xalqın ortaq türk köklərini təsdiqləyir. Yüzlərlə şagirdin təhsil alacağı mərkəz Qazaxıstan və Azərbaycanın ikitərəfli əlaqələrinin daha da möhkəmlənməsinə olan səylərinin təcəssümüdür ki, bu da iki qardaş dövlət arasında dərin tarixi və mədəni əlaqələri əks etdirir.
Ölkələrimiz qardaşlıq, ortaq türk kimliyi əsasında yüksək səviyyəli diplomatik və strateji münasibətlər nümayiş etdirirlər. 1992-ci il avqust ayının sonunda diplomatik əlaqələr qurulduqdan sonra Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq sürətlə inkişaf etmişdir. Ölkələrimiz arasında təxminən 100 müxtəlif müqavilə və saziş imzalanmışdır ki, bu da əlaqələrin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bu tərəfdaşlıq güclənməkdə davam edir və həm Azərbaycan, həm də Qazaxıstan, eləcə də bütün türk dünyası üçün yeni üfüqlər açır.
Qeyd etmək vacibdir ki, Qazaxıstanda baş verən proseslər Azərbaycana da təsir göstərir və iqtisadi, siyasi, mədəni əməkdaşlığın güclənməsinə səbəb olur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin xalqa ünvanladığı müraciət yalnız Qazaxıstan deyil, onun tərəfdaşları, o cümlədən Azərbaycan üçün də mühüm hadisədir. Bu müraciət qardaş dövlətin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir və dayanıqlı inkişafa, həmçinin suverenliyin möhkəmləndirilməsinə sadiqliyi nümayiş etdirir. Müraciətdə dövlətin ötən il ərzində əldə etdiyi əsas nailiyyətlər və ölkənin daha da inkişafı üçün prioritetlər qeyd edilmişdir. Bu kontekstdə beynəlxalq tərəfdaşlıq münasibətlərinin qorunub saxlanması və çoxtərəfli əməkdaşlığın inkişafı mühüm yer tutur. Müraciətin əsas aspektləri hüquq mədəniyyəti, sosial ədalət və iqtisadi dayanıqlılıq prinsipləri əsasında "Ədalətli Qazaxıstan"ın qurulmasına yönəlmiş səyləri əks etdirir.
Dövlət başçısının müraciətində təklif olunan iqtisadi islahatlar Qazaxıstan iqtisadiyyatının daha da şaxələndirilməsinə, inflyasiyanın azaldılmasına və investorlar üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Bu addımlar Qazaxıstanın dayanıqlı iqtisadi artım və qlobal rəqabətqabiliyyətlilik istiqamətində səylərinin təzahürüdür.
Qazaxıstan iqtisadiyyatının şaxələndirilməsi və investisiyaların cəlb edilməsi ilə həyata keçirilən müasirləşdirmə ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm elementi hesab olunur. İnflyasiyanın azaldılmasına, sənaye sektorunun gücləndirilməsinə və investorlar üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş iqtisadi islahatlar Qazaxıstanın gələcək artımı və qlobal rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün möhkəm zəmin formalaşdırır.
Qazaxıstan ənənəvi olaraq sülhpərvər və çoxtərəfli əməkdaşlıq siyasətinə sadiqdir ki, bu da ölkənin xarici siyasətində öz əksini tapır. Prezident Tokayevin müraciətində münaqişələrin dinc yolla həllinə və qlobal sabitliyin dəstəklənməsinə olan bağlılıq açıq şəkildə vurğulanır. Qazaxıstanın sülhpərvər xarici siyasəti sülh içində birgə yaşayışın prinsiplərinə və beynəlxalq təhlükəsizliyin qorunmasına əsaslanır. Qazaxıstan terrorizm, ekstremizm, qanunsuz miqrasiya və iqlim dəyişikliyi ilə mübarizə də daxil olmaqla, əsas beynəlxalq problemlərin həllində fəal iştirak edir.
Sülhpərvər, çoxtərəfli əməkdaşlıq və diplomatiya prinsiplərinə əsaslanan xarici siyasət ölkənin davamlı inkişafının və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinin mühüm elementi hesab olunur. Beynəlxalq təşəbbüslərdə və tərəfdaşlıqlarda fəal iştirak Qazaxıstana qlobal təhlükəsizliyə töhfə verməklə yanaşı, milli maraqları da beynəlxalq arenada uğurla təmin etməyə imkan yaradır.
Qazaxıstan davamlı inkişafı hədəfləyərək əsas infrastruktur sahələrinin müasirləşdirilməsinə, innovasiyaların tətbiqinə və ekoloji təmiz enerji mənbələrinə keçidə can atır. Müraciətdə nəqliyyat-logistika sistemi, atom enerjisi və rəqəmsal iqtisadiyyatın inkişafında prioritetlər aydın şəkildə qeyd edilmişdir ki, bu da ölkənin gələcək iqtisadi və sosial inkişafında mühüm rol oynayır. Ekoloji təmiz enerji mənbələrinə keçid strateji prioritetdir. Kasım-Jomart Tokayev Qazaxıstanın davamlı enerji gələcəyini təmin etmək üçün açar həllərdən biri kimi atom enerjisinin inkişafının vacibliyini vurğulamışdır. Qlobal enerji çatışmazlığı şəraitində atom enerjisi iqtisadiyyatın artan tələbatını etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələri ilə təmin edə bilər.
Rəqəmsal iqtisadiyyat və kibertəhlükəsizlik də ölkənin davamlı inkişaf strategiyasında önəmli yer tutur. Prezident Tokayev qeyd etmişdir ki, rəqəmsal texnologiyaların inkişafı hökumət üçün prioritet məsələdir. Süni intellekt texnologiyalarının tətbiqi və Astanada Milli Süni İntellekt Mərkəzinin yaradılması Qazaxıstanın rəqəmsal innovasiyalar sahəsində lider olmasına imkan verəcək. Həmçinin qlobal təhdidlərin və rəqəmsal cinayətlərin artması kontekstində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir.
Beləliklə, Qazaxıstanın davamlı inkişaf strategiyası infrastruktur investisiyalarına, atom enerjisinin inkişafına və rəqəmsal texnologiyaların fəal tətbiqinə əsaslanır. Bu istiqamətlər uzunmüddətli iqtisadi artım, qlobal rəqabətqabiliyyətlilik və milli maraqların müasir çağırışlar qarşısında qorunması üçün möhkəm təməl yaradır.
Sürətlə inkişaf edən iqtisadiyyat və texnoloji tərəqqi şəraitində Qazaxıstan davamlı artımın əsas amili olan insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Müraciətdə gələcəkdə tələb olunan peşələr üzrə ixtisaslı kadrların hazırlanmasının zəruriliyi xüsusi yer tutur ki, bu da təhsildə islahatlar və yeni əməksevərlik, peşəkarlıq mədəniyyətinin formalaşdırılmasını tələb edir.
Kasım-Jomart Tokayevin müraciəti Qazaxıstanın gələcəyinə nikbin baxışı, dərindən düşünülmüş və sistemli islahatlara əsaslandığını açıq şəkildə əks etdirir. Həyata keçirilmiş və ya icra mərhələsində olan tədbirlər əsas sahələri əhatə edir: sosial təminat, iqtisadi modernləşdirmə, insan kapitalının inkişafı, innovasiyalar və xarici siyasət. Bütün bu istiqamətlər ölkənin uzunmüddətli və davamlı inkişafına yönəlmiş kompleks strategiyanı təşkil edir.
Cənab Tokayevin strategiyası Qazaxıstanın uzunmüddətli uğuru və artımı üçün möhkəm əsaslar yaradır. Həyata keçirilən və planlaşdırılan islahatlar "Ədalətli Qazaxıstan"ın - yüksək sosial müdafiə səviyyəsi, dinamik inkişaf edən iqtisadiyyatı və beynəlxalq arenada fəal rolu olan bir ölkənin qurulmasına xidmət edir. Şübhəsiz ki, bu davamlı inkişaf modeli sabitlik və tərəqqi şəraitində hər bir vətəndaşın öz imkanlarını reallaşdırması üçün uğurlu gələcəyin açarı olacaq.
Sentyabr ayının 9-da Prezident İlham Əliyevlə telefon danışığı zamanı Prezident Kasım Fomart Tokayev bir daha Qazaxıstan və Azərbaycan arasında sıx dostluq əlaqələrinin əhəmiyyətini vurğuladı və ölkə başçımızı uğurlu parlament seçkiləri münasibətilə təbrik etdi. Bu dialoq iki dövlət arasında strateji tərəfdaşlığı və liderlərin səmimi hörmət və qarşılıqlı dəstəyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə iştirakı və Azərbaycan idmançılarının V Dünya köçəri oyunlarına qatılması ölkələr arasında dərin əlaqələrin göstəricisidir. Hər iki prezident mədəni mübadilənin əhəmiyyətini vurğulayaraq Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyət Günlərinin xalqlar arasında humanitar əlaqələri gücləndirdiyini qeyd etdilər. K.K.Tokayev Ermənistan və Azərbaycan arasında danışıqlar üçün Astananı platforma kimi təklif edərək, Qazaxıstanın regionda sülhün təmin edilməsinə töhfə verməyə hazır olduğunu bildirdi. Bu telefon danışığı dövlətlər arasında dostluq və sıx əməkdaşlığın bir daha təsdiqi olmuş və münasibətlərin daha da möhkəmlənməsi üçün yeni üfüqlər açmışdır.
Azərbaycan Qazaxıstanın strateji tərəfdaşı kimi, qardaş ölkənin hər bir uğuruna sevinir və daha inkişaf etmiş və güclü Qazaxıstanın qurulması işinə öz töhfəsini verməyə hazırdır.
Emin QASIMOV,
"Respublika".