Azərbaycanın əsas məramı sülhdür
Siyasət

Azərbaycanın əsas məramı sülhdür

Qazandığı Zəfərlə gücünü göstərən və tarixi ədaləti bərpa edən ölkəmizə qarşı atılan addımlara adekvat cavab veriləcək

"Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq". Bu sözləri Prezident İlham Əliyev Xankəndidə Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı dəfələrlə Qarabağa səfər edərək şəhərlərin, kəndlərin və digər insfrastruktur obyektlərinin təməlini qoyub, görülən işlərlə tanış olub. Bu il Qarabağa səfərlər sırasında ən vacibi antiterror tədbirlərindən sonra dövlət başçısının Xankəndiyə səfəri olub.

Ərazisi 30 il işğalda olmuş bir ölkə kimi daim təzyiqə məruz qalan, haqsızlıqla üzləşən Azərbaycan öz ərazi bütövlüyünü hərbi gücü, siyasi iradəsi ilə bərpa etməyi bacardı, xalq-dövlət-ordu vəhdəti bu zəfəri əldə etmək üçün əsas faktor oldu. 44 günlük Vətən müharibəsi və keçən ilin 19-20 sentyabrındakı lokal antiterror tədbirlərilə ərazi suverenliyini bərpa etməklə Xankəndi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırdı. Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimizə xoşbəxtlik, fərəh, qürur, ləyaqət bəxş etdi. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ müharibəsində qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirildi.

Beləliklə, Azərbaycan regionda yeni geosiyasi reallıq yaratdı. "Qələbəmizin növbəti rəmzi. Xankəndi şəhərinin əsas meydanı artıq "Zəfər meydanı" adlandırılır". Bu sözləri Prezident İlham Əliyev təbrik çıxışında deyib. Xankəndidə "Zəfər meydanı" tarixi qələbənin rəmzi olacaq. Bu, həm də ciddi bir siyasi mesaj və Azərbaycanın qələbəni öz gücü ilə hərbi yolla qazandığına bir nişanədir. Bu, Ermənistana və dünya ermənilərinə, onun havadarlarına mesajdır ki, biz öz tarixi torpaqlarımızdayıq və əbədi olaraq da bu torpaqlarda yaşayacağıq.

Prezidenti xalqına sevdirən ən mühüm amil verdiyi sözə, vədə sadiqliyidir, bütün bu uğurlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib. Kosmik dövlətlər sırasına daxil olan, regionda multikulturalizm məkanına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən Azərbaycan daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır. NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz regionuna səfərini Azərbaycandan başlaması ölkəmizin əhəmiyyətini, artan nüfuzunu, onun gücünü nümayiş etdirir. Çünki Cənubi Qafqaza baş tutan bu cür səfərlər zamanı əvvəllər daha çox Ermənistan və Gürcüstandan başlanıldığına şahid olurduqsa, artıq beynəlxalq güc mərkəzləri, nüfuzlu təşkilat nümayəndələrinin indi ilk marşrut kimi Bakını seçmələri təsadüfi deyil.

Son illərin tarixi onu göstərir ki, cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr icra edilib. Azərbaycan cəmiyyətində hökm sürən müsbət ab-hava ölkəni daha da gücləndirir. Dövlətin hədəflərindən ən birincisi hərbi, təhlükəsizlik məsələləri, o cümlədən hərbi sənayenin daha da genişləndirilməsidir. İkinci sırada milli-ideoloji məsələlərdə vahid mövqeyin qorunması, milli-mənəvi dəyərlərə sadiq nəsillərin yetişdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində işlərin intensivləşdirilməsi, bölgənin geosiyasi landşaftının dəyişdirilməsi, infrastruktur quruculuğu, keçmiş köçkünlərin doğma yurdlarına qaytarılması prosesinin davam etdirilməsi, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi əsas vəzifələrdəndir.

Azərbaycan güclü və özünü təmin edən regional aktor qismində yeni dövrə qədəm qoyur. Hər zaman tam müstəqil siyasət yürüdən və məhz bu səbəbdən də etibarlı tərəfdaş statusuna sahib olan Azərbaycan xarici siyasət kursunu uğurla davam etdirir. Məhz bu xarici siyasət ölkəmizin nüfuzunu gündən-günə yüksəldir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi qitənin enerji xəritəsini tamamilə dəyişib.

Bu gün Azərbaycan dünya miqyasında nadir dövlətlərdəndir ki, onun siyasəti tamamilə müstəqildir, yalnız xalqın maraqlarına, iradəsinə əsaslanır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışını təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Rəsmi Bakı ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.

Ekspertlərin qənaətinə görə, Azərbaycanın əsas məqsədi sülhdür. Sülh isə sabitlik və regionda olan ölkələrin kənar müdaxilə olmadan bir-biri ilə əlaqələrini qurması ilə əldə edilir. Burada isə Ermənistandan bir alət kimi istifadə edilərək regiona müdaxilə cəhdləri özünü büruzə verir, Azərbaycanın apardığı sülh siyasəti əngəllənir və nəticədə bölgəmizdə əmin-amanlığın bərqərar olmasına problemlər yaradılır. Çox təəssüflər olsun ki, Qərb Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, dəstək vermək əvəzinə, belə addımlarla Cənubi Qafqazda qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir.

Azərbaycan hər zaman ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdır və xarici siyasəti də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, qarşılıqlı hörmət, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, Azərbaycanın prinsipləridir. Azərbaycan dünyanı narahat edən problemlərin həllində daha fəal iştirak edir. Nəzərə alsaq ki, bu il ölkəmiz COP29-a ev sahibiliyi edəcək və ölkəmiz dünyada islamofobiyaya neokolonializmə qarşı mübarizədə ön sıralardadır. Neokolonializmi yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Ölkəmizə qarşı atılan addımlara adekvat cavab veriləcək. Çünki istənilən çirkin kampaniya hər zaman iflasa məhkum olub.

Mustafa KAMAL,

"Respublika".