"Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq". Bu sözləri Prezident İlham Əliyev mayın 11-də "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışı zamanı söyləyib.
Ölkəmiz müsəlman aləminin birliyi istiqamətində mühüm işlər görür, eyni zamanda İslam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqlik nümayiş etdirir. Dünyada cərəyan edən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, islamofobiya meyillərinin güclənməsi İslam dünyasında həmrəyliyin zəruriliyini bir daha təsdiqləyir. Azərbaycan ilə İslam ölkələri arasında müxtəlif sahələrdə qurulan iqtisadi, siyasi, sosial əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmaya və sabitliyə müsbət təsir göstərir. Beynəlxalq və regional səviyyədə əmin-amanlığın bərqərar edilməsi, nəhəng nəqliyyat layihələrinin gerçəkləşdirilməsi ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir. Qloballaşan dünyada ölkəmiz demokratik tərəqqi yolunu seçərək xarici dövlətlərlə, eləcə də İslam ölkələri, beynəlxalq təşkilat və qurumlarla müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətləri qurub. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələri ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfənin təzahürüdür. Azərbaycanın təşkilatda fəal təmsil olunması əlaqələrin davamlı olaraq möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan və İƏT arasında vaxtaşırı olaraq müsəlman dövlətlərin sərhəd toxunulmazlığının bərpa olunması, qorunması, münaqişələrin həlli, qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair müzakirələr aparılır. Hələ müstəqilliyimizin ilk illərində erməni təcavüzünə məruz qalmış Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması müsəlman dövlətlərinin birliyinin təcəssümüdür. İslam dünyasında həmrəyliyin təmin olunmasında əvəzsiz rolu olan Azərbaycanda hələ 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi dünyaya mühüm bir çağırış oldu. Respublikamızın İslam həmrəyliyinə xidmət edən təşəbbüsləri müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir.
2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində dünya ictimaiyyəti müsəlman aləminin - İslam ölkələrinin Şərq və Qərbin qovuşuğunda birləşməsinə şahidlik etdi. Məlum olduğu kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Sözügedən qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu, İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rola malikdir.
Hazırda işğaldan azad olunan Şuşamız dirçəlir. Qarabağın tacı, mədəniyyətimizin beşiyi hesab olunan bu şəhər Azərbaycanın həm də ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. 30 illik işğal dövründə şəhəri əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Şuşada dini-tarixi məkanlar, qədim məscidlər, Azərbaycanın yüzlərlə tarixi abidəsi mövcud olub. Qarabağ xanı İbrahimxəlil xan tərəfindən 1768-ci ildə inşa edilmiş və 1867-ci ildə təmir olunmuş Yuxarı Gövhər ağa məscidi belə abidələrdəndir. Məscidin divarında "Qurani-Kərim"dən ayələrin, məscidin tikilmə tarixinin, eləcə də Gövhər ağanın vəsiyyətinin həkk edildiyi daş kitabə var.
Nəzrin ELDARQIZI,
"Respublika".