Azərbaycanın sivilizasiyadakı yolu müdafiə olunur
Mədəniyyət

Azərbaycanın sivilizasiyadakı yolu müdafiə olunur

"Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024"ün açılış mərasimi keçirildi. Bu isə o deməkdir ki, qarşımızda daha qayğılı bir il var və onu əlamətdar etmək əsas hədəfimizdir. İlin ilk tədbiri isə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı oldu...

Şuşaya bu şərəfli adın verilməsinin İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin ifadəsi olduğunu qeyd edən Prezident İlham Əliyev musiqi festivalının açılış mərasimində deyib: "Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm".

Azərbaycan dövləti ICESCO ilə sıx əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması istiqamətində böyük layihələr icra edir. Qeyd edək ki, İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (o zaman İslam Konfransı Təşkilatı) üzv dövlətlərin xarici işlər nazirlərinin Dakarda (Seneqal) keçirilmiş 9-cu Konfransında (24-28 aprel, 1978-ci il) irəli sürülmüşdür. İƏT-ə üzv dövlətlərin Məkkədə keçirilmiş 3-cü Zirvə görüşündə (25-28 yanvar 1981-ci il) İslam dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan İSESKO-nun təsis edilməsi və daimi qərargahının Rabat (Mərakeş) şəhərində yerləşdirilməsi qərara alınmışdır.

Azərbaycan 1991-ci ildən İSESKO-nun üzvüdür. 2019-cu il 2-3 dekabr tarixlərində İSESKO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası nümunələri Komitəsinin növbədənkənar toplantısında Bakının İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı kimi mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir.

İslam dünyasında həyatın bir çox sahəsində baş verən transformasiyalar təşkilatları daha yaxşı gələcək yaratmaq naminə innovativ həll yollarını axtarıb tapmağa sövq edir. Bu baxımdan 2020-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın yeni adı və loqosu yekdilliklə qəbul edilib. Yeni strategiyaya uyğun gəlməyən, onun fəaliyyət çərçivəsini daraldan əvvəlki adı dəyişdirilərək ICESCO adlandırılıb.

Azərbaycanın İslam dünyası ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasi kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət daşıyır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İKT-yə (İƏT) üzv olub. Həmin dövrdə erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması vacib məsələlərdən idi. 1991-ci ildə təşkilatın nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədilə Azərbaycanda səfərdə olub, BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələrilə məsələ ətrafında müzakirələr aparılıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi təşkilat çərçivəsində bu ölkənin Azərbaycana qarşı təcavüzü ilə bağlı yekdil və birmənalı mövqe formalaşdırmasına zəmin yaratdı. Bundan sonra Azərbaycanla ICESCO arasında əlaqələr genişlənməyə başladı. Bu əlaqələrin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətləri böyükdür. Sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Qeyd edək ki, 2019-cu ildən təşkilata Salim bin Məhəmməd əl-Malik rəhbərlik edir. 2021-ci il yanvarın 13-də Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlət başçısı sıx əməkdaşlığa, daimi dəstəyə, xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə Baş direktora təşəkkürünü bildirib. Yeri gəlmişkən deyək ki, Vətən müharibəsindən sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Məktubda deyilir: "Qarabağ bölgəsinin işğaldan azad olunması münasibətilə sizi və Azərbaycan xalqını təbrik edirəm... Bu nəticə beynəlxalq səviyyədə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dünyada əlamətdar hadisə kimi qeyd olunur. Azərbaycan hökuməti və xalqı bu Qələbəni sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı".

2021-ci ilin yanvarında ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub, işğal zamanı tarixi və dini abidələrə qarşı erməni vandalizmi faktlarını qeydə alıb. Nümayəndə heyətinin gördüklərindən təsirləndiyini deyən Baş direktor, həmçinin bütün dağıdılmış abidələrin bərpa ediləcəyindən əminliyini ifadə edib.

Təşkilat ölkəmizdə yeni pilot layihənin reallaşdırılmasına da başlayıb. Belə ki, "ICESCO akseleratoru" adlı yeni pilot layihəsinin məqsədi təşkilata üzv olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsidir. Layihə Bakı Ali Neft Məktəbi ilə birgə həyata keçirilir.

"Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimində iştirak edən Salim bin Məhəmməd əl-Malik deyib: "ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat ona öz vəfa borcunu yerinə yetirir... bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək...".

Zümrüd QURBANQIZI,

"Respublika".