“Azərbaycanın zəngin mədəniyyəti var
Mədəniyyət

“Azərbaycanın zəngin mədəniyyəti var" aforizmlər kitabı işıq üzü görüb

"Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının hazırladığı "Azərbaycanın zəngin mədəniyyəti var" adlı kitabı işıq üzü görüb. Kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 55 illik yubileyinə ithaf edilib.

Ön sözdə qeyd olunur ki, Azərbaycan xalqının mənəvi, mədəni simasının formalaşmasında, onun dünyanın inkişaf etmiş millətləri sırasına daxil olmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu böyükdür.

Daha sonra vurğulanır ki, bu gün Heydər Əliyevin mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qloballaşma şəraitində milli ənənələrin qorunub saxlanılmasına nail olur.

Kitab 18 bölmədən ibarətdir. Kitabda Ulu Öndərin 1969-2003-cü illərdə söylədiyi fikir, sitat və aforizmə çevrilmiş kəlamları, mədəniyyət və incəsənət, yaradıcı ziyalılar və mədəniyyət xadimləri, teatr, kino, musiqi, təsviri incəsənət və rəssamlıq, muzey, tarixi-memarlıq abidələri, kitab nəşri və kitabxana, milli adət-ənənələr, ədəbi-mədəni irs haqqında fikirləri toplanmışdır.

Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. Kitabda M.V.Lomonosov adına Şimal Arktik Federal Universitetinin (Rusiya Federasiyasının Arxangelsk şəhəri) professoru Mixail Opyonkovun və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovanın Ulu Öndərə həsr olunmuş "Böyük qurucu" məqaləsi Azərbaycan və rus dilində verilmişdir.

Aforizmlər kitabının məsləhətçiləri yazıçı, publisist Nüşabə Məmmədli, tarix elmləri doktoru, professor Fuad Məmmədov və sənətşünaslıq elmləri doktoru, professor Alla Bayramovadır. Rəyçilər professor Solmaz Amanova, "Azərbaycan dünyası" Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.

Ulu Öndərin mədəniyyət və incəsənət xadimləri, sənət adamları ilə, yazıçı, şair, bəstəkar və müğənnilərin yubileylərində, yaradıcı ittifaqların forumlarında, ev-muzeylərinin açılışındakı və s. fotoşəkilləri kitabda özünə yer almışdır.

Kitab Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mədəni irsini öyrənən tədqiqatçılar, kulturoloqlar, mədəniyyət və incəsənət xadimləri, mədəniyyət işçiləri, müəllim, tələbə, məktəblilər, habelə geniş oxucu kütləsi üçün dəyərli mənbədir.

"Azərbaycanın zəngin mədəniyyəti var" kitabı "Apostrof-A" nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Naşir Akif Dənzizadədir.

"Respublika".