Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
Siyasət

Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycanın Çinlə münasibətləri müxtəlif sahələrdə əməkdaşlıq əsasında qurulmaqla, hər iki ölkədə iqtisadi inkişafa töhfə verir, bölgədə siyasi sabitliyi gücləndirir və ikitərəfli tərəfdaşlığın daha da dərinləşməsi üçün əsas yaradır. Bunun bariz nümunəsi Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunmuş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"dir. Bu münasibətlər özündə qarşılıqlı siyasi dəstək, iqtisadi tərəfdaşlıq və mədəni mübadilələri əks etdirir.

Xüsusilə qeyd etmək lazımdır ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib, birmənalı mövqe sərgiləyib. Ona görə də sözügedən sənəddə bütün digər mühüm məsələlərlə yanaşı, həmçinin qeyd olunub ki, Azərbaycan Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır. Bildirilir ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada "Tayvanın müstəqilliyi"nə qarşı qətiyyətlə çıxış edir. Önəmli məqam bundan ibarətdir ki, Azərbaycan dövləti bu mövqeyi 1993-cü ildən sonra, yəni ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi ilə Azərbaycanda ali hakimiyyətə qayıtdıqdan sonra birmənalı şəkildə ortaya qoyur.

Bu gün də ümummilli lider Heydər Əliyevin strateji siyasi xətti Azərbaycanın Müzəffər Lideri tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin öz çinli həmkarı ilə münasibətlərində iki ölkənin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı dəstəyi xüsusi yer tutur. Çin də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstək verir.

Sirr deyil ki, "Vahid Çin" siyasəti beynəlxalq diplomatiyanın və geosiyasətin təməl daşlarından biridir. Bu, təkcə daxili deyil, həm də beynəlxalq münasibətlərə əsaslanan vacib bir prinsipi ifadə edir. Bu məsələ qədim tarixə söykənən dərin köklərə və 25 oktyabr 1971-ci ildə qəbul edilmiş BMT Baş Assambleyasının qətnaməsi kimi müxtəlif beynəlxalq sənədlərlə təsdiqlənmiş hüquqi əsaslara malikdir. Onilliklər boyu Çin Xalq Respublikası Tayvanın inteqrasiyası istiqamətində inadlı bir xətt yürüdür, onu müstəqil dövlət kimi tanınması cəhdlərini rədd edir.

Müasir dünyada, artan qlobal gərginlik və müxtəlif bölgələrdə separatist meyillərin güclənməsi fonunda "Vahid Çin" siyasəti xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə iki ölkə arasındakı tarixi dostluq əlaqələrini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 14-də Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsi sədr müavini Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə çıxışı belə dəstəyin parlaq nümunəsi olmuşdur.

Qlobal siyasi qeyri-sabitlik və separatist hərəkətlərin artması şəraitində, ərazi bütövlüyünün dəstəklənməsi münaqişələrin qarşısının alınması və sülhün qorunmasında mühüm amildir. Birlik və suverenlik mövqeyində möhkəm dayanan Azərbaycanın nümunəsi digər dövlətlər üçün bir mesajdır. Bu, əməkdaşlıq beynəlxalq normalara hörmətin sabit və dinc gələcək üçün əsas ola biləcəyini göstərir.

Çin tərəfi Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini yüksək dəyərləndirir. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, dövlətimiz təkcə beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmir, həm də dünya güclərindən biri, Çin Xalq Respublikası ilə diplomatik və iqtisadi əlaqələrini gücləndirir. Ölkələrimiz arasında əməkdaşlıq iqtisadiyyat, mədəniyyət, elm və texnologiya kimi geniş sahələri əhatə edir ki, bu da həmin münasibətlərin Avrasiya bölgəsində sabitliyin və inkişafın qorunmasında mühüm faktor olduğunu təsdiqləyir.

Çin şirkətləri Azərbaycan iqtisadiyyatına, xüsusən enerji, tikinti və infrastruktur kimi sahələrə fəal şəkildə investisiya yatırmaqda davam edir. Azərbaycan isə Avropa və Asiya arasında strateji tranzit marşrutunu təmin edərək, "Bir kəmər, bir yol" təşəbbüsündə mühüm rol oynayır. Bu, iqtisadi əməkdaşlığın gücləndirilməsinə və bölgədə infrastrukturun inkişafına töhfə verir. Məsələn, 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 milyard ABŞ dolları səviyyəsinə çatmışdır ki, bu da əvvəlki illərlə müqayisədə iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə artdığını göstərir. Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir, müxtəlif malların, xidmətlərin ixracı və idxalının artması sayəsində ikitərəfli əlaqə genişlənir.

Erməni separatizmi və faşizmi üzərində tarixi Zəfərimizdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz azad edilmiş bölgələrin bərpasını fəal şəkildə həyata keçirir. Bu prosesdə bir çox beynəlxalq şirkət, o cümlədən Çin şirkətləri də iştirak edirlər. Çin şirkətləri Qarabağın infrastrukturunun bərpası və inkişafı ilə bağlı müxtəlif layihələrdə mühüm rol oynayırlar ki, bu da ölkələrimiz arasındakı ikitərəfli münasibətləri daha da gücləndirir. Çinlilər yolların bərpası, yaşayış və kommersiya binalarının tikintisi, həmçinin energetika infrastrukturunun inkişafı layihələrini həyata keçirirlər. Bu layihələr yeni obyektlərin inşasını və mövcud olanların yenidən qurulmasını əhatə edir ki, bu da bölgənin iqtisadi dirçəlişinə və yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verir.

Bundan əlavə, Çin şirkətləri energetika infrastrukturunun bərpası üzərində də işləyir, o cümlədən bərpaolunan enerji sahəsində layihələrdə günəş və külək elektrik stansiyalarının qurulmasında iştirak edirlər. Bu layihələr bölgənin dayanıqlı inkişafına və onun enerji müstəqilliyinin təmin edilməsinə kömək edir. Çinli dostlarımız, həmçinin məktəblər, xəstəxanalar və mədəniyyət mərkəzləri kimi sosial obyektlərin tikintisində də iştirak edirlər ki, bu da yerli əhalinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və azad edilmiş ərazilərin ümummilli iqtisadi və sosial sistemə inteqrasiyasına töhfə verir.

Çin şirkətlərinin Qarabağın bərpasında iştirakı təkcə bölgənin iqtisadi dirçəlişinə kömək etmir, həm də Azərbaycan və Çin arasında ikitərəfli münasibətləri gücləndirir. Bu layihələr iki ölkə arasındakı yüksək səviyyəli etimadı və əməkdaşlığı nümayiş etdirir, həmçinin postmünaqişə dövründə bərpa işlərində beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayır. Beləliklə, Çin şirkətlərinin Qarabağın bərpasına verdiyi töhfə bölgənin dayanıqlı inkişafına və Azərbaycan ilə Çin arasındakı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli bir amil kimi çıxış edir.

Mədəni və təhsil mübadilələri də ikitərəfli münasibətlərdə mühüm rol oynayır. Azərbaycanda Çin dili və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyət göstərir ki, bu da iki xalqın bir-birini daha yaxşı anlamasına və yaxınlaşmasına kömək edir. Birgə təhsil proqramları və tələbə mübadiləsi Azərbaycan və Çin universitetləri, elmi müəssisələri arasında əlaqələri gücləndirir, bu da elm və təhsilin inkişafına kömək edir.

Göründüyü kimi, Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin rolu iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsində həlledici əhəmiyyətə malikdir. İki liderin fəal diplomatik fəaliyyəti əməkdaşlığın inkişafına yönəlib və çoxsaylı yeni razılaşmaların və layihələrin bağlanmasına gətirib çıxarıb.

ÇXR-in Sədri Si Cinpin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir və onu fəal şəkildə dəstəkləyir. Çin rəhbərinin Prezident İlham Əliyevlə görüşləri, telefon danışıqları ölkələr arasında etimad və tərəfdaşlığı gücləndirir, ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açır.

Azərbaycan və Çin arasında uğurlu münasibətlər qarşılıqlı hörmətə, dəstəyə və müxtəlif sahələrdə əməkdaşlığa əsaslanır. Bu münasibətlər təkcə hər iki ölkənin iqtisadi artımına və inkişafına töhfə vermir, həm də bölgədə siyasi sabitliyi möhkəmləndirir.

Beləliklə, Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət və ərazi bütövlüyünün dəstəklənməsi prinsiplərinə əsaslanan uğurlu beynəlxalq əməkdaşlığın parlaq nümunəsidir. Bu, ərazi bütövlüyünün və beynəlxalq hüququn əhəmiyyətini nümayiş etdirir, digər ölkələr üçün örnək rolunu oynayır və qlobal sabitliyə, rifaha böyük töhfələr verir.

Emin QASIMOV,

"Respublika".