Azərbaycanlı Prometey – Sibirdə neft kəşf edən görkəmli geoloq
Tarixi şəxsiyyətlər

Azərbaycanlı Prometey – Sibirdə neft kəşf edən görkəmli geoloq

Adını tarixin səhifələrinə yazan, doğma xalqına şərəf gətirən Fərman Qurban oğlu Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun - indiki Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini mədən mühəndisi - geoloq ixtisası üzrə bitirmiş və bütün ömrünü bu peşəyə həsr etmiş, 30 ildən artıq Qərbi Sibirdə işləmiş, 130-dan çox neft və qaz yatağı kəşf etmişdir. Görkəmli geoloq Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olmuşdur.

Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanıdır. Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut Hava Limanı əfsanəvi azərbaycanlı geoloqun adını daşıyır.

Əmək fəaliyyətinə erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olub. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən görkəmli alim 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb. Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil edib. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alıb. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynayıb.

Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini təyin edilib, 1992-ci ildən "Rospan İnternəşnl" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə "İtera" şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də "Yuqneftqaz" Cəmiyyəti Direktorlar Şurasının sədri işləyib. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən alimin adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarıb. Onun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilib. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxıb.

Fərman Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiq idi. Ayrı-ayrı illərdə Azərbaycan və Rusiyanın ali məclislərinin deputatı olmuş Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərib, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsinə böyük əmək sərf edib.

Keçmiş SSRİ-də neft-qaz sənayesinin inkişafında misilsiz xidmətləri olan Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı (1976), Lenin mükafatı (1970), Qubkin adına mükafat, Lenin, Qırmızı Əmək Bayrağı ordenləri və digər dövlət mükafatlarına layiq görülmüşdür. Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan görkəmli alim Rusiyanın Əməkdar geoloqu, bu ölkənin neft-qaz sənayesinin Fəxri işçisi, həmçinin ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi.

Görkəmli həmyerlimiz neft sənayesinin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycanın ali mükafatına - "Şöhrət" ordeninə layiq görülüb. Neftçi alim, mühəndis-geoloq Fərman Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat edib.

Prezident İlham Əliyevin "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında" 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən, məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün "Fərman Salmanov adına təqaüd" təsis edilib.

2022-ci il oktyabrın 21-də Milli Azərbaycan Tarixi Muzeyinin və Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın büdcə təşkilatı Geologiya, Neft və Qaz Muzeyinin (Rusiya Federasiyası) birgə layihəsi çərçivəsində geologiya-mineralogiya elmləri doktoruna həsr olunan "Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi" adlı fotosərginin açılışı olub. Sərgidə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş görkəmli alimin həyat və fəaliyyətini əks etdirən 55 unikal foto nümayiş olunub.

Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olub.

Bayram SALMANOV,

"Respublika".