Bakı Qlobal İqlim Şəffaflığı Platforması nümunə olacaq
COP29

Bakı Qlobal İqlim Şəffaflığı Platforması nümunə olacaq

İqlim dəyişmələri ilə mübarizə və 1.5 dərəcə selsi qlobal temperatur limitinə nail olmaq, eyni zamanda iqlim dayanıqlılığının gücləndirilməsi və maliyyə axımının müəyyən edilmiş hədəflərə çatmaq üçün uyğun olması ilə bağlı 2015-ci ildə dünya dövlətləri Paris razılaşmasını imzaladılar.

Emissiyaları azaltmaq, dayanıqlılığı qurmaq, maliyyə, texniki və potensialın artırılmasına dəstək məqsədilə ölkələrin bu istiqamətdə hansı irəliləyişə nail olduğunu bilmək üçün şəffaflıq hesabatları əsas indikator rolunu oynayır. Şəffaflığı təmin etmək üçün Paris razılaşması üzrə Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi yaradılmışdır. İkiillik Şəffaflıq hesabatları (BTR) bu il COP29 zamanı inkişaf etməkdə olan dövlətlər tərəfindən təqdim ediləcəkdir.

Həmçinin bu hesabatlar hədəflərə çatmaq üçün əlavə dəstəyin lazım olub-olmamasını müəyyən etməkdə də yararlıdır. Bu, sistemə inamı və hesabatlılığı gücləndirir, ölkələrə öz çatışmazlıqlarını görərək aradan qaldırılmasında daha düzgün qərar verməsinə dəstək olur, mənalı hədəflər qoymağa kömək edir, daxili siyasət üçün məlumat mənbəyi olur, həmçinin potensialın artırılması üçün kənar dəstəyi cəlb edir. Müntəzəm hesabatlılıq yoxlama inkişafı və irəliləyişi daha yaxşı anlamağa kömək edir.

Azərbaycanın COP29-a sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq "Bakı Qlobal İqlim Şəffaflığı Platforması" yaradılıb və bir neçə gün öncə təqdim edilib. Bu platformanın əsas məqsədi qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması prosesində dəstək verməkdir.

Qlobal iqlim şəffaflığı Platforması Paris Sazişinin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi və UNFCCC çərçivəsində davamlı hesabatın bütün aspektlərini əhatə edən hərtərəfli bir resursdur. Bu platforma şəffaflıq təşəbbüslərinin və inkişaf etməkdə olan ölkələrin səylərinin qlobal icmalını təqdim edir, istifadəçilərə ən son inkişaflar, tədbirlər və biliklər əldə etmək və məlumatlı olmaq imkanı yaradır. Həmçinin platforma hər hansı bir inkişaf etməkdə olan ölkə, dəstək təminatçısı və ya şəffaflıq layihələri haqqında ətraflı məlumat əldə etməyə şərait yaradır. Bundan başqa, iqlim şəffaflığı Platforması çərçivəsində fəal mübadilələri dəstəkləyir. Eyni zamanda platforma şəffaflığa dəstək təminatçıları arasında koordinasiya üçün bir mərkəz rolunu oynayır və ölkələrin Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin bütün sahələrində spesifik şəffaflıq ehtiyaclarını qarşılamaq üçün birbaşa dəstək tələb etmələrinə imkan verir.

Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə verdiyi töhfələr hər zaman alqışlanır. Buna misal olaraq ölkəmiz tərəfindən qarşıya qoyulan hədəfləri - 1990-cu illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqla bağlı milli hədəfləri göstərmək olar.

İqlim maliyyəsi əsasən, üç fond vasitəsilə inkişaf etmiş ölkələrə ayrılır. Yaşıl İqlim Fondu (Green Climate Fund), Adaptasiya Fondu (Adaptation Fund) və İtki və Zərər Fondu (Loss & Damage Fund). Ən böyük maliyyə ehtiyatına sahib olan fond Yaşıl İqlim Fondudur ki, COP28 zamanı bu fondun 2-ci dəfə doldurulması həyata keçirildi və 6 ölkə: Avstraliya, Estoniya, İtaliya, Portuqaliya, İsveçrə və Amerika Birləşmiş Ştatları yeni maliyyələşdirmə vədi etdilər. Maliyyə vəsaiti iqlimin adaptasiya və uyğunlaşma fəaliyyətləri ilə "yaşıl iqtisadiyyat"a keçidlə əlaqəli layihələrə ayrılır. Lakin onu almaq üçün də müraciət edən qurum çətin və vaxt alan uzun akkreditasiya (Direct Access Entity - DAE) prosedurundan keçməlidir. Maliyyələşmə qərarları Fondun İdarə heyəti tərəfindən qəbul edilir. Fondların idarə heyəti seçkilər əsasında formalaşır, dövlətlər müvafiq sahə üzrə mütəxəssisini namizəd kimi irəli sürürlər.

Məsələ burasındadır ki, fondlar vəsaiti layihə təklifi əsasında kredit mexanizmləri ilə və ya qrantlar şəklində verir. Bunun üçün isə təklifi formalaşdırmaq lazımdır. Əlavə olaraq isə bütün fondlarda olduğu kimi, bu fondlarda da birgə maliyyələşmə tələbi var. Məsələn, ümumi layihənin xərci 1 milyondursa, onun 300-400 mini müraciət edən ölkə (qurum) tərəfindən qarşılanmalıdır. Aidiyyəti qurum öhdəliyi təsdiq edən sənədi Fonda verməlidir. Məhz bu səbəbdən Yaşıl İqlim Fondu dünyada ən az inkişaf etmiş 37 ölkədən cəmi 16-na ötən illərdə vəsait ayırıb. Ən ehtiyaclı olan Eritreya, Somali, Yəmən kimi ölkələr maliyyə potensialı, layihə yazmaq bacarığı məsələlərinə görə bu dəstəkdən faydalana bilməyib. Halbuki qazıntı yanacağına malik olmayan bu ölkələr iqlim dəyişmələrinə ən az məsul olan, lakin onun fəsadlarından (daşqın, tufan, istiləşmə, su qıtlığı, ərzaq çatışmazlığı) ən çox təsirlənən ölkələrdir.

Ölkəmizin təşəbbüsü ilə yeni yaradılan İqlim Maliyyəsi Fondunu misal çəkmək olar ki, burada Azərbaycan tərəfindən yeni maliyyə mexanizminin yaradılması təklif edilir. Bu fond vasitəsilə qrant-əsaslı maliyyələrin ayrılması üçün Azərbaycan 1 milyard dollar vəsait toplamağa çalışır. Qrant-əsaslı töhfələrin məqsədi isə iqlim dəyişmələrindən ən çox əziyyət çəkən və yox olma təhlükəsi ilə üz-üzə qalan kiçik ada dövlətləridir.

Pərvanə VƏLİYEVA,

COP29 Təşkilat Komitəsinin üzvü.