Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub
CƏMİYYƏT

Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub

Mayın 20-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin İbn Haldun Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə münasibətləri: Türk Dövlətləri Təşkilatı çərçivəsində" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev akademik çevrələr arasında əməkdaşlığın zəruriliyinə diqqət çəkib. Onun sözlərinə görə, BMTM və İbn Haldun Universiteti arasında bu sahədə əməkdaşlığın ardıcıl xarakter alması vacibdir.

Türkiyə-Azərbaycan əməkdaşlığının digər dövlətlər üçün yaxşı nümunə ola biləcəyini deyən F.Şəfiyev İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin ölkəmizə hərtərəfli dəstəyinə toxunub: "Bu dəstəyin bir sıra elementləri mövcuddur. Bunlardan biri təhsil istiqamətidir. Belə ki, azərbaycanlı zabitlər Türkiyənin hərbi akademiya və kolleclərində təhsil alaraq o bilikləri tətbiq ediblər".

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə diqqət çəkən BMTM sədri qurumun son 15 ildə institusionallaşma istiqamətində mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb.

Türk dövlətlərinin akademik çevrələri ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edən rektor Atilla Arkan İbn Haldun Universitetində fəaliyyət göstərən Heydər Əliyev Araşdırma Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, indiyədək türk dövlətlərindən olan 30-dan çox universitet ilə anlaşma sənədi imzalanıb və ortaq tədbirlər təşkil edilib.

Daha sonra BMTM və İbn Haldun Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və İbn Haldun Universitetinin rektoru Atilla Arkan imzalayıblar. Sənəd tərəflər arasında akademik mübadilə, ortaq təhlil və məruzələrin hazırlanmasını, eləcə də birgə layihələrin icrasını ehtiva edir.

BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən "Azərbaycan-Türkiyə hərbi-təhlükəsizlik əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri" mövzusundakı birinci paneldə İbn Haldun Universitetinin Heydər Əliyev Mərkəzinin direktoru Yaşar Sarı, Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və işlətmə" kafedrasının dosenti Nazim Cəfərsoy, Xəzər Universitetinin tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlunun çıxışları dinlənilib.

"Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələrinin Türk Dövlətləri Təşkilatına təsiri" başlıqlı 2-ci paneldə isə Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsinin (TUDİFAK) dekanı Mehmet Yüce, İbn Haldun Universitetinin müəllimi Nəcibə Mustafayeva, Dövlət İqtisad Universitetinin Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev və BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev tematik mövzular üzrə çıxış ediblər.