Bayraktar TB2 və TB3 sınaq uçuşlarını uğurla həyata keçirib
Türk dünyası

Bayraktar TB2 və TB3 sınaq uçuşlarını uğurla həyata keçirib

Türkiyə

Türkiyənin milli PUA sistemlərini istehsal edən Baykar tərəfindən hazırlanan milli PUA Bayraktar TB2 Türk Silahlı Qüvvələrinin (TSK) inventarına daxil edilib. 2014 və 2015-ci ildə dövriyyəyə buraxılmış pilotsuz uçuş aparatı hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və MİT tərəfindən əməliyyatlarda istifadə olunur. Bayraktar TB2 SİHA 2014-cü ildən bəri ölkə daxilində və sərhədlər boyu terrorla mübarizədə özünü yaxşı tərəfdən nümayiş etdirir.

2000-ci illərin əvvəllərindən etibarən türk mühəndislər qrupu ilə pilotsuz uçuş aparatlarının hazırlanması sahəsində proqram və aparat sistemlərini inkişaf etdirən Baykar dünyanın qabaqcıl texnologiya şirkətlərindən biridir. Bayraktar TB2 PUA-ları İstanbuldakı Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində 93 faiz yerli sənaye hesabına istehsal olunur ki, bu da dünyada rekorddur.

Türk aviasiya tarixində yeni cığır açan Milli PUA Bayraktar TB2 və TB3 sınaq uçuşlarını müvəffəqiyyətlə davam etdirir. Belə ki, TB2 PUA-sı avtonom lülə tonu manevrini uğurla yerinə yetirərək dünya aviasiya tarixində bir ilkə imza atıb. Manevr testləri üçün səmanı seyr edən Bayraktar TB2, spiral orbiti izləyərək və öz oxu ətrafında tam dairəni döndərərək etdiyi manevrlə bir daha dünya aviasiya tarixinə adını yazdırıb. Sınaq zamanı Bayraktar TB2 PUA avtonom şəkildə yerinə yetirdiyi lülə tonu manevrinə 3 dəfə cəhd edib və əməliyyatı uğurla yerinə yetirib. Döyüş təyyarələrinin ən əhəmiyyətli qaçış manevrlərindən biri olan lülə yuvarlanması dünyada heç bir PUA tərəfindən həyata keçirilməyib.

Bayraktar TB2 SİHA Sistemi 800 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb. Milyon saata bir addımda yaxınlaşan Bayraktar TB2 SİHA, səmada ən uzun müddət xidmət edən ilk milli təyyarə olub. Bayraktar TB2 SİHA 16 iyul 2019-cu il tarixdə Küveytdə demo uçuşunda yüksək temperatur və qum fırtınası kimi çətin coğrafi və iqlim şəraitində 27 saat 3 dəqiqə fasiləsiz uçaraq rekord qırıb. Milli PUA-lar Avropadan Afrikaya qədər dünyanın bir çox müxtəlif bölgələrində rast gəlinən səhra istisi, soyuq, qar və tufan kimi bütün mənfi hava şəraitində fəaliyyətini davam etdirir.

Bayraktar TB2, Türkiyə Silahlı Qüvvələrinin sərhəd daxilində və xaricində həyata keçirdiyi Xəndək, Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarında fəal iştirak edib. Mütəxəssislər bildiriblər ki, əməliyyatların gözləniləndən tez və az itki ilə başa çatmasında milli PUA-lar mühüm rol oynayıb.

"Pəncə" və "Kıran" kimi terror təşkilatına qarşı bir çox əməliyyatlarda xidmət edən Bayraktar TB2 PUA-ları separatçı terror təşkilatlarına qarşı əməliyyatlarda üstünlüyünü qoruyub saxlayır.

Bayraktar TB2 SİHA-ları zəlzələlər zamanı baş verən dağıntılarda da yaxından iştirak edir. O, 2023-cü ilin fevral ayında baş verən zəlzələlərdə 2417 saat 6 dəqiqə uçub. Göydən axtarış-xilasetmə işlərinə dəstək verməklə yanaşı, Bayraktar TB2 PUA-ları zəlzələdən sonra ağır nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etməklə gələcək yardımların fasiləsiz davam etməsini təmin edib.

Bayraktar TB2-lər, Ege və Aralıq dənizində davam edən qeyri-qanuni miqrasiya hərəkətlərini göydən izləyərək, bir çox nizamsız miqrantın həyatını xilas etmək kimi insan hüquqları pozuntularının sənədləşdirilməsinə də mühüm töhfə verir. PUA-ların təbiətdəki axtarış-xilasetmə işlərində, meşə yanğınları ilə mübarizədə, həmçinin təhlükəsizlik və humanitar yardım missiyalarında da rolu böyükdür. Meşə Təsərrüfatı Baş İdarəsi (OGM) ilə əməkdaşlıq çərçivəsində Bayraktar TB2 PUA-ları 2020-ci ildən bəri meşə yanğınlarının erkən aşkarlanması və söndürmə işlərinin səmərəli idarə olunmasında aktiv iştirak edir.

Bayraktar TB2 PUA-ları Azərbaycanda 44 günlük Vətən müharibəsində də fəallıq nümayiş etdirib. Silahlı Qüvvələrimiz, Ermənistana qarşı əməliyyat zamanı TB2 PUA-larından bütün cəbhə xəttində istifadə edib. Bayraktar TB2 PUA-ları tərəfindən Ermənistan ordusuna məxsus çoxlu sayda hava hücumundan müdafiə sistemi, radar sistemləri, tanklar, zirehli texnika, yük maşınları, sursat anbarları, mövqe və bölmələr məhv edilib. Azərbaycan Ordusunun dünyanı heyrətə gətirən bu uğuru haqqında dünya mediası və hərbi ekspertlər tərəfindən şərhlər verib.

TB2 PUA-sı Ukrayna-Rusiya müharibəsindəki uğuru ilə Ukrayna xalqının gözündə "qəhrəman" olub. "Bayraktar Radio" silahlı pilotsuz uçuş aparatının adına himnlər bəstələnib, oyuncaqlar hazırlanıb, hətta yeni doğulan oğlanlara "Bayraktar" adı da qoyulub. Ukraynadakı bu uğur dünyaya Bayraktar TB2-nin effektivliyini və öz sinfinin ən yaxşısı olduğunu göstərib.

Bayraktar TB3 SİHA da bu günlərdə TCG Anadolu Gəmisində ilk dəfə Ramp Kalkış Testini uğurla tamamlayıb.

Bayraktar TB3, qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatıdır. Belə ki, daşıdığı "ağıllı döyüş sursatları" ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyalarını uğurla yerinə yetirib.

İlk testini Tekirdağın Çorlu rayonunda yerləşən AKINCI Uçuş Tədris və Test Mərkəzində aşağı, orta və yüksək hündürlüklərdə performans və sistem identifikasiyası testlərini müvəffəqiyyətlə tamamlayan Bayraktar TB3-ün sonrakı testi bu günlərdə Edirnenin Keşan rayonundakı Baykar Uçuş Tədris və Sınaq Mərkəzində baş tutub və TB3 SİHA ilk dəfə rampadan havaya qalxıb.

Bayraktar TB3 SİHA indiyə qədər həyata keçirilən sınaq uçuşlarında ümumilikdə 395 saat 43 dəqiqə havada qalıb. Ötən il həyata keçirilən uzun uçuş testində Milli PUA 32 saat havada qalıb və yerə enməzdən əvvəl səmada 5.700 km yol qət edib. Bayraktar TB3 PUA ilk dəfə 26 mart 2024-cü ildə Aselsan tərəfindən hazırlanmış "Aselflir 500" ilə uçub. Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan "Aselflir-500" ilə elektrooptik kəşfiyyat, müşahidə və hədəf sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.