Belarusun Qarabağa töhfəsi
Siyasət

Belarusun Qarabağa töhfəsi

Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir. Rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektrlidir. Təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı  xüsusi dəstək vurğulanmalıdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və bunu dəfələrlə rəsmi tribunalardan bəyan edib.

Ümumiyyətlə, Belarus Respublikası Azərbaycanın səmimi dostluq və əməkdaşlıq əlaqələri saxladığı ölkələrdən biridir. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dönəmində iki ölkə arasında olduqca yaxşı əlaqələr qurulmuş və inkişaf etdirilmişdir. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri də iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.

Azərbaycan və Belarus prezidentlərinin görüşündə bir sıra məsələlərlə yanaşı, postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də geniş müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaların, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Cənab Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib.

Bu xüsusda Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə, Füzuliyə və Şuşaya səfərini xüsusi olaraq qeyd etməliyik. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Şübhəsiz ki, səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirəcək.

Yusif BAĞIRZADƏ,

politoloq.