Su həyatdır. Bunu ermənilər də çox yaxşı bilir. Bəlkə, elə o səbəbdəndir ki, 30 illik işğal dövründə ərazilərimizdə axan çaylarımızı daim çirkləndirmişlər. Yəni Ermənistan ərazisindən keçən bütün çayları ekoloji cəhətdən çirkləndirib, ən böyük çaylarımızdan bizi məhrum ediblər. Ərazisində fəaliyyət göstərən istehsal müəssisələrinin tullantılarını axıtmaqla Oxçuçayı tamamilə yararsız vəziyyətə salınıb. Bu işdə xarici şirkətlər də ermənilərə yardım edib. Belə ki, Qarabağın yeraltı-yerüstü sərvətlərini qanunsuz şəkildə istismar edən xarici şirkətlər çaylarımıza böyük ziyan vurub.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün həmin ərazilərdə su təchizatının yaxşılaşdırılması məsələsi də böyük əhəmiyyətə malikdir. Bu məqsədlə çayların suyu ekoloji cəhətdən təmizlənir, onların üzərində su elektrik stansiyaları, su anbarları tikilir. Qubadlı rayonunun ərazisindən keçən Bazarçay, yaxud Bərgüşad çayının uzunluğu 178 kilometr, hövzəsinin sahəsi 2711 kvadratkilometrdir. Orta illik su sərfi saniyədə 20,1 kubmetrə yaxındır. Bərgüşad qolu sayılan Həkəri çayı ilə birlikdə zəngin su ehtiyatına malikdir. Hər iki çayın suyunun Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda ətrafdakı Zəngilan, Cəbrayıl rayonlarının əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Cəbrayıl şəhərinin əhalisinin içməli su ilə təminatında böyük rol oynayacaq. Hər iki çayın üzərində su anbarının tikintisi planlaşdırılır və bununla bağlı layihələr işlənilir.
Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından 3040 metr yüksəklikdə yerləşən Zalxa gölündən götürən Bərgüşad çayının mənbəyi Ərikli dağlarından başlayır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çay, Sisyançay, Taxtakörpü çayı, Daşlıdərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var.
İşğaldan azad edilmiş ərazilər təbii ehtiyatlar, biomüxtəliflik, geniş meşə əraziləri və həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının 20 faizi Qarabağ və Şərqi Zəngəzurun payına düşür. Ən gursulu çaylarla əhatə olunan rayonlardan biri isə Qubadlıdır. Həkəri və Bərgüşad çayları bu rayonun ərazisindən keçərək Araza tökülür.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindəki Həkəri və Bərgüşad çaylarını tədqiq edən hidroloq-alim Əhməd Məmmədov bildirib ki, bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını ödəmək mümkündür. O qeyd edib ki, Həkəri çayını əmələ gətirən Şəlvə və Hocazsu çaylarının birləşdiyi yerdə həcmi 70 milyon kubmetrə qədər olacaq Həkəriçay Su Anbarı yaratmaqla onun su ehtiyatından 4 milyon insanı yüksəkkeyfiyyətli içməli su ilə təmin etmək olar. Həmin anbardan gələn Həkəri-Ağdam su kəməri isə Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcək. Hidroloq-alim, həmçinin Füzuli rayonu ərazisində tikilməsi nəzərdə tutulan Cuvarlı Su Anbarı ilə Bakı şəhərinə özüaxar rejimdə suyun ötürülməsinin mümkün olduğunu da vurğulayıb.
Mütəxəssisin fikrincə, Füzuli şəhəri və onun ətrafında məskunlaşacaq 100 min nəfərdən ibarət əhalinin tələbatının ödənilməsi, şəhərdə yerləşən sənaye sahələrinin və yaşıllıqların suvarılması üçün təxminən 350-600 1\san sərfində suya ehtiyac var. Bu ehtiyacı ödəmək üçün ümumi həcmi 35 milyon kubmetrə çatacaq Quruçay Su Anbarının tikilməsi və həmin anbardan götürülən suyun izafi təzyiqindən istifadə etməklə gücü 1,2 meqavat (Mvt) olan Füzuli Su Elektrik Stansiyasının tikilməsi planlaşdırılır. Həmçinin su kəməri üzərində bir neçə yerdə ümumi gücü 15 Mvt olan su elektrik stansiyalarının yaradılması da nəzərdə tutulub ki, bu da 100 min nəfərə qədər əhalinin ilboyu elektrik enerjisinə olan tələbatını ödəməyə imkan yaradacaq.
Ermənistan ərazisində formalaşaraq respublika ərazisinə daxil olan Bərgüşad çayının su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədilə həcmi 50 milyon kubmetrə qədər olacaq Bəxtiyarlı Su Anbarının tikilməsini məqsədəuyğun hesab edən tədqiqatçı-alim Əhməd Məmmədov bu çayın hidroenerji potensialından səmərəli istifadə etməklə gücü 10,5 Mvt olacaq Bəxtiyarlı-1 Su Elektrik Stansiyasının tikilməsinin vacibliyini diqqətə çatdırıb.
Onu da qeyd edək ki, Qərbi Zəngəzur vilayətinin Qarakilsə rayonunun Bərgüşad çayının sol sahilində Bazarçay qalası da yerləşir. Qala Urud kəndindən cənub-qərbdə, Bazarçayın sol sahilində keçilməz dağ silsiləsindədir. Bazarçay kəndi rayon mərkəzindən 24 kilometr şimal-şərqdə, Bazarçay (Bərgüşad) çayının yuxarı axarında, düzənlikdə yerləşir. Kənddə 1886-cı ildən 1918-ci ilə qədər təqribən 650 nəfər azərbaycanlı yaşayıb.
Bazarçay qalası Zəngəzurun digər qalaları kimi, orta əsrlər müdafiə tikililəri sırasında əsas yer tutur.
Mütəxəssislərin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində formalaşan su ehtiyatlarından səmərəli və kompleks şəkildə istifadə edilərsə, işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaq mümkündür ki, bununla da bölgədə əhalinin məskunlaşması sürətlənəcək, eyni zamanda turizm də inkişaf edəcək.
İşğaldan azad olunmuş ərazilərdə su təchizatının yaxşılaşdırılması o yerlərə həyatın qayıtması deməkdir. Bölgənin ən bolsulu Bərgüşad çayı torpaqlara can verəcək...
Zümrüd QURBANQIZI,
"Respublika".