Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb
Gündəm

Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb

Sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa konfransı keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik - gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı!" mövzusunda müzakirələr zamanı çıxış edən Sahibə Qafarova Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququ verdiyini bildirən S.Qafarova deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. Həmçinin gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə artıq ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını vurğulayan parlamentin sədri bildirib: "Biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qərar qəbuledici mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi oluruq".

Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlər boyu heç bir ayrı-seçkilik olmadan ləyaqət, sülh və dostluq şəraitində birgə yaşadıqlarını bildirən Milli Məclisin sədri qeyd edib ki, bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.

"Sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur", - deyən S.Qafarova təəssüflə qeyd edib ki, Azərbaycanın timsalında bu prinsiplərə etinasızlıq meyli var. Bu əsas prinsiplərə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.

O, eyni zamanda, Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdiyini, lakin İrəvanın təxribatlarla prosesə mane olduğunu diqqətə çatdırıb. Ermənistanın Qarabağ bölgəsində qondarma "blokada", "humanitar böhran"la bağlı yalan və əsassız iddialarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığı qeyd edilib.

Sentyabrın 19-da həyata keçirilən antiterror tədbirlərinə toxunan S.Qafarova bu zaman mülki əhalinin və obyektlərin hədəf alınmadığını söyləyib.

Diqqətə çatdırılıb ki, artıq Qarabağ bölgəsinin erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası başlayıb. Vurğulanıb ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etmir