2007-ci il, Bilik Günü… Həmin gün xüsusi həyəcanla təhsil həyatına qədəm qoyanlardan biri də mən idim. Heç məktəb görməmişdim, hətta bağçaya da getmədiyim üçün o qədər çox uşağı birlikdə təsəvvür edə bilmirdim. Əlimdə bir buket gül ətrafa baxıb baş verənləri anlamağa çalışırdım. Qorxurdum, deyəsən. Amma soyuqqanlı təbiətim ağlamağa icazə vermirdi. Hətta ağlayan uşaqları atama göstərib, özümün cəsur olduğunu sübut etməyə çalışırdım. Elə həmin gündən bu, mənim xarakterimə çevrildi. Bütün məktəb həyatım da özümü təsdiqləməyə çalışmaqla keçdi.
Jurnalist olmaq istədiyimə isə çoxdan qərar vermişdim. Ona görə yaxşı yadımdadır ki, məzun olduğum il məktəbə jurnalistlər gəlmişdi, son zəng tədbirini çəkirdilər. Onlara baxıb qəribə qürur hissi keçirmişdim. Öz-özümə demişdim ki, mən də bu məktəbə jurnalist kimi gəlib öz müəllimlərimdən müsahibə alacam. Universitetə qəbul oldum, peşə fəaliyyətimə başladım və özümə verdiyim bu söz yadıma düşdü. Bilik Günündə doğma məktəbə baş çəkməyə, birincilərin hiss-həyəcanına şahid olmağa, hətta mümkün olarsa, ilk müəllimimi görməyə qərar verdim və məzun olduğum "Təfəkkür liseyi"nə üz tutdum. Amma öyrəndim ki, artıq Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir. Sumqayıt şəhərində "Təfəkkür" liseyi ilə yanaşı, "İstedad" liseyi, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi və Təbiət elmləri təmayüllü gimnaziyada da bu sistem tətbiq olunur. Yəni bu təhsil ocaqlarında qəbul 5-ci sinifdən başlayır. Ona görə də ilk üz tutduğum məktəbdə birinciləri görmək fürsətim olmadı. Bu səbəbdən Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli tam orta məktəbdə təhsil həyatına yeni qədəm qoyan şagirdlərin hisslərinə şahidlik etdim. Məktəb rəhbərliyi əvvəlcə rəsmi qarşılama tədbirində birinciləri ilk dərs günü münasibətilə təbrik etdi, eləcə də digər bütün şagirdlərə yeni tədris ilində uğur arzuladı. Daha sonra uşaqlar sinif otaqlarına yola salındı.
Məktəbin direktoru Möhsüm Gülməmmədov bizimlə söhbətində bildirdi ki, birincilər qədər o da həyəcanlıdır. Çünki bu vəzifəyə cari ilin 3 iyun tarixində təyinat alıb. Onun sözlərinə görə, məktəb məktəbəqədər hazırlıq üzrə 104 yer sifariş verib, artıq onlardan 84-ü tutulub. Birinci sinif üzrə isə 170 yerdən 150-nə qeydiyyat aparılıb və 150 nəfər artıq şagird ilk dərslərinə başlayıb. Ümumilikdə, məktəbdə 54 sinif kompleksi var, 4-9-cu siniflərdə rəqəmsal bacarıqlar tədris olunur, pedaqoji kadr heyəti isə 89 nəfərdən ibarətdir. Direktor bildirdi ki, bu il 6 müəllim də ilk dəfə məktəbdə peşə fəaliyyətinə başlayıb. Müəllimlərin işə qəbulu imtahanından uğurla keçən müəllimlərdən 3-ü ibtibai sinifd biri fiziki tərbiyə, biri informatika, biri isə riyaziyyat fənni üzrə təyinat alıb: 15 sentyabr həm Bilik Günü, həm də Bakının erməni daşnaklarından azad olunduğu tarixdir. Ona görə də ikiqat bayramdır. Bu gün şagirdlərimizi yüksək əhvali-ruhiyyə ilə qəbul etdik. Pedaqoji heyət balaca fidanlarımız üçün çox darıxmışdı. Bu məktəb onlarla çiçək açır, onlar millətimizin gələcəyidirlər. Gələcəyi yetişdirmək isə bizim öhdəliyimizdədir. Bundan böyük fəxr ola bilməz. Amma bu, həm də çox məsuliyyətlidir. Biz əlimizdən gələni edirik. Ölkədə gedən təhsil islahatları göz qabağındadır, təhsil sistemində gündən-günə yeniliklər edilir, əhəmiyyətli uğurlar əldə olunur. Arzu edirəm ki, şagirdlərimiz onlar üçün yaradılan şəraiti yaxşı dəyərləndirərək gələcəkdə dövlətimizin inkişafına töhfə versinlər.
2023-2024-cü tədris ili üzrə 108 nəfər məzunumuz 76-sı ali məktəblərə sənəd verib. Onlardan 61-i müxtəlif universitetlərə qəbul olunub. Bu da ümumilikdə 80 faiz göstərici deməkdir. Hər biri ilə qürur duyuruq. Qoy bu birincilərimiz də bizi gələcəkdə belə sevindirsinlər.
Sinifləri gəzdikcə uşaqların ilbəil dəyişdiyi açıq-aşkar görünürdü. Əvvəllər ilk dərs günü daha çox ağlayan şagirdə rast gəlmək mümkün idi. Valideynlərindən ayrıla bilməyən balacalar evə getmək üçün təkid edirdilər. Amma bu dəfə uşaqlarda həqiqi sevinc və maraq var idi. Valideynlər bildirdilər ki, məktəbəqədər hazırlıq qruplarının ən böyük üstünlüyü də elə budur. Övladı birinci sinfə qədəm qoyan valideyn Səbinə Şabanova dedi ki, artıq şagirdlər məktəbə daha həvəslə gəlirlər: "Uşaqlar 1-ci sinfə başlamadan öncə yazmağı, oxumağı öyrənirlər. Həm də bunu oyunlarla birgə etdikləri üçün məktəbə tez adaptasiya olurlar. Səhər oğlumu oyadanda çox həvəsli idi. Məktəbə getməyə çox maraqlıdır. Düşünürəm ki, məktəbi, müəllimi ilə əvvəlcədən tanış olmaq buna səbəb olub. Uşaqlar parta arxasında əyləşməyə də, bir-biriləri ilə yaxşı ünsiyyət qurmağa da öyrəşirlər. Əvvəlcədən məktəbə dair təcrübənin olması bu baxımdan çox vacibdir. Uşaqlara da uğur arzu edirəm. İnanıram ki, valideynlərinin ümidlərini doğruldacaqlar".
Həqiqətən də uşaqlar məktəbə bir çox şeyin fərqində olaraq başlayırlar. Bunu onlarla söhbət edərkən asanlıqla müəyyən etmək olar:
- Aysu, məktəbə gəlmək necə hissdir? Nə edəcəksən burada?
- Çox yaxşı hissdir. Burada çox şey öyrənəcəm, yazı yazacam, nağılları özüm oxuya biləcəm, dil öyrənəcəm. Yeni dostlarım olacaq.
- Nə olmaq istəyirsən böyüyəndə?
- Mən həkim olacam. İnsanları sağaldacam. Buna görə də çox yaxşı oxuyacam, anama-atama söz vermişəm. Ancaq yaxşı qiymətlər alacam. Müəllimimi də çox istəyirəm. Həmişə onu sevindirəcəm.
- Məktəbə gəlmək istəməyən, ya da səndən balaca olan uşaqlara nə demək istəyirsən?
- Biz burada şəkil də çəkirik, maraqlı heyvanlar da düzəldirik, rəngli kağızlarla nəsə düzəldirik. Yemək də yeyirik, başqa uşaqlarla oyun da oynayırıq. Məktəb çox maraqlıdır.
6 yaşlı Tunarı ən çox narahat edən məsələ isə səhər tez oyanmaqdır. Amma o, hesablamalar aparmağı, hekayələr oxumağı çox sevir. Ona görə də növbəti yay tətilinə qədər tez oyanmağa razıdır. Tunar polis olmaq istəyir. Özü də yaxşı polis. Amma bunun üçün əvvəlcə məktəbdə yaxşı oxumalı olduğunu bilir.
Maral da tez-tez oxuyub-yazmağa nə vaxt başlayacaqlarını soruşurdu. Böyüyəndə həkim olmaq istəyən balaca həmyaşıdlarına da dedi ki, məktəbə həvəslə gəlsinlər. Çünki burada öyrəndikləri onların "böyük" adam olmaqlarına kömək edəcək.
Birincilərin həyəcanları çox, gözləntiləri də yüksəkdir. Bir dəqiqə yerlərində sabit qalmayan bu şagirdlərin hədəflərinə çatmaqları üçün əsas yük isə müəllimlərin çiynindədir. Ömrümüz boyu müxtəlif yerlərdə müəllimlərimiz olur. Həm peşəsi müəllim olanlardan, həm də bizimlə təcrübəsini bölüşənlərdən çox şey öyrənirik. Amma bütün bu müəllimlərin içərisində ibtidai sinif müəllimləri xüsusi yer tutur. Çünki onlar həyatımız boyunca istifadə edəcəyimiz təməl bilgiləri bizə öyrədirlər. Müəllimlər də ağır məsuliyyətin fərqindədirlər və bununla qürur duyurlar. 1"A" sinifinin müəllimi Müşkünaz Novruza deyir ki, 12-dən çox sinfi təhsilin növbəti pilləsinə yola salıb: "Hər birinci sinifləri qəbul edəndə qürur hissi keçirirəm, sevinirəm. 40 ildən çoxdur ki, bu hiss dəyişmir. Mənim oxuyub-yazmağı öyrətdiyim şagirdlərim indi müxtəlif yerlərdə işləyir, dünyanın başqa-başqa yerlərində ali məktəblərdə təhsil alırlar. Sağ olsunlar, məni də unutmurlar. Hər dəfə onlarla qarşılaşanda necə fərəhlənirəm. Bu cəmiyyətə faydalı olduğumu hiss edirəm. Məni bundan daha çox nə xoşbəxt edə bilər ki? Mən deyərdim ki, ömrümü uzadan, məni yaşlanmağa qoymayan məhz elə şagirdlərimdir. Yay tətili gələndə elə istəyirəm ki, tez bitsin, gedim övladlarımla görüşüm. Bəli, mənim şagirdlərim mənim öz balalarımdır. Onlara hər şeyin ən gözəlini arzu edirəm. Vətənimizə layiq övlad olsunlar. Biz də baxaq, qürur duyaq".
Müəllim Şəbnəm Əliyeva isə uşaqların firavan gələcəyi üçün valideynlərin də təhsil prosesində aktiv iştirakının zəruriliyinə diqqət çəkdi: "Çox şadam ki, belə gözəl şagirdlərin müəllimiyəm. İnanıram ki, dörd il ərzində birlikdə çox böyük uğurlara imza atacağıq. Müəllimlər bunun üçün çox çalışır, əllərindən gələni edirlər ki, uşaqlar çox yaxşı təhsil alsınlar. Bəzi şagirdlər daha tez öyrənir, bəziləri isə bir qədər ləng. Bu, normaldır, çünki hər uşaq individualdır. Ona görə də hər bir uşağa fərdi yanaşırıq. Amma təbii ki, onların uğurlu olması təkcə biz müəllimlərdən asılı deyil. Valideynlər də diqqətli olmalıdırlar. Şagirdlərin dərsləri ilə maraqlanmalıdırlar. Həm evdə, həm də məktəbdə doğru istiqamətləndirilən uşağın uğurlarının qarşısında heç bir əngəl yoxdur".
Övladları yuxarı siniflərdə oxuyan valideyn Sevil Mirzəyeva da valideyn-məktəb bağının qırılmaz olduğuna diqqət çəkdi. Qeyd etdi ki, uşaqlar hər iki tərəfdən də doğru tərbiyə aldıqları müddətdə həyatları uğurlu olur. Amma iki tərəfdən birində hansısa sıxıntı olarsa, bu, şagirdin dərsə münasibətində də özünü göstərir.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ölkə üzrə birinci siniflərə 132 min 261 nəfər qəbul olub. Yeni tədris ilində həm şagirdlərə, həm müəllimlərə, həm də valideynlərə uğurlar arzulayırıq!
Jalə QASIMZADƏ,
"Respublika".