Bir daha
Siyasət

Bir daha "Nənə və baba" abidəsi haqqında

İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabr ayında Xankəndi və ətraf ərazilərdə aparılmış lokal xarakterli antiterror tədbirlərindən sonra vaxtilə Qarabağda məqsədli şəkildə məskunlaşdırılmış ermənilərin iki yüz illik xəyallarına, yuxularına, xislətinə, vərdişlərinə və "arzu"larına birdəfəlik son qoyuldu. Hiyləgərlik, Stalin rejiminin təkidi, digər havadarlarının köməyi və xəyanət hesabına torpaqlarımıza "əkilmiş" erməniliyin rişələnmiş kökləri quruduldu, hayların bütün xülyaları yerlə bir oldu. Həmin tarixi hadisədən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri aparılarkən inşaatçılar və memarlar torpaqlarımızda quraşdırılmış saxta erməni abidələrini aşkar etdilər. Onlardan ikisi haqqında söz açmaq istəyirik.

Ermənilər 1992-ci ilin fevral ayında Xocalıda dinc əhaliyə qarşı soyqırımından sonra ikinci bir cinayət törədiblər. Qədim Xocalı abidələrini məhv edən haylar buradakı hava limanının binasını restavrasiya edərək erməniləşdiriblər. Hava limanının binasını Ermənistanın gerbində əks olunmuş qartalın qanadlarına, qülləsini isə Xankəndi yaxınlığında 1967-ci ildə ucaldılmış "nənə və baba" heykəlinin simvoluna bənzədiblər. Qeyd edək ki, vaxtilə hər iki tikili Azərbaycanın büdcəsi hesabına inşa edilib. Xocalı hava limanı 1974-cü ildə istifadəyə verilib. Məqsəd keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin İrəvana rahat gedib-gəlmələri üçün Xankəndi-İrəvan aviareysini açmaq olub. Ermənilər 1991-ci ilin axırlarına kimi bu hava limanından istifadə edərək Qarabağa silah-sursat daşıyıblar. İşğal illərində isə hava limanının binasından hərbi məqsədlər üçün istifadə olunub. Saxtakarlıq, qondarma tarix yaratmaq, qədim tikililəri erməniləşdirmək hayların xəbisliyindən xəbər verir.

Əllərinə keçən ilk fürsətdə tarixi saxtalaşdırmağa cəhd edən hayların torpaqlarımızda törətdikləri xain əməllər heç vaxt unudulmamalıdır. Tarixi ərazilərimizi özlərinin dədə-baba torpaqları kimi qələmə vermək üçün onlarla qanunsuz "abidə" tikən ermənilərin müqəddəsləşdirdikləri "Nənə və baba" da bu qəbildəndir. Xankəndi şəhərinin girişində qoyulan bu tikilini ermənilər "Biz və bizim dağlar" adlandırıblar. Azərbaycanın büdcəsi hesabına 1967-ci ildə tikilən bu abidənin ilk adı isə "Nənə və baba" olub. Məqsəd isə guya hayların bu torpaqların ilk sahibi kimi təqdim edilməsidir. O dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan ulu öndər Heydər Əliyev bu xain məqsədə qarşı çıxmağa çalışıb. Belə ki, o, təkidlə abidənin tikintisində bünövrənin betondan qoyulmasını tələb edib. Xəbis niyyətli düşmənlər keçmiş SSRİ hökumətini müxtəlif yollarla aldadaraq planlarını həyata keçirə biliblər. Həmin abidəni birbaşa bünövrə qoymadan dikəltməklə təsəlli tapıblar. Bununla tarixi olmayan haylar özlərinə "yoxdan var" düzəltməyə çalışıblar.

Qeyd edək ki, sözügedən "abidə"nin tikilməsinə zəmin 1965-ci ildə yaranıb. Belə ki, həmin il ermənilər İrəvanda uydurma soyqırımının 50 illiyi ilə bağlı aksiyalar keçiriblər. Həmin aksiyada iki azərbaycanlı qətlə yetirilib. Sovet hökuməti həmin aksiyaların qarşısını müəyyən qədər almağa nail olsa da ermənilərin kütləvi təqiblərinə məruz qalan azərbaycanlıların bəziləri Xankəndidən köçməyə məcbur olublar. Lakin həmin dövrdə baş verən hadisələr keçmiş SSRİ rəhbərliyinə yanlış formada ötürülüb. Ermənilər bu dəfə də ali hökumətin gözündə məzlum libası geyiniblər. Xankəndidə artan gərginliyi sovuşdurmaq üçün sovet hökuməti ermənilərə qarşı bəzi güzəştlər edib. Elə hiyləgər hayların da əsl istəyi bu idi. Özlərinə saxta tarix yaratmaq istəyən ermənilər Xankəndidə "tarixi əhəmiyyətli bir abidə" tikməyi qərara alıblar. Memarı Sarkis Baqdasaryanın olduğu "Nənə və baba" abidəsinin adı azərbaycanlı ziyalıların təkidi ilə dəyişdirilərək "Biz və bizim dağlar" adlandırılıb və bütün etirazlara baxmayaraq, tikilib. İlk dövrlərdə Əsgəran tərəfə baxan abidənin üzü işğaldan sonra Ermənistana doğru çevrilib (bu haqda qəzetimizin 26 oktyabr 2023-cü il tarixli sayında "Biz və bizim dağlar" əzəmətli Azərbaycana baxacaq" adlı məqalədə ətraflı bəhs etmişik). Bu da özlüyündə tikilinin Ermənistanın "mühafizəçi"si mənasını daşıdığını göstərmək üçün atılan addım idi. Mənasının nə olduğu və tikilidə kimlərin təsvir edildiyi tam olaraq aydın olmasa da onun tarixi saxtakarlığın daha bir nümunəsi olduğu aydındır. Bəziləri tikilinin ermənilərin "ulu baba"sı olduğu bildirilən Tiqran və onun həyat yoldaşının xatirəsinə ucaldıldığını, bəziləri isə Stepan Şaumyana işarə etdiyini bildirirlər. Hər halda abidədə heç bir Azərbaycan izinin olmadığını demək mümkündür. "Nənə və baba"dakı nənənin formasına nəzər saldıqda onun baş örtüyünün bu gün Ermənistanda qadınlar tərəfindən istifadə olunan baş örtüyünə oxşadığını görmək olar. Cürbəcür saxtalıqlara əl atan ermənilər "Nənə və baba"nı tuf daşdan tikərək buraya öz saxta izlərini həkk etməyə çalışıblar. Ermənilərin öz dillərində "tatik-babik" adlandırdıqları tikilinin ideya müəlliflərinin Zori Balayan və Barqat Ulubabyan olduğu iddia edilir. Qeyd edək ki, Barqat Ulubabyan Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Zori Balayan isə hamımıza məlum olduğu kimi, ermənilərin Qarabağda günahsız insanlara qarşı törətdikləri amansız cinayətləri böyük fəxrlə qələmə alıb.

"Abidə"yə qoyulan xaç isə daha bir məkrli planın təzahürüdür. Ermənilər əzəli torpaqlarımızda bütün tarixi əhəmiyyətli tikililərimizə xaç yerləşdirərək və ya müasir erməni dilində sözlər yazaraq öz abidələri kimi qələmə verməyə çalışıblar. Şahbulaq qalası, Pənahəli xanın tikdirdiyi qala və Laçında Ağoğlan kilsəsi bu tip vandallığa məruz qalıb. Xəyanətkar ermənilər Azərbaycanın əzəli və əbədi torpaqlarında məskunlaşdıqdan sonra burada yaşadıqları dövrdə çirkin əməllərini həyata keçirmək üçün fürsət güdüblər və elə ilk fürsətdə də tarixi saxtalaşdırıblar. Yuxarıda qeyd etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda saxta erməni izlərinə çox rast gəlinir.

Azərbaycan cəmiyyətində isə bu mövzu ətrafında fikirlər fərqlidir. Bəziləri bu "abidə"nin saxlanılması fikrini dəstəkləyirlər. Əksəriyyət isə onun tamamilə yer üzündən silinməsinin tərəfdarıdır. Çünki sözügedən "abidə" özlüyündə ermənilərin olmayan tarixini təbliğ edir. Bir qisim şəxs ümumiyyətlə, heç bir abidəyə toxunmağın düzgün olmadığını, xaçların çıxarılmasının kifayət etdiyini bildirir. Tikilinin sökülməsini istəyənlərin fikrincə, sözügedən "abidə" gələcəkdə ölkəmiz üçün problem yarada bilər. Çünki haylar heç vaxt öz xəbis əməllərindən əl çəkmək niyyətində deyillər. Bu gün Ermənistanda baş verən aksiyalarda keçmiş separatçı rejimlə bağlı səsləndirilən şüarlar da bunu deməyə əsas verir. Məhz gələcəkdə də haylar xam xəyallara qapıla, "abidə"ni əsas götürərək "sarsaq" iddiaları irəli sürə bilərlər. Bu baxımdan, tikilinin taleyi haqqında müzakirələr zamanı fikirlər iki əks istiqamətdə formalaşıb.

"Nənə və baba" "abidə"si ilə bağlı yekun fikri oxucularımızın ixtiyarına buraxır, onları müzakirəyə dəvət edirik.

Salman ALIOĞLU,

Tacir SADIQOV,

"Respublika".