Diaspor

"Bir əsrin dastanı"

İstanbulda "SOCAR Türkiyə"nin təşkilatçılığı ilə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi, Türkiyə Cümhuriyyətinin bir əsrinin tamam olması və ''SOCAR''ın Türkiyədə fəaliyyətinin 15-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Bir əsrin dastanı" mövzusunda keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, eləcə də Türkiyə Cümhuriyyətinin keçdiyi bir əsrlik yolu özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbirdə "SOCAR Türkiyə" şirkətinin baş direktoru Elçin İbadov bildirib ki,  2008-ci ildən  Türkiyədə fəaliyyətə başlayan "SOCAR Türkiyə", ötən 15 ildə qardaş ölkənin ən böyük sərmayədarı olub və 18 milyard ABŞ dollarından artıq sərmayə ilə Türkiyənin  sənaye Holdinqinə çevrilib. O, həmçinin "SOCAR Türkiyə" olaraq tədbirə evsahibliyi etməkdən qürur və sevinc hissi keçirdiklərini ifadə edib.

Baş direktor vurğulayıb ki, ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələrin müəllifidir. Prezident İlham Əliyevin "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik" mövqeyi qarşılıqlı əməkdaşlığımızın əsas prinsiplərindən biridir. E.İbadov çıxışını "Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir", - deyə sonlandırıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, bu ilin tarixilik baxımdan olduqca əhəmiyyətli hadisələrə şahidlik etdiyini bildirib. Baş konsul  qeyd edib ki, 2023-cü il, həmçinin qardaş Türkiyənin dövlətçilik tarixi üçün də əlamətdar ildir. 100 il əvvəl çox çətin şəraitdə tarixi zəfər çalaraq, istiqlaliyyətini elan edən Türkiyə, artıq müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlətdir. Milli Liderlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün dövlətlərimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr strateji xarakter daşıyır, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

N.Mustafayeva  əlavə edib ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizə  nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Mustafa Kamal Atatürkün Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir və Heydər Əliyevin "Biz bir millət, iki dövlət" fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.

Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin nəticəsidir.

Tədbirin bədii hissəsində Türk xalqlarına məxsus rəqslər nümayiş etdirilib. Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan rəqs şousu Azərbaycan və Türkiyə xalqlarının keçdiyi zəngin tarixi və mədəni yolu tərənnüm edib.

Konsert boyunca Azərbaycan və Türkiyənin keçdiyi bir əsrlik yolu əks etdirən fotoşəkillərdən ibarət videoçarxlar nümayiş olunub.

Esmira Yazkan ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.